Azərbaycanda 10 gündə azı 40 nəfər niyə həlak oldu... - QORXUNC STATİSTİKA ADİLƏŞİR

Baxış sayı:
9040

Son günlər Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının statistikasında kəskin artım müşahidə olunur. Mətbuatda dərc olunan gündəlik xronikaya əsasən həm paytaxtda, həm də rayonlarda hər gün insan tələfatı ilə nəticələnən bir neçə qəzanın baş verdiyini görürük. Bu artım həm də müəyyən qədər havaların pisləşməsi ilə üst-üstə düşür, məlum məsələdir ki, qeyri-sabit hava şəraiti zamanı sürücülərin təhlükəsizliyə əməl etməməsi qəza riskini daha da artırır. Belə ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, noyabr ayının 28-də respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Noyabrın 27-nə olan rəsmi statistikaya görə isə, avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Noyabrın 26-da respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb. Həftə sonu isə ölkə ərazisində avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb. Noyabrın 17-i və 18-də isə 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər həlak olub. Noyabrın 20-də isə baş vermiş iki qəzada 2 nəfər həyatını itirib, bunun ertəsi günü daha üç nəfər yollarda ölüb. Noyabrın 22-də isə bir ölümcül qəza olub-iki nəfər canından olub. Azərbaycan əhalinin sayına nisbətdə ölümlə nəticələnən yol qəzalarının statistikasına görə dünyada ən pis göstəricilərdən birinə malikdir. Ölümlə nəticələnən yol qəzalarının sayının çox olması isə bir qayda olaraq sürücülərin qeyri-peşəkarlığı, yüksək sürət, ötmə qaydalarının pozulması, sürət rejiminin yollardakı situasiyaya və hava şəraitinə uyğun seçilməməsi, piyadaların səhlənkarlığı, o cümlədən yolların işıqlandırılmaması, avtomobil yollarının çəkilməsi zamanı təhlükəsizlik şərtlərinə o qədər də əməl edilməməsi, məsələn, işıqqaytaranların, sərt döngələrdə təhlükəsizlik “buferlərinin” qoyulmaması kimi çoxsaylı amillərlə izah edilməlidir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin dinamikasında bir məqam diqqəti çəkir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkədə sutkanın toranlıq və qaranlıq vaxtında baş verən hadisələr tədricən gündüz vaxtı baş verən hadisələrdən çox olmağa başlayıb: “Bu artım çox sabit olaraq davam etməkdədir. 1999-cu ilə qədər gündüz daha çox hadisələr olurdusa, həmin ildən sutkanın məhdud görünmə vaxtında qəzalar daha çox olub. Hətta 1995-ci illə 2018-ci ili müqayisə etdikdə 13 faizə yaxın yerdəyişmə var”. Ekspert həmçinin son 25 ilin yol-nəqliyyat hadisələrini araşdırıb və belə qənaətə gəlib ki, şənbə və bazar günləri ağır nəticəli hadisələr daha çox olur. Həftə boyu baş verən hadisələrin təxminən 30 faizi bu iki günün payına düşür: “Məhz həmin günlər yollarda daha diqqətli olmaq lazımdır. Həmin iki gün hadisələrin daha çox olmasını şərtləndirən 2 başlıca əlamət var. Birincisi, Bakıda və Bakı ətrafında, eləcə də Sumqayıtda, Gəncədə və bəzi digər şəhərlərimizdə tıxac və sıxlıq, demək olar ki, olmur, ona görə də küçə və prospektlərdə nisbətən yüksək sürətlə hərəkət mümkün olur. İkincisi isə, şəhərlərarası yollarda hərəkətlilik artır, çünki istirahət günləri rayonlara gedənlər daha çox olur”, - ekspert deyir. Qeyd edək ki, Azərbaycanda hər il orta hesabla 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda 1000-dən artıq insan dünyasını dəyişir, 3000-dən çox sərnişin və ya piyada xəsarət alır. Təkcə yuxarıda sadaladığımız qəzalar zamanı həlak olanların sayı son 10 gün ərzində (noyabrın 19-dan 29-na qədər) azı 40 nəfərdir. Bu hələ dəqiq rəqəm deyil və xəbər lentlərinə düşən hadisələr əsasında ortaya çıxıb, yəni ola bilsin ölənlərin sayı daha çoxdur. Çünki bəzi hallarda yaralıların da həyatını xilas etmək mümkün olmur. Bəs bu qorxunc statistika niyə ildən-ilə adiləşir? Bu, doğrudan da belə olmalıdır? İnsanlar “Allahın işidir” deyib hər dəfə insanların-o cümlədən gənclərin, azyaşlıların faciəli ölümlərinin üstündən keçməlidir? Yoxsa həm sürücülər, həm aidiyyatı dövlət strukturları və ictimaiyyət nəhayət həyacan təbili çalıb yollarda baş verən faciəli ölümləri azaltmaq yolları üzərində düşünməlidir?