​Azərbaycanda benzin istehsalı artıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 199,5 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,2% azalıb.
“Muxalifet.az”  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından ağ neftin istehsalı 7,9%, yanacaq mazutunun istehsalı 28,5%, dizel yanacağının istehsalı 17,5% azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.
Belə ki, neft məhsullarından sürtgü yağlarının istehsalı 75%, neft koksunun istehsalı 80,6%, avtomobil benzininin istehsalı 0,2% artıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 75,9 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar ayı ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 6,7% azalıb, rezin və plastik kütlə məmulatlarının istehsalında 2,4 dəfə, əczaçılıq məhsullarının istehsalında isə 11,7% artıb.
Əsas kimya məhsullarından azot istehsalı 1,6%, oksigen istehsalı 92,2%, izopropil spirti istehsalı 3% azalıb. Bununla yanaşı, propilen istehsalı 4,6%, lak-boya məmulatlarının istehsalı 84,6%, etilen istehsalı 13,8 % artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 2,9 dəfə, bərk polipropilen boruların istehsalı 30,9% , plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 6,4 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 3,3 dəfə artıb.