“Azərbaycanda cərimə iqtisadiyyatı formalaşır “ - Azər Mehdiyev

Baxış sayı:
9955

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev Amerikanın Səsinə müsahibsəində 2018-ci ilin dövlət büdcəsindən danışıb.
 
Amerikanın Səsi: Hökumət 2018-ci ilin dövlət büdcəsini “sosial yönümlü büdcə” kimi qiymətləndirir. Siz necə düşünürsünüz?
Gələn ilin büdcəsində daha çox artan xərclər - investisiya, mənzil-kommunal, kənd təsərrüfatı və rabitə-nəqliyyat xərcləridir.
Azər Mehdiyev: Əvvəla büdcənin sosial və ya investisiya yönümlü olması çox şərti bir elemenrtdir. Bununla demək istəyirlərsə büdcənin əsas gəlirləri sosial xərclərə yönəldilib, bu da bir qədər nisbi xarakter daşıyır. Ona görə ki, ən azı əvvəlki il ilə müqayisədə sosial xərclərdə ciddi artım müşahidə etmirik. Artımın əsas hissəsi daha çox investisiya xərclərinə gedib. Xüsusilə gələn ilin büdcəsində daha çox artan xərclər investisiya, mənzil-kommunal, kənd təsərrüfatı və rabitə-nəqliyyat xərcləridir. Ancaq bunun müqabilində biz təhsil xərclərində ciddi artım görmürük, ötən ilki səviyyədə qalır. Səhiyyə xərclərində kiçik bir azalma var. Sosial müdafiə, sosial təminat xərçlərində də azalma müşahidə olunur. Doğrudur bunlar ciddi azalmalar deyil, ancaq, hər halda artımlar yoxdur. Yəni, bu baxımdan hər bir növbəti ildə sosial istiqamətə ayrılan xərclərin çoxalmasını görə bilmirik. Bu baxımdan büdcənin sosial yönümlü adlandırılması reallığı o qədər də əks etdirmir.
Amerikanın Səsi: Büdcə vəsaitlərinin sahələr üzrə bölgüsü necədir? 2018-ci ildə pensiya, sosial müavinətlər və əmək haqlarının artımını gözləmək olarmı?
Biz pensiyaların, əmək haqlarının artımını gözləməli deyilik.
Azər Mehdiyev: Əvvəlki sualla daha çox bağlı olduğunu düşünərək deyə bilərik ki, büdcə artımı daha çox qeyri-sosial sahələrdə baş verəcək. Məsələn, biz hər hansı sahənin subsidiyalaşmasının (dövlət müəssisələrinə ayrılan subsidiyaların) artmasını görəcəyik. İnvestisiya sahəsində əlavə vəsaitin ayrılmasını görəcəyik. Ancaq, əmək haqlarının artması baş verməyəcək. Yəni, bu baxımdan deyə bilərik ki, gələn ilin büdcəsi daha çox investisiya yönümlüdür, daha çox investisiyaların artırılmasına yönəlib. Təbii, məsələn iqtisadçılar deyir ki, investisiyaya yönəldilən büdcə yaxşıdır, çünki gələcək üçün davamlı inkişafın əsası qoyulur. Ancaq, təcrübə göstərir ki, Azərbaycanda son illər bu cür vəsaitlər bir qədər şişirdilmiş layihələrə yönəldilir. Büdcədən eyni işlərin, məsələn yolların çəkilməsinə, tikilmiş binaların üzünün örtülməsinə və sair kimi işlərə vəsait ayrılır. Bunlarda biz o qədər də dayanıqlı effekt görmürük. Gələn ilin büdcəsində sosial mənzil tikintisinə vəsait ayrılır. Ola bilsin ki, bunu da sosial yönümlü hesab edirlər. Bu baxımdan biz pensiyaların, əmək haqlarının artımını gözləməli deyilik. Bunlarda artım ümumiyyətlə gözlənilmir. Hətta, bu sektorlarda artımların gələn ilin infilyasiya səviyyəsinə nə dərəcədə uyğunlaşdırılmasının özü sual doğurur.
Amerikanın Səsi: Büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektoru nə qədər mühüm rol oynayır? Büdcənin formalaşmasında cərimələrin, vergi və gömrük tariflərinin artırılmasının real iqtisadi artımla müqayisədə rolunu necə qiymətləndirərdiniz?
Gələn il seçki ilidir və Azərbaycanda həm 2008-ci il, həm 2013-cü il, həm də 2018-ci ildə, yəni bütün prezident seçkiləri illərində neft fondundan transfertlərin məbləği xüsusilə artırılmış olur.
Azər Mehdiyev: Gələn ilin büdcəsinin gəlirləri 2017-ci ilin büdcəsi ilə müqayisədə 20 faiz artacaq. Ancaq bu artımın 93 faizi neft fondundan transfert hesabınadır. Nəzərə alsaq ki, 2016-cı ildə büdcəyə neft fondundan 6,1 milyard manat transfert nəzərdə tutulmuşdu, gələn il üçün bu artıq 9,2 milyarda çatdırılıb. Yəni haradasa 51 faiz artırırlar. Eyni zamadna bunu da demək lazımdır ki, 2017-ci il üçün büdcə müzakirələri zamanı ümumiyyətlə siyasət belə götürülmüşdü ki, neft fondundan transfertlər ildən-ilə azalacaq , getdikcə fiskal qaydalar təyin olunacaq. Hətta 2017-ci il üçün büdcə qanununun təsdiqi ilə bağlı prezidentin sərəncamında da buna uyğun göstərişlər verilmişdi ki, fiskal qaydalar işlənsin. Tədricən neft fondundan köçürmələr azaldılsın. Ancaq biz yenə görürük ki, 2018-ci ildə neft fondundan transfertlər artırılır və neft fondundan transfertlərin dövlət büdcəsinin gəlirlərində payı 48 faiz səviyyəsinə qaldırılır. Yenidən və ümumilikdə büdcə gəlirlərinin 55 faizi neft sektoru hesabına, 45 faiz isə qeyri-neft sektoru hesabına formalaşır. Yəni, bu rəsmi məlumatlardır. Ancaq, biz nəzərə almalıyıq ki, həmin 45 faizin içində yenə neft sektoruna xidmətlə bağlı, bu sektorda çalışan firmalardan ödənilən vergilər də mövcuddur. Bu baxımdan gələn ilin büdcəsi əsasən neft gəlirləri hesabına formalaşacaq və burada da transfertlər önəmli rol oynayır. Burada yəqin ki, eyni zamanda gələn ilin seçki ili olması mühüm rol oynayır. Gələn il seçki ilidir və Azərbaycanda həm 2008-ci il, həm 2013-cü il, həm də 2018-ci ildə, yəni bütün prezident seçkiləri illərində neft fondundan transfertlərin məbləği xüsusilə artırılmış olur. Ancaq bunun müqabilində qeyri-neft sektorunun gəlirlərində ciddi artımlar gözləmirik.Yəni, daha doğrusu hökumət bunu gözləmir. Bu sahədə nisbətən artımlar varsa, bu da idxal rüsumlarının artırılması hesabınadır. Hansısa formada bu diqqət çəkir. Bu rüsumların artırılması formasında özünü göstərəcək. Bir də cərimələrin artırılması formasında özünü göstərəcək. Artıq sanki bizdə cərimə iqtisadiyyatı formalaşır və ona görə ki, mən başqa ölkələrin büdcə proqnozlarında cərimələrdən gəlirlərin proqnozlaşdırılmasının şahidi olmuruq. Bu yalnız bizdədi və əvvəldən praqnozlaşdırılır ki, həqiqətən bu qədər qanun pozuntuları olacaq və biz bu qədər cərimə yığacayıq. Bu bir qədər absurd görünür.
Amerikanın Səsi: 2018-ci il dövlət büdcəsini şəffaf büdcə adlandırmaq olarmı?
Xərclərin böyük hissəsi, təqribən 30 faizə qədəri ümumiyyətlə açıqlanmır.
Azər Mehdiyev: Büdcənin şəffaflığı bir çox elementlərdən asılıdır. Birincisi, təqdim olunan büdcə paketinin özünün tərkibi baxımından. Təbii ki, bizim Milli Məclisə təqdim olunan büdcə paketi çox böyükdür. Çoxlu rəqəmlər var və bunu şəffaflıq elementi adlandırmaq olmaz. Ancaq o paket deputatlara verilir , ictimaiyyətə açıqlanmır. Hətta açıqlansa belə, o rəqəmləri oxumaq hər kəsin işi deyil. Bunun üçün çox ciddi ekspertlərin olması lazımdır. İkincisi, vətəndaş cəmiyyəti büdcə müzakirələrində nə büdcənin hazırlanması mərhələsində, nə ehtiyacların qiymətləndirilməsi mərhələsində, nə də sonrakı mərhələlərdə cəlb olunmur. Üçüncüsü, büdcənin özünün hətta Milli Məclisə təqdim olunan rəqəmlərində (invistisiya xərclərini qoyuram bir tərəfə) bu açıqlanmır. Hətta, cari əməliyyat xərclərin özündə belə xərclərin böyük hissəsi, təqribən 30 faizə qədəri ümumiyyətlə açıqlanmır. Bu baxımdan bizim büdcəni şəffaf büdcə hesab etmək mümkün deyil. Şəffaf büdcənin ən vacib şərti müasir dünyanın ən mühüm elementi olan orta müddətli xərclər çərçivəsinə keçməkdir. Yəni burada nəticəyə hesablanmış büdcə önəmli rol oynayır. Büdcə sadəcə olaraq bizdəki ənənəvi formada, - vəsaitlərin ayrılması məbləğində hesablanır. Büdcə vəsaitin sərf olunması müqabilində filan nazirlok nə əldə edəcək, - bunun üzərində qurulmur. Nə qədər ki, orta müddətli xərclər çərçivəsi yoxdur, nə qədər ki, nəticəyə hesablanmış büdcə yoxdur, biz büdcə prosesinin şəffaf olduğunu iddia edə bilmərik və 2018-ci ilin büdcəsi şəffaflıqdan çox uzaqdır.