Azərbaycanda dəfn olunan islahatlar

Ölkədə bir nəfərin acından ölməməsi üçün ehtiyac zənbili 515 manatdır, ancaq...

...Nazirlər Kabinetimiz “dəfn bürosu”nu xatırladır. Biz onların üzünü ancaq dəfn mərasimlərində, özü də TV kanallarda görürük. Bir də ildə bir neçə dəfə prezidentin təşəbbüsü ilə keçirilən toplantılarda mürgülü simalarını seyr edirik...

Azərbaycanla bağlı beynəlxalq birliyin müxtəlif qınaqları son zamanlar gündəmin əsas mövzusuna çevrilib. İnsan haqlarının durumu, iqtisadi azadlıqların olmaması, sosial problemlərin dərinləşməsi, devalvasiyadan çıxış nöqtəsi üçün hakimiyyətin tam susqunluğu və başqa problemlər daha açıq və çılpaq şəkildə sərgilənməkdədir. 23 ildir hakimiyyəti qəsb etmiş yapokratiya rejimi sanki məmləkətdə böhranın olduğundan xəbərsizdir.
Bəllidir ki, Azərbaycan cəmiyyəti indiyə kimi dövlətin idarə edilməsi məqsədilə hakimiyyətin dinamik şəkildə irəli sürdüyü hansısa konsepsiyanın şahidi olmamışdır. Durumun belə davam etməsi isə təsdiq edir ki, rejim bundan sonra da demokratik təsisatlara qarşıdır, sosial-iqtisadi sahədə islahatlara getməyəcəkdir.

Reformlar təhsildən və mədəniyyətdən başlamalıdır

Azərbaycanda orta məktəblərdə və universitetlərdə bu günə kimi hansısa reformların həyata keçirilməsinin kimsə şahidi olmayıb. Bu yöndə ilk addım olaraq islahatlar müəllimlərin və alimlərin günün standartlarına uyğun şəkildə maaş ala bilməsi ilə başlamalıdır. Keçmiş təhsil naziri Misir Mərdanovun dönəmində ölkədə peşə və digər texniki təhsil müəssisələri tamamilə darmadağın edildi. İndiki təhsil nazirinin isə ümumiyyətlə bu sektora heç bir aidiyyatı yoxdur. Mikayıl Cabbarov hərdənbir nazir kimi mövcudluğunu göstərmək üçün mətbuata çıxsa da, əslində reformların həyata keçirilməsinin qarşısını alırmış kimi davranış nümayiş etdirir. Uşaq baxçasından, orta məktəblərdən tutmuş, ta universitetlərə qədər müəllim və professor heyətinin bir dəfə də olsun sosial problemlərinin həllində, maaşlarının bazar qiymətlərinə uyğun şəkildə düzənlənməsinə görə hansısa cəhdlərdə bulunmamışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ümumiyyətlə mədəniyyətin konseptual deyil, adi normalarından belə xəbəri yoxdur. Onun müavini Ədalət Vəliyev isə uzun illər teatrlarda administrator işlədiyi üçün bu gün mədəniyyətə də administrativ təfəkkürlə yanaşır. Çünki gerçək yaradıcı mühit və onun sosial-iqtisadi konsepsiyalarının həll edilməsində nazirliyin rəhbər şəxslərinin savadı çatmır. Fikrimizcə, bu iki nazirlikdə köklü kadr islahatlarına başlanılmalıdır ki, bunun ardınca reformlara da üz tutula bilinsin. Mədəniyyət və turizm nazirliyini keçmiş komsomol və administrator düşüncə tərzi ilə idarəetmənin acı nəticəsini isə dövlət və millətin özü çəkir.
İllərlə təhsil və mədəniyyət sahələrinin islahatlar apara biləcək kadrlardan uzaq saxlanılmasının sirri də bundadır. Bu il təhsil sahəsinə büdcədən 443 milyon 900 min, mədəniyyət və turizmə isə 140 milyon 900 min manat ayrılmışdır. Dünyanın heç bir mədəni ölkəsində təhsil və mədəniyyət sektoru bunca aşağılanmır. Ona görə də bölgə teatrlarının baş rəssamları və aktyorlarının aylıq maaşı 110 manatdır. Hansı ki, bu məvaciblə ancaq gündə bir ədəd çörək almaq mümkündür. Mədəniyyət evləri, klublar, kitabxanalar və digər mədəniyyət ocaqlarında çalışanların maaşları isə bundan da betərdir. Halbuki, indiki iqtisadi və sosial böhran şəraitində Azərbaycanda bir nəfərin acından ölməməsi üçün ehtiyac zənbilinin dəyəri 515 manatdır. Deməli, bu dövlətin təhsil və mədəniyyət sektorunda illər boyu çalışan mütəxəssislərə tələb olunduğundan dörd dəfə az maaş verilir. Təhsil və mədəniyyət və turizm naziri kürsülərini məngirləmiş Mikayıl Cabbarov və Əbülfəs Qarayev isə heç nə olmamış kimi susurlar. Hətta etirazını bildirənləri dərhal işdən azad etməkdən, onlara qarşı əlaltılarının vasitəsilə təhdid çamurunu sərgiləməkdən belə çəkinmirlər.

Orta çağın töycü siyasəti

Kimsəyə sirr deyil ki, Azərbaycanda vergi məcəlləsi heç bir zaman işləməyib. Ona görə ki, yapokratiyanın ortaçağ düşüncə tərzi ilə idarəetmə metodu daha çox töycü düzəni ilə müşahidə olunmuşdur. İşadamları bir yandan gəlir vergisi, o biri yandan düz 23 idarəyə qeyri-rəsmi töycü ödəmək zorunda qalıblar. Gömrük Komitəsi isə bu siysətin zirvəsində məskən salıb.
Son iki ildə Milli Məclisdə qəbul olunan sənədlərin əksəriyyəti cərimələr üzrə formalaşmışdır. Bununla da inzibati yolla guya qanun pozanların hər addımda cərimə olunması qaydalarını daha da sərtləşdirmək meylləri artmışdır. Məsələn, piyada qanunla yasaq olunmuş yolu səhvən və ya qəsdən keçib gedərsə, bu zaman 20 manat cərimə ödəməyə məcbur edilir. Qonşu Gürcüstanda bu rəqəm 7 manat civarındadır. Dünyanın başqa ölkələrində də cərimələnmələrin miqyası əhalinin sosial rifahı və gəlir imkanları ilə ölçülür. Azərbaycanda isə bütün bunlar tərsinədir. Guya bununla da ölkədə qayda-qanun yaradılır. Milləti çapıb talayanlara, dövlət büdcəsini dağıdanlara, işadamlarına olmazın zülmləri edənlərdən bir nəfər də olsun indiyə kimi cərimələynməyib. “Cərimə və qanunlar kasıb əhali üçündür”- düsturu rejimin anatomiyasının mahiyyətinə çevrilib.
Ölkədə indiyə kimi hansısa nazir və komitə sədri, hətta millət vəkili belə, cəmiyyətlə açıq dildə danışaraq islahatların necə aparılmasının polemikasını aparmayıb. Guya onlar hər kəsdən daha ağıllıdırlar. Töycülərin, yəni rüşvətin miqyası demək olar ki, ötən 23 ildə düz 278 dəfə artıb. Hər dəfə töycü-rüşvət siyasətinə uyğun ödəmələr artanda dərhal inflyasiya da başlayır.

Bəzən deyirlər ki, Azərbaycanda ən yüksək zirvə Quba rayonundakı Şahdağ dağıdır. Bu tamamilə yalandır. Əslində ən yüksək zirvə “korrupsiya və rüşvətxorluğun zirvəsi”dir. Onun başında oturanlar isə töycü-rüşvət siyasətini idarə edənlərdir.
Avropa ölkələrində təqaüd yaşına çatmış məmurların çoxu həyatlarını sonradan ya şəxsi evlərində, ya da qocalar evlərində keçirirlər. Analoqu olmayan inkişaf sürəti ilə irəli gedən Azərbaycanda isə qocalar evləri indiki icra hakimiyyətlərinin binasıdır, Milli Məclisdir, nazirlər və komitə sədrlərinin otaqlarıdır. Çünki, Məşədi İbad kimi “töycü- rüşvət adamı heç zaman qocalda bilməz” düsturu qoca məmurların, nazirlərin və komitə sədrlərinin pəstgahı deməkdir. 82 yaşlı baş nazirimiz Artur Rəsizadə bunun olimpində elə lövbər salıb ki, lap tank da gəlsə kimsə yerindən onu dəbərdə bilməz.
Kəndli baba həyətyanı sahəsinə arxla su çəkmək istəyir, dərhal töycü tələb olunur. Bu azmış kimi, evinin hasarını düzəlmək üçün meşədən çırpı gətirir, yenə də töycü tələb olunur. Öz halal zəhməti ilə yetişdirdiyi məhsulunu yeni feodallara, yəni rayonlarda dəbdə olan soyuducu kameralarına ən ucuz qiymətə satmağa nəinki məcbur edilir, hətta bunun üçün töycü ödəməli olduğunu da ona xatırladırlar. Öz həyətində övladına toy edir və ya mərasim keçirir, dərhal işıq idarəsinə əlavə töycü ödəməyə məcbur edilir. Bu günün Azərbaycan kəndlisinin aqibəti dundan ibarətdirsə, bir balaca bacarığı olanların görün başlarına nə kimi oyunlar açırlar. Bu barədə Azərbaycanın hüquq alimləri yeni şeylər icad ediblər: “Rüşvətxorluğun obyekti nədir?”, “Korrupsiya və onun rüşvətxorluqla mütənasibliyi”, “Korrupsiyanın səbəbləri və şərtləri”, “Korrupsiya ilə mübarizə tədbirləri”, “Korrupsiya sosial təzahürdür”, “Korrupsiyanın əsas mexanizmləri” və sair ibarələrlə guya bunun qarşısını hüquqi baxımdan inzibati cəzarlarla almaq istəyirlər.

Reformların harasındayıq

Son günlər TV kanallarda əhalini yağlı vədlərlə aldatmaq taktikası ilə hərəkət edən iqtidar hər hansı bir köklü dəyişikliklər etmək fikrində olmadığını bir daha sübut etdi. Qazaxıstanda da Azərbaycanda olduğu kimi devalivasiya baş verdi. Milli valyuta tenge dollara nisbətdə 70 faiz ucuzlaşdı. Yaranmış durumdan çıxış nöqtəsi kimi prezident Nursultan Nazarbayev və hökumət dərhal hərəkətə keçdilər. İlk addım kimi dollarla kredit götürənlərə bank sektorunun köhnə qaydada hesablaşması tapşırıldı. Bunun davamı kimi, dərhal maaşlar və təqüdlər düz 50 faiz həcmində artırıldı. İqtisadiyyatın tamamilə liberallaşdırılmasına start verildi. Əhaliyə dövlət tərəfindən gərəkən yardımlar tamamilə dayandırıldı. Bundan sonra əhali bacarığı sayəsində öz-özünü dolandıracaq. Hakimiyət beləliklə də insanların öz ehtiyaclarını ödməsi üçün bütün imkanları yaratmağa başlayıb. Əhali üçün uzunmüddətli ünvanlı kredit siyasətinin tənzimlənməsinə başlanılıb. Özəliklə aqrar sektora daha böyük üstünlüklər verilməsi prosesləri müşahidə olunur. Məktəblər və universitetlər, təhsilin digər sahələri, mədəniyyət sektoru ilə bağlı genişmiqyaslı reformlara start verilib. Bank sektoru regional xarakterli investisiya proseslərinə cəlb edilib...
Hökumət Azərbaycanda vizual aləmdə əhalini aldatmaqla, guya yaranmış böhrandan çıxmağa çalışır. Halbuki, virtual aləmə baxsalar görərlər ki, hamı gerçəkləri nəinki yazır, hətta yüzminlərlə insanlarla paylaşır da.
İnzibati amirlik, hərbə-zorba taktikası ilə hər hansı bir reformun aparılmasının mümkün olmadığının fərqində belə deyil hökumət. Bu gün kimlərisə işdən çıxartmaqla, bir sıra nazirlik və komitələri bir-birinə birləşdirməklə, müəyyən kadrların ixtisara salınması əslində islahat deyil. Bu gözə kül üfürmək qədər bəsit bir taktikadır.
Beynəlxalq təşkilatlar Azərbaycanı şəffaf olmayan ölkə kimi tanıdıqlarına görə, “Korrupsiya qavrama indeksi”, “Rüşvət verənlərin indeksi” və “Qlobal korrupsiya barometri” hesabatlarında durumun nə qədər kritik olduğunu isbatlamışlar. Bu gün iqtidar, baxın, görün nə ilə qürrələnir: “2014-cü ildən fərqli olaraq dünyada korrupsiyanın azalması üzrə 2015-ci ildə 7 dövlətdən irəli çıxıb”. Bunu cəmiyyətə sevinclə təqdim etməyin özü gülüncdür.
Fikrimizcə, ölkədə həyat tərzinin ötən illərdən fərqli olaraq bir neçə dəfə aşağı enməsi bu hakimiyyətin nə qədər səriştəsiz olduğunu isbatlayır. Korrupsiyanın yeni mexanizləri işə düşdükcə, onun texnologioyasının cildi dəyişildikcə hər hansı reformlar da gözlənilmir. Qırğızstanda olduğu kimi nazir və ya komitə sədri vəzifəsinə iddialı olan şəxslər ölkə parlamentində öz konsepsiyası ilə çıxış etməlidir. Aparacağı reformlarla ilgili olaraq irəli sürülən qaydalar üçün hətta onlara möhlət verilir. Reformların öhdəsindən gələ bilmədiyi təqdirdə dərhal istefaya gedirlər.
Azərbaycanda bunların heç birinə rast gəlinməz. Adi bələdiyyə seçkisi belə öncədən planlaşdırılır və kimlərin seçiləcəyi barəsində öncədən xüsusi siyahılar hazırlanır. Buna görə də ölkəmizdə ötən yüzilin 70-ci illərində mövcud olan durğunluq siyasəti hökm sürür. Çünki, hakimiyyəti idarə edənlərin çoxu elə həmin “durğunluq məktəbi”nin müdavimləridirlər.
Gerçəkdən, Azərbaycanda islahatlar yoxdur. Hansısa qanunun qəbul edilməsi, sərəncamın imzalanması sırdan bir imitasiya deməkdir. Çünki, “dəfn bürosu”nu xatırladan nazirlər kabinetimiz var. Biz onların üzünü ancaq dəfn mərasimlərində, özü də TV kanallarda görürük. Bir də ildə bir neçə dəfə prezidentin təşəbbüsü ilə keçirilən toplantılarda mürgülü simalarını seyr edirik. Mürgülü qafa ilə, özlərinin də qeyd etdikləri kimi, reformların harasındayıq, bunu kimsə bilmir.

Ənvər BÖRÜSOY