​Azərbaycanda bütün qəbirlər eyni formada olacaq — VİDEO

Yaxın günlərdə Azərbaycanda qəbirüstü abidələrin eyni formada olması ilə bağlı qərar və ya qanun qəbul ediləcək.
Muxalifet.az-ın məlumatına əsasən, bunu "XəzərXəbər”ə eksklüziv açıqlamasında Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. 
Onun sözlərinə görə, artıq bununla bağlı aidiyyəti qurumların rəyi alınaraq qanun layihəsi hazırlanıb.
Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin təsviri ilə bağlı məsələyə baxılaraq müvafiq qərar qəbul olunub. Bununla bağlı Muxtar Respublikanın Nazirlər Kabineti yeni qaydaları təsdiq edib və forma da müəyyənləşib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, eyni qaydada Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb, bütün aidiyyəti strukturlar rəylərini də veriblər.
Siyavuş Novruzov deyir ki, yeni qayda qəbul olunduqdan sonra, bütün qəbirlərin öz nömrəsi olacaq ki, yaxınları onu rahatlıqla tapa bilsinlər. Bununla yanaşı, qaydada qəbiristanlığa qulluq məsələsi də nəzərdə tutulub.
Komitə sədrinin sözlərinə görə, tətbiq edilməsi nəzərdə tutulan bu qaydanın qanun və ya yaxud da ki qərar şəkilində qəbul edilməsi məsələsinə yaxın günlərdə aydınlıq gələcək.