"Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!” - Elmar Məmmədyarovun atası

Baxış sayı:
3370

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.
Belə ki, nazir Elmar Məmmədyarovun ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.
Nazir ciddi tənqidlərə tuş gəlib.
Muxalifet.az xəbər verir kİ, Modern.az saytı geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarovla əlaqə saxlayıb.
Nazirin atası açıqlamasında deyib ki, bu cür qarayaxma aparmaq olmaz.
"Ataların bir sözü var. "Hər gözəlin bir eybi olar”. Əsas odur ki, Elmar vətənpərvər insandır. Bəzi adamlar insanları qaralamaqla məşğuldur. Olmaz belə! Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!”.
Məhərrəm Məmmədyarov Elmar Məmmədyarovun rus dilində təhsil aldığını söyləsə də, Azərbaycan dilində danışa bildiyini vurğulayıb:
"Elmar Sovet dövründə rus dilində təhsil alıb. Daha sonra digər xarici dilləri də öyrənib. Cavanlarımız nə qədər çox dil bilərsə, bu, millətin ucalığıdır. Elə danışırsız ki, guya Elmar heç öz ana dilini bilmir. Əlbəttə bilir. O, mənimlə Azərbaycan dilində danışır. Düzdür, Azərbaycan dilini bədii ifadələrlə zənginləşdirib danışmır. Amma istənilən mövzuda öz dilimizdə danışır. Sadəcə, filoloqlar kimi səlis danışmır. Elmar filoloq deyil, xarici işlər naziridir. Onun haqqında yanlış fikirlər söyləyənlər vətənpərvər deyil. Öncə Azərbaycanın xarici siyasətinə baxın. Orada səhv varsa, onu düzəltsin”.