“Azərbaycanda Avropa konvensiyasının müddəalarına əməl olunmur” - SMMM

Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) ölkə vətəndaşlarının Avropa konvensiyası ilə zəmanət verilmiş hüquq və azadlıqlarının pozulmasına dair hesabatı açıqlayıb.
 
Hesabat 2016-cı ilin noyabrından 2017-ci ilin noyabrına qədər olan dövrdə vəziyyətin yekunlarına əsasən tərtib edilib.
Araşdırmanın preambulasında deyilir ki, son ildə Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət xeyli pisləşib.
"Birpartiyalı siyasi sistemin nəzarətində olan hüquq-mühafizə orqanları və məhkəmə sistemi insan haqlarına zəmanət verən qanunlara məhəl qoymur", - SMMM-in rəhbəri Elşən Həsənov bildirib.
Hesabatda Avropa İnsan Hüquqları Məhkəməsinin konkret maddələrinin pozulması faktları toplanıb.
10-cu maddəyə (fikrin ifadə edilməsi azadlığı) dair bölmədə deyilir ki, "müstəqil mətbuata qarşı repressiyalar daha aqressiv xarakter alıb".
Dövlət məmurlarını tənqid, korrupsionerləri ifşa edən qəzetlərin hamısı bağlanıb.
2017-ci ilin yazında Azərbaycanda hakimiyyəti tənqid edən KİV-lərə - "Azadlıq" radiosu, "Meydan" TV, "Maide.az", "İslamın səsi", "Jam.Az" saytları, "Azərbaycan saatı", "Turan" TV televiziya proqramları, həmçinin müxalifətyönlü "Azadlıq" qəzetləri bloklanıb.
Avqustda uydurma ittihamlarla müstəqil Turan agentliyinə qarşı cinayət təqibi başlayıb və agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sonradan M.Əliyev heç yana çıxmamaq haqda iltizam ilə azadlığa buraxılsa da cinayət iş hələ bağlanmayıb.
Hesabat dövründə bir sıra jurnalist və bloger həbs olunub. Onların sırasında Fikrət Fərəməzoğlu ("Jam.az" saytının direktoru), Əfqan Sadıqov ("Azel.tv" saytının təsisçisi və baş redaktoru), Elçin İsmayıllı ("kend.info" saytının baş redaktoru), Mehman Hüseynov (bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri), Əfqan Muxtarlı (araşdırmaçı-jurnalist), Əziz Orucov ("Kanal-13" İnternet televiziyasının icraçı direktoru), Faiq Əmirov ("Azadlıq" qəzetinin yayım direktoru) var. Sentyabrda F.Əmirlinin real həbs müddəti şərti cəza ilə dəyişdirilib.
Bütün işlər üzrə həbslər və araşdırmalar kobud qanun pozuntuları ilə keçib, cinayət işləri siyasi xarakter daşıyıb.
Beləliklə, ölkədə faktiki olaraq total senzura qoyulub.
"Maddə-9 - Düşüncə, vicdan və din azadlığı" bölməsində dindarlara qarşı repressiyalardan və dini hüquqların məhdudlaşdırılmasından danışılır.
Dini İşlər üzrə Dövlət Komitəsinin rəhbərliyi dəyişəndən sonra dini icmalara təzyiqlər artıb.
Nardaran qəsəbəsində Rəhimə xanım məscidinin axundu həbs edildikdən sonra məscidə giriş məhdudlaşdırılıb.
Əsasən sələfilərin getdiyi Aşurbəy məscidi də bağlanıb.
Dindarların etirazına baxmayaraq, Hacı Cavad məscidi də abadlıq işləri bəhanəsilə sökülüb.
Bəzi dindarların saxlanma şəraiti pisləşib.
Belə ki, İslam Partiyasının lideri Mövsüm Səmədov yenidən Qobustan həbsxanasına köçürülüb. Araz Quliyev ("Xeber44.com" dini saytının baş redaktoru) də ora göndərilib.
Tanınmış ilahiyyatçı, "Maide.Az" saytının baş redaktoru Sərdar Babayev həbs olunub.
Siyasi məhbusların siyahısında dindarlar çoxluq təşkil edir - 103 nəfər.
Təkcə müsəlman icmaları təqiblərə məruz qalmır. Belə ki, hesabat dövründə "Yeqovo şahidləri" icmasından 60 nəfər dini ayinlər keçirdiyinə görə cərimə edilib.
"Maddə 11- Toplaşma və birləşmə azadlığı" bölməsində toplaşma azadlığının məhdudlaşdırılması, hətta hakimiyyətlə razılaşdırılmış mitinqlərin təşkilatçıları və iştirakçılarına qarşı inzibati həbslərdən danışılır.
2013-2014-cü illərdə QHT-lər haqqında qanunvericilik sərtləşdirildikdən sonra müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti faktiki olaraq iflic olub.
Həmçinin hesabatda 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) və 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələri ilə zəmanət verilmiş hüquqların pozulması faktları göstərilir.
Əsasən jurnalistlərin və fəalların işləri üzrə qərəzli məhkəmə qərarlarına, məhkəmələrin müdafiə tərəfinin vəsatətlərini təmin etməməsinə dair faktlar yer alır.
Bundan əlavə, araşdırmada 3-cü maddənin (işgəncələrə qadağa) pozulması halları, əsasən fəallar Bayram Məmmədov, Qiyas İbrahimov, Əhsən Nuruzadə və digərlərinə qarşı işgəncə faktları qeyd olunur.
* Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin payızında bir qrup "vicdan məhbusu" tərəfindən yaradılıb. Quruma hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir.