AZƏRBAYCANDA BAŞ NAZİR DƏYİŞİKLİYİNİN PƏRDƏARXASI – Novruz Məmmədovun vəzifədən getməsi Rusiyameylli qüvvələrə nə üçün lazım idi...

Baxış sayı:
1858

Artıq məlumunuzdur ki, Novruz Məmmədov oktyabrın 8-də baş nazir postundan istefa verib və elə həmin gün Milli Məclis dövlət başçısının təqdimatı əsasında prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovu baş nazir vəzifəsinə təsdiq edib. Qeyd edək ki, ötən ilin aprel ayının 21-də ölkənin baş naziri təyin edilən və daha çox Qərbmeyilli kadr kimi xarakterizə olunan Novruz Məmmədov indiyədək müxtəlif vəzifələrdə çalışıb. Belə ki, o, 1997-2017-ci illərdə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, 2012-2017-ci illərdə Administrasiyanın rəhbərinin müavini, 2017-2018-ci illərdə isə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi postlarında təmsil olunub.
Yeri gəlmişkən, istefaya göndərilməsi məsələsinə münasibət bildirən Novruz Məmmədov modern.az-a qısa açıqlamasında hazırda hər hansı mətbuat orqanına müsahibə vermək fikrində olmadığını vurğulayıb. Artıq hər şeyin deyildiyini qeyd edən sabiq baş nazirin sözlərinə görə, əlavə nəsə danışması doğru deyil: "Milli Məclisdə baş nazir məsələsi ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri  fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz".
 
İqtidarda təmsil olunan şəxslər arasında Rusiyanın orbitindən çıxaraq Qərbə inteqrasiya yolunu tutmağın təfərdarı olan çox az sayda kadrlardan biri də Novruz Məmmədov idi
 
Onu da vurğulamaq lazımdır ki, Novruz Məmmədovun sözügedən vəzifədə, yəni baş nazir postunda uzun müddət qalacağı bir o qədər də inandırıcı görünmürdü. Çünki bu adam Nazirlər Kabinetinə rəhbərlik etdiyi 1 il 6 aylıq müddət ərzində bir neçə dəfə verdiyi qərarlar ya özü, ya da prezident tərəfindən ləğv edilib. Bu isə Novruz Məmmədovun baş nazir kimi fəaliyyətinin həm iqtisadçı ekspertlər, həm siyasilər, həm də kütləvi informasiya vasitələri tərəfindən ciddi şəkildə tənqid olunmasına gətirib çıxarmaqla yanaşı, onun adıçəkilən posta layiq olmadığını deməyə əsas verirdi. Əslində, onun özü də hələ ötən ilin sentyabr ayında "Space" telekanalına yayımlanan "Sadə həqiqətlər" verilişində çıxışı zamanı Azərbaycanın baş naziri kimi mühüm bir vəzifəni icra edə bilməyəcəyini etiraf etmişdi. Belə ki, "Azərbaycanın baş naziri olmaq təklifi mənim üçün də gözlənilməz oldu" deyən Novruz Məmmədovun sözlərinə görə, son prezident seçkilərindən sonra ölkə başçısı onu çağırıb "sənin baş nazir olmağını təklif edirəm" dedikdə çox çətin, çıxılmaz vəziyyətdə qalıb: "Fikirləşdim, bu mümkün olan şey deyil! Cənab prezidentə dedim ki, baş nazir olmağı mən bacarmaram... Hə, bunu dedim cənab prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sənsən. Düzü bu söz mənə bir az rahat oldu ki, məndən başqa da namizədlər var. Ondan sonra bir dəfə də belə söhbətimiz oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş!? Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm? Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi, dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə... Daha heç bir şey fikirləşməyə qoymadı".
Novruz Məmmədovun məhz bu açıqlamasında da göründüyü kimi, o, baş nazir təyin olunarkən bu postdan irəli gələn məsuliyyətə, qarşıya qoyulmuş vəzifələrin icrasına hazır deyildi. Lakin buna rəğmən, o ölkənin 9-cu baş naziri adına layiq görüldü. Niyə? Çünki bu gün iqtidarda təmsil olunan şəxslər arasında Rusiyanın orbitindən çıxaraq Qərbə inteqrasiya yolunu tutmağın və bununla da Azərbaycanın Avropa, o cümlədən ABŞ-la daha sıx münasibət qurmasının təfərdarı olan çox az sayda kadr var ki, onlardan biri də məhz Novruz Məmmədov idi. Ancaq eyni fikirləri onun yerinə təyin olunan Əli Əsədov haqqında demək mümkün deyil. Ona görə ki, bu şəxs - Novruz Məmmədovun xələfi hələ də üzərindən "sovet şineli"ni atmayıb. Bundan başqa, həm politoloqlar, həm də partiya funksionerlərinin bir qismi yeni baş nazirin təyinatında bu və digər formada Kremlin təsirinin olduğunu iddia edirlər. Məhz elə bu səbəbdən də Əli Əsədovun təyinatının Rusiyameyilli qüvvələrin maraqlarına xidmət etdiyi düşünülür. Təbii ki, bunu qəti əminliklə demək bir qədər çətindir. Lakin zaman ərzində kimin kim olduğu və hansı qüvvələrin nəzarətində fəaliyyətini davam etdirdiyi məlum olacaq...
 
"Novruz Məmmədov siyasi baxımdan səbatsız idi və görünür, getdikcə şiddətənən hakimiyyətdaxili oyunların qurbanı oldu"
 
Bu arada, Əli Əsədovun təyinatı ilə bağlı mövqeyini bildirən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bu qənaətdədir ki, yeni baş naziri sələfindən fərqləndirən xüsusiyyətlərdən biri onun iqtisadçı diplomuna malik olmasıdır: "Əli Əsədovu Novruz Məmmədovdan fərqləndirən başqa cəhət də odur ki, o klana bağlıdır, biznes hakimiyyətinə və ailənin biznes idarəçiliyi təcrübəsinə malikdir. Bu baxımdan, yeni baş nazir təyinatı klan, regional maraqların balanslaşdırılmasına xidmət edir". Azərbaycan ictimaiyyətinin Əli Əsədovu Bayraq Meydanına və sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələrinə görə tanıdığını deyən ADR Hərəkatının sədri hesab edir ki, yeni baş nazir itaətedici əhval-ruhiyyə ilə gündəmə gəlib: "Artıq bayraq meydanında bayraq da yoxdur. Bu da onun gördüyü işin "göstərici"dir. Eldar Mahmudovla əlaqələrinə gəlincə, onlar tələbə yoldaşı və yaxın dost olublar.
Əli Əsədov islahatçı deyil, itaətedici əhval-ruhiyyə ilə gündəmə gəlib. Bu baxımdan, Əli Əsədov Novruz Məmmədovdan elə də fərqlənməyəcək, sələfi kimi sözəbaxan olacaq. Novruz Məmmədov siyasi baxımdan səbatsız idi və görünür, getdikcə şiddətənən hakimiyyətdaxili oyunların qurbanı oldu. Əli Əsədovun təyinatından sonra kabinetdə hər hansı struktur dəyişikliyi gözləmirəm, yenə də Nazirlər Kabineti nominal qurum olaraq fəaliyyət göstərəcək. Bu təyinat həm də Milli Məclisin mənasız qurum olduğunu, notarius kimi fəaliyyət göstərdiyini təsdiqlədi".
 
"Hakimiyyət daxilində bir tərəfdə yumşalma xəttini üstün götürənlər, digər tərəfdə isə əks mövqedə olanlar var, amma Əli Əsədovun hansı tərəfdə olduğunu demək çətindir"
 
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə meydan.tv-yə verdiyi açıqlamada qeyd edib ki, Əli Əsədovun baş nazir vəzifəsinə təyinatı ölkədə iqtisadi durumu canlandırmaq, inkişaf etdirmək və yaxşılaşdırmaq məqsədi daşıyır: "Əli Əsədov Nazirlər Kabinetinin işlək vəziyyətə gətirilməsi üçün baş nazir təyin edildi. Novruz Məmmədov iqtisadçı deyildi və onun o zaman təyinatı tamam başqa məqsəd daşıyırdı, təhlükəsizliklə bağlı idi". Bununla yanaşı, ciddi dəyişikliklərin baş verəcəyini gözləmədiyini bildirən Mehman Əliyev hesab edir ki, sistem korrupsioner, oliqarxik mahiyyətə malik olduğundan yeni baş nazirdən ciddi dəyişikliklər gözləmək düzgün deyil.
Azərbaycanda kadr dəyişikliklərində gözlənilməzliklərin olmadığını vurğulayan təhlükəsizlik məsələləri üzrə ekspert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl isə Novruz Məmmədovun yerinə Əli Əsədovun təyin olunmasını gözlənilməz hesab etmədiyini deyib: "Kadr dəyişikliklərində gözlənilməzlik olmur, hər şey hakimiyyətin mahiyyətinə uyğun formada davam edir. Novruz Məmmədovun baş nazir postunda bir il yarım qalması bəlkə də çox idi. İlham İsmayılın fikrincə, burada gözlənilməzlik başqa məsələdədir: "Xatırlayırsınızsa, Əli Əsədovun adı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yanaşı hallanırdı. Onun Əli Əsədovun məsləhəti ilə təyin olunduğunu güman edənlər də vardı. Bu məntiqlə Eldar Mahmudova da yollar açılacaq. Gözlənilməzlik o zaman olacaq". Əli Əsədovun baş nazir kimi Novruz Məmmədovdan uğurlu kadr olmadığını iddia edən təhlükəsizlik məsələləri üzrə ekspert bildirib ki, burada hansı parametrlərin əsas götürülməsi məlum deyil. Onun qənaətincə, Əli Əsədovun maliyyədə və idarəetmədə qabiliyyəti görünməyib. Baş nazirin dəyişdirilməsini iqtidar daxilində gərginliklə izah edən İlham İsmayılın sözlərinə görə, hakimiyyət daxilində bir tərəfdə yumşalma xəttini üstün götürənlər, digər tərəfdə isə əks mövqedə olanlar var: "Onların arasında kifayət qədər gərginlik var. Amma Əli Əsədovun hansı tərəfdə olduğunu demək çətindir".
 
"Hakimiyyətdə yeni komandanın formalaşması prosesi gedir və daha etibarlı, etimadlı baş nazir lazım olub"
 
Nəzərinizə çatdıraq ki, azadliq.org-un xəbərinə görə, deputat Siyavuş Novruzov isə yeni təyinatdan sonra Nazirlər Kabinetində kiyafət qədər islahaların olacağını bildirib: "Hazırkı sosial-iqtisadi islahatlar daha çevik siyasət tələb edir. Əli Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərində prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib. Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək".
1992-93-cü illərdə, yəni AXC hakimiyyəti dövründə baş nazir postunu tutan Pənah Hüseyn isə düşünür ki, hakimiyyətdə yeni komandanın formalaşması prosesi gedir. Onun fikrincə, hakimiyyətə daha etibarlı və etimadlı baş nazir lazım olub: "Söhbət prezident və birinci vitse-prezidentin etimadından gedir. Hakim komandada qeyri-müəyyənlik var. Hazırda yeni komandaların formalaşması gedir. Ola bilsin ki, Novzur Məmmədovun öz işinin öhdəsindən gəlib-gəlməməsindən daha çox etimad və etibar lazım olub. Mən düşünürəm ki, bu da hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin nəticəsidir". Keçmiş baş nazirin sözlərinə görə, Əli Əsədov ölkənin maliyyə, infrastruktur layihələrini idarə edirdi. O bu qənaətdədir ki, Azərbaycanda prezident idarəçilik üsulu varsa, baş nazir postuna ehtiyac yoxdur və bu post simvolikdir.
Pəhan Hüseyndən fərqli olaraq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Əli Əsədov heç bir siyasi qruplaşmaya aidiyyatı olmayan, prezidentə sadiq və bağlı şəxsdir. Onun fikrincə, Norvuz Məmmədov xarici siyasət üzrə güclü mütəxəssis olduğu kimi, Əli Əsədov da iqtisadiyyatda güclüdür. İndi isə Azərbaycanın qarşısında duran əsas məsələ iqtisadiyyatı dirçəltməkdir.
 
"İstənilən ölkədə baş nazir kimi vacib post tutan şəxs dəyişəndə mütləq qiymətli kağızlar bazarında dalğalanma olur, milli valyuta bu dəyişikliyə uyğun hərəkət edir"
 
"Dövlət bir orqanizmdir, iqtisadiyyat isə onun sinir sistemidir, toxumalarıdır" deyən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, istənilən ölkədə ciddi kadr dəyişikliyi olanda, hətta hakim partiya özü "kabinet dəyişikliyinə" gedəndə mütləq bu öncədən izah olunur: "Tibbdə sinir sistemini öyrənən xüsusi bölmələr var, insanın reaksiyasını yoxlamaq, əzələlərinin işləməsini test etmək üçün bəzən müəyyən ağrı yaradan prosedurlardan istifadə edirlər. Əgər bədənin toxumaları ölüdürsə, reaksiya olmursa, keyləşmə gedirsə, həyacan təbili çalınır, ölü toxumalar cərrahi müdaxilə ilə kəsilib atılır. Bununla da sağlam toxumalar qorunur, insan bədənini tam çürüməkdən xilas olunur. Dövlət də bir orqanizmdir, iqtisadiyyat isə onun sinir sistemidir, toxumalarıdır. İstənilən ölkədə ciddi kadr dəyişikliyi olanda, hətta hakim partiya özü "kabinet dəyişikliyinə" gedəndə mütləq bu öncədən izah olunur, işdən çıxarılma səbəbləri haqqında diskussiya yaranır, yeni gələn (ya gələnlər, təyin olunanlar) öz plan-proqramını açıqlayırlar". Natiq Cəfərli əlavə edib ki, istənilən ölkədə baş nazir kimi vacib post tutan şəxs dəyişəndə dövlətin "toxumaları", sinir sistemi buna reaksiya verir: "Mütləq qiymətli kağızlar bazarında dalğalanma olur, milli valyuta bu dəyişikliyə uyğun hərəkət edir, iqtisadi institutların təyinatla bağlı reaksiyaları aydın görünür. Bizdə elə bir anlaşılmaz, izah edilməz sistem formalaşıb ki, baş nazir və ya ciddi nüfuza, səlahiyyətlərə malik nazirlər dəyişdirilir, amma ölkənin sinir sistemində bir tık yox, rəsmi izah yox, diskussiya yox, yeni gələnin planı-proqramı yox, gedənin səhvlərinin analizi yox. Bir sözlə, ölkənin bütün sinir sistemi iflic vəziyyətdədir deyə reaksiya yoxdur. İnstitutlaşmamış ölkələrin ən zəif nöqtəsi də məhz orqanizmdə çürümənin getməsidir. Toxumalar çürüyüb, reaksiya kütləşib, amma "cərrahiyə əməliyyatı" yerinə "orqanizmə" ancaq "aspirin" verirlər. Belə ölkələr heç vaxt sabit ola bilməz. Çünki sabitlik sağlamlıq anlayışından doğur. Belə ölkələrdə isə "pasientin" vəziyyəti sabit-ağır olaraq qala bilər".
 
"Artıq iqtidarda müəyyən qrup öz gücünü toparlamaqla, növbəti parlament seçkilərində mövqeyini daha da gücləndirməyi planlayır"
 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Novruz Məmmədovun istefaya göndərilməsi və yerinə Əli Əsədovun gətirilməsi Nazirlər Kabinetinin siyasi-iqtisadi cəhətdən güclənməsinə hesablanıb: "Əli Əsədov daha optimal və siyasi çevikliyi ilə Nazirlər Kabinetini gücləndirəcək. Novruz Məmmədovdan fərqli olaraq, Əli Əsədov Nazirlər Kabinetini gücləndirərək, iqtisadi xarakterlikdən güclü siyasi sistemə çevirilməsinə imkan yaradacaq. Görünür, müəyyən problemlər artıq Nazirlər Kabinetinin güclənməsini şərtləndirib. Bu qərar ən üst səviyyədə olmaqla, iqtidarın möhkəmlənməsinə hesablanıb". Nazirlər Kabinetinin Azərbaycanda yalnız iqtisadi sahəni kurasiya etdiyini deyən politoloqun sözlərinə görə, baş nazir şəxslər əsasən siyasi oyunlardan kənarda durub və heç bir siyasi qruplaşmalarda olmayıblar: "Sakit və təmkinli şəkildə siyasi proseslərdən kənarda durublar. Hazırda isə şərtlər dəyişir, gözlənilirdi ki, vitse-prezidentlik daha da güclənəcək və Nazirlər Kabineti ləğv ediləcək. Amma yeni şərtlər artıq Nazirlər Kabinetinin güclənməsini diktə edir və yeni baş nazirin çevik komanda qurması, eyni zamanda siyasi iradəli olaraq dayanıqlı şəxsə verilməsini labüd etdi. Artıq iqtidarda müəyyən qrup öz gücünü toparlamaqla, növbəti parlament seçkilərində mövqeyini daha da gücləndirməyi planlayır".
 
Valeh TÜRKSOY, Hurriyyet.org