Azərbaycanda 550-yə yaxın əlil körpə doğulub - 9 AYDA

Baxış sayı:
6349

Azərbaycanda bu il 550-yə yaxın əlliliyi olan körpə doğulub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
"Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsinin təqdimatında nazir deyib ki, bunun səbəblərini "qohum evliliklərdə, erkən nikahlarda" axtarmaq lazımdır.
Nazir qeyd edib ki, 2017-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları 3500-dən çox uşağı "sağlamlıq imkanları məhdud uşaq kateqoriyasına" aid edib:
"Onların da içində 538-i anadan fiziki qüsurla doğulub. Bu da əlilliklə bağlı sənəd verilənlərin 15 faizi deməkdir", Səlim Müslümov bildirib.

"İşəgötürənlər əlliliyi olan şəxslər üçün əlavə xərc çəkmək istəmirlər"

Nazir əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlər olduğunu vurğulayıb.
Səlim Müslümova görə, işəgötürənlər əlilliyi olan şəxslərin digərləri ilə müqayisədə məhsuldarlığının aşağı olması qənaətindədirlər və digər səbəblərdən biri də "iş yerlərinin əlilliyi olan şəxslərə uyğunlaşdırılmasına əlavə xərc çəkməyə işəgötürənlərin həvəsinin" olmamasıdır.
Nazir onu da deyir ki, əlilliyi olan şəxslərin təhsil və ya peşə hazırlığı səviyyəsi "cəmiyyətin digər üzvlərinə nisbətən müəyyən qədər aşağıdır".
Səlim Müslümov vurğulayıb ki, əlilliyi olan şəxslərin işlə təmin olunmasında "cəmiyyət müəyyən dəyişikliyə" getməlidir.