Azərbaycanda 100-dən çox hakim cəzalandırılıbsa... - "Onların savadı, bilik səviyyəsi yüksəldilməlidir"

Baxış sayı:
4111

2005-ci ildən bəri birinci instansiya və apellyasiya məhkəmələrinin 100-dən çox hakimi işindən kənarlaşdırılıb.
Bu haqda Ədliyyə Nazirliyi bildirir.

Nazirliyin məlumatına görə, hakimlər "nöqsan və pozuntulara yol verdikləri" üçün məhkəmə sistemindən uzaqlaşdırılıb, bəziləri isə korrupsiya səbəbindən ciddi intizam məsuliyyətinə cəlb edilib.

Bəzi təhlilçilər bu rəqəmləri məhkəmə sistemində "problem" kimi qiymətləndirir, digərləri isə əksinə, "ölkədə ədalətin hökm sürdüyünü" deyirlər.

Hakimlər niyə cəzalandırılıb?

Bazar ertəsi keçirilmiş Məhkəmə-Hüquq Şurasının müşavirəsində nazir Fikrət Məmmədov deyib ki, respublikada korrupsiyaya qarşı sərt mübarizə aparılır və məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallar yolverilməzdir.

O, həmçinin qeyd edib ki, vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı insanları narazı salır və şikayətlər doğurur.

"...hazırda 80-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılır, habelə yeni qaydalar əsasında şəffaf prosedurlarla seçilmiş 100-dən çox hakimliyə namizədin təyinatı nəzərdə tutulur", - nazirliyin məlumatında deyilir.

Məlumata görə, hakimlər "vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə" məhkəmə sistemindən kənarlaşdırılıb və korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.

BBC News Azərbaycancanın vətəndaşların ən çox hansı şikayətlərlə bağlı müraciət etməsi sualını nazirliyin mətbuat xidməti cavablandırmayıb.

İslahatlara ehtiyac var

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, bu rəqəmlər məhkəmə sistemində "problem" olduğunu göstərir.

"Vətəndaşlar ədalət axtarışında ciddi şəkildə problem yaşayır", - hüquqşünas Ələsgər Məmmədli deyib.

Ələsgər Məmmədli, hüquqşünas

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu hal "ədliyyə sistemindəki həyəcan siqnalını təsdiqləyir".

O, bu sahədə islahatlara ehtiyac olduğunu vurğulayır.

"Məsələ gündəmə gətirilib dövlət səviyyəsində həllini tapmalıdır", o deyib.

"Vətəndaşlar ədalət axtarışında ciddi şəkildə problem yaşayırlar. Vəkil azdır, nümayəndəlik institutu ləğv edilib. Vətəndaş öz hüquqlarını açıq şəkildə müdafiə edə bilmir, hüquq bilgisi zəifdir, hakim ədalətsiziliyi də əlavə olunsa, o deməkdir ki, ölkədə ədalət böhranı yarana bilər".

Hüquqşünas Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulması ilə bağlı Avropa Məhkəməsinin tez-tez qərar verdiyini xatırladıb.

18-ci maddədə deyilir ki...

Bu maddəyə görə, hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.

Ələsgər Məmmədli izah edir ki, 18-ci maddənin pozulması o deməkdir ki, məhkəmələr hüquqa görə yox, hansısa mülahizəyə görə qərar verib.

"18-ci maddəyə görə bu qədər şikayət varsa, bu, obyektiv statistika göstəricisidir ki, ölkədə məhkəmələr hüququ tətbiq etmir", cənab Məmmədli bildirib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını deyir.

Aqil Abbas

"İndi ölkədə ədalət hökm sürür"

Millət vəkili, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas BBC News Azərbaycancaya deyib ki, "hansısa hakim ədalətsizliyə yol verirsə, cəzalandırılır".

"100-dən çox hakimin cəzalandırılması bir anda olmayıb. Bu, 10-15 il müddəti əhatə edir. Onların müəyyən hissəsi işdən çıxarılıb, bəziləri cəzalandırılıb. İndi ölkədə ədalət hökm sürür".

O bildirib ki, hakimlərin yoxlanılması üçün iclaslar keçirilir və "hansı hakim ədalətlsiz qərar çıxarıb, hansı haqsızlıq edib və ya işi uzadıbsa, onlar müəyyən edilir, cəzalandırılırlar".

Aqil Abbas söyləyib ki, hakimlərin haqsızlığa yol verməməsi üçün onların savadı, bilik səviyyəsi yüksəldilməlidir.