“Azərbaycanda çox böyük sosial gərginlik yarana bilər” - NATİQ CƏFƏRLİ

Baxış sayı:
2623

“Ünvanlı yardımların olması daha böyük önəm kəsb edə bilər".
Muxalifet.az
xəbər verir ki, bu sözləri hurriyyet.org-a prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı sərəncamına münasibət bildirərkən REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.
 
“Hələ də gec deyil”

 
Cəfərli diqqətə çatdırdı ki, müxtəlif nazirliklərin tərkibində 4 işçi qrup yaradılıb: “Onlar bu ayın sonuna qədər təkliflərini işləyib, prezidentə təhvil verməlidirlər, göstərməlidirlər və bundan sonra, yekun qərar qəbul olunmalıdır. Ancaq fərmanın özündə mexanizmlərlə bağlı heç bir məlumat yoxdur. Sadəcə, işçi qruplarının yaradılması və bu işçi qrupların kiçik və orta sahibkarlarla bağlı hansısa bir addım atması ilə bağlı göstəriş var. İndi bu hansı formada həyata keçiriləcək, bunu demək çətindir. Çünki işçi qrupunun fəaliyyəti ilə bağlı hələ bu 3 gündə heç məlumat yoxdur ki, hansı məsələlərin  müzakirəsi önə çıxacaq. Amma biz bir neçə həftə bundan öncə, təkliflər planı hazırlayıb, rəsmi şəkildə məktub göndərmişdik. Burada ünvanlı yardımların olması daha böyük önəm kəsb edə bilərdi. Yəni kiçik və orta sahibkarlar üçün ən azından 3 aylıq vergi güzəştlərinin olması, onların ödədiyi kreditlərin faizlərinin dondurulması, əhali üçün kommunal xidmətlərin limitlərinin ləğv edilməsi, yəni bu tpli birabaşa nöqtə təsiri olan addımların olması daha vacib olardı. Məsələn, icarədarlarla bağlı yeni qaydaların tətbiq olunmasına da ehtiyac var. Çünki obyektlərin bir çoxu icarədədir və indi də dövriyyə, heç bir alış-verişləri yoxdur. Qeyri-ərzaq və ictimai iaşə obyektlərindən söhbət gedir və onların icarədarları ilə münasibətlərini tənzimləməsində  dövlət təkliflərlə çıxış edə, icarə müddətində nəzərdə tutulmuş məbləğin 3 ay müddətində ya dondurulmasına, ya da dövlət tərəfindən ödənilməsinə qərar verilə bilərdi. Yəni nöqtə açışları olsaydı, daha yaxşı olardı. Amma hələ də gec deyil. Biz bilmirik ki, ayın sonunda hansı təkliflər qəbul olunacaq. Amma hər halda, bu istiqamətlər üzrə təkliflərin qəbul olunması, kiçik və orta sahibkarlara dəstəyin göstərilməsi çox vacibdir. Çünki bu sahədə on minlərlə insan çalışır. Bir çoxları günəmuzd çalışır və bu problemlərin həll olunmaması, uzadılmasına görə, bir neçə həftədən sonra boyük işsizlər ordusunun yaranması ehtimalı var. Bu da çox böyük sosial gərginlik yarada bilər”.
 
“Azərbaycanın çox pis “ənənələri”  var”
 
“Sosial şəbəkələrdə insanlar ayrılan 1 milyard manatın xalqa çatacağına inanmırlar, məmurların “yemi” olacağını qeyd edirlər. Bu vəsaitə nəzarət necə həyata keçirilməlidir” sualını cavablandıran Cəfərli qeyd etdi ki, insanları qınamalı deyil: “Çünki Azərbaycanın çox pis “ənənələri”  var və bir çox  hallarda büdcədən ayrılan vəsaitin ünvanına çatmadığını görürük. Belə bir ehtimal kifayət qədər yüksəkdir. Bu 4 işçi qrupunun işinə nəzarət və onların kordinasiyası ilə bağlı hələ bir aydınlıq gətirilməyib ki, onlar necə kordinasiya olunacaq, hansı qurum daha öndə olacaq? Mənə elə gəlir ki, sonda kordinasiya və maliyyə resursalarının ayrılması İqtisadiyyat Nazirliyinə veriləcək. Buna nəzarət ümumi olmalıdır. Yəni söhbət tək dövlət nəzarətindən getmir, ictimai nəzarət də olmalıdır. Vətəndaşlar üçün qaynar xətt yaradılmalıdır ki, onlar onlayn qaydada və yaxud telefon vasitəsilə öz problemlərini həm bəyan edə bilsinlər, həm də fərmandan irəli gələn onlara düşən haqları, maliyyə resurslarını əldə edə bilsinlər. Yəni bu vəsaitə nəzarətdə həm media, həm  də ictimaiyyət, hətta sosial şəbəkələr belə, mühüm rol oynaya bilər. Məsələn, sosial şəbəkələr son seçkilərdə nəzarət mexanizmini həyata keçirən ən vacib bir insituta çevrildi. Hətta Mərkəzi Seçki Komissiyası da sosial şəbəkələrə istinad edərək bəzi məntəqələri ləğv etdi. Ona görə, belə bir mexanizmin dövlət tərəfindən, eyni zamanda ictimai nəzarət formasında yaradılması vacibdir ki, həm vətəndaş öz iştirakçılığını hiss etsin, həm də nəzarətin ictimai olması atılacaq addımların effektivliyini yüksəldə bilər. Yəni bununla bağlı ümumi bir konsepsiya qəbul olunmalıdır”.
 
“Qeyri-rəsmi çalışanların axırı nə olacaq?”
 
Dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla, növbədənkənar məzuniyyətə göndərilməsi, ancaq  özəl sektorda çalışanların öz hesabına məzuniyyətə göndərilməsinə gəlincə, Cəfərli nəzərə çatdırdı ki, burada bir neçə institusional problem var: “Birincisi, özəl sektora heç kim deyə bilməz ki, cibindən maaşı ödə. Yəni bu, qazanmalıdır ki, maaşı ödəsin. İkincisi, bir çox hallarda əmək müqaviləsi olmadan çalışırlar. Ölkədə gizli iş yerlərinin sayı  yüz minlərlədir. Əmək müqaviləsi olanlar üçün isə iki yol var: ya onların aylıq maaşı ümumi sektor üzrə hesablanmalıdır və dövlət tərəfindən ödənilməsi öz üzərinə götürülməlidir. Bank kartlarının paylanılması vasitəsilə 3, 2, yaxud 1 aylıq, yəni bu karantin nə qədər davam edəcəksə, ödənişlərin birbaşa aparılması gündəmə gələ bilər, ya da şirkətlərə və fiziki şəxslərə pulların köçürülməsi ilə onlar öz işçiləri ilə əmək müqaviləsində nəzərdə tutduqları öhdəlikləri yerinə yetirə bilərlər. Belə bir sistem qurula bilər. Amma yenə təkrar edirəm, burada problem başqadır, özəl sektorda cəmi 700 min rəsmi çalışan var. Amma qeyri-rəsmi çalışanların sayı bundan iki dəfədən də çoxdur. Bu insanların axırı nə olacaq? Onların çoxu günəmuzd çalışır. Onların heç bir müqaviləsi yoxdur. o insanların vəziyyəti daha ağır olacaq və onların hansısa bir səviyyədə sosial problemlərinin həll olunması üçün yeni mexanizmlərin yaradılmasına ehtiyac var”./Hurriyyet.org