Azərbaycanda bu universitet tender başlayandan sonra yaranan şirkəti qalib elan etdi - FOTOFAKT

Baxış sayı:
2069

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 260 min 837 manat 27 qəpik olan və 5 fərqli adda keçirilən tender müsabiqələrinin qalibi  “Bazar Trade Rave” MMC və “Evole Commerse ES” MMC şirkətləri olub.
Gəncə Dövlət Universiteti “Bazar Trade Rave” MMC-yə “Yumşaq İnventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” üçün 195 min 798 manat ödəyəcək.
Bundan başqa Gəncə Dövlət Universiteti “Evole Commerse ES”  MMC-yə “Mətbəx ləvazimatların alınması” üçün 43 min 622 manat 6 qəpik, “Reaktivlərin alınması” üçün 4 min 876 manat 74 qəpik, “Musiqi alətlərin alınması” üçüm 9 min 609 manat 93 qəpik, “İdman ləvazimatların alınması” üçün isə 6 min 930 manat ödəyəcək.
Qeyd olunan tender müsabiqələrinin 5-i də eyni tarixlərdə 17.03.2020-ci il tarixində başlayıb.  
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkətlərdən biri - “Bazar Trade Rave” MMC tender müsabiqəsinin başlamasından təxminən bir ay sonra  - 14.04.2020-ci il dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsinin qalibi olan digər şirkət - “Evole Commerse ES”  MMC isə tender müsabiqəsinin başlamasından cəmi 12 gün əvvəl - 05.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Maraqlıdır ki, “Yumşaq inventar”, “Yataq ləvazimatları”, “Xüsusi geyimlər”, “Mətbəx ləvazimatları”, “Reaktivlər”,  “Musiqi alətləri” və “İdman ləvazimatları” kimi fərqli sahələrə aid olan bu məhsulları satın almaq üçün Gəncə Dövlət Universiteti tender müsabiqəsini 3 dəfə təxirə salıb və nəticədə tender müsabiqəsinin başlamasından cəmi bir ay sonra  yaranan şirkəti qalib elan edib.
Onu da bildirək ki, Gəncə Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi olan şirkətlərin hər ikisi Bakı şəhərində qeydiyyata alınıb.
“Evole Commerse ES”  MMC –nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Xutor sıraları, ev 3, “Bazar Trade Rave” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 131 göstərilib.
Hər iki MMC-nin nizamnamə kapitalı 10 matana bərəbardir. “Evole Commerse ES”  MMC-nin qanuni təmsilçisi Həsənov Elnur Nüslət oğlu, “Bazar Trade Rave” MMC-nin qanuni təmsilçisi isə Hacıyev Fərid Altay oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender müsabiqəsindən sonra yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Tenderin başlamasından sonra yaranan və heç bir təcrübəs olmayan şirkət necə qalib elan olunub? Bu suala Gəncə Dövlət Universitetindən münasibət öyrənməyə cəhd etsək də, bu cəhdimiz baş tutmadı. Tender elanında göstərilir ki, müsabiqə ilə bağlı (022) 266 01 80 nömrəsinə zəng edərək Universitetin prorektoru Fəxrəddin Həsənovla əlaqə saxlamaq olar. Qeyd olunan nömrəyə dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərinə cavab verən olmadı…

A. Cəfərov