Azərbaycanda bu qurumlar su pulundan azad edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Su Məcəlləsində edilmiş son dəyişiklikləri təsdiq edib. Məcəlləyə aşağıdakı dəyişikliklər edilib: 1. 18-ci maddə üzrə: 1.1. birinci hissənin onuncu abzasına "qaydalarını” sözündən sonra ", sudan istifadəyə görə güzəşt və azadolmaları” sözləri əlavə edilsin; 1.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: "Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.”. 2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından "sudan istifadəyə və” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;”. 3. 45-ci maddənin birinci hissəsinin doqquzuncu abzasına "sudan istifadə haqqını” sözlərindən əvvəl "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin. 4. 80-ci maddə üzrə: 4.1. birinci hissəyə "su obyektlərindən” sözlərindən sonra "tələb olunan həcmdə və ödənişsiz” sözləri əlavə edilsin; 4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: "Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.”. 5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına "sudan” sözündən, üçüncü abzasına "su obyektlərindən” sözlərindən əvvəl "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin. 6. 97-ci maddənin birinci hissəsində "Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri "Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilsin. 7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilsin.