"Azərbaycana qarşı sanksiyalar tətbiq etmək lazımdır" - HÜQUQ MÜDAFİƏÇİSİ

Bu günlərdə Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax (Stefan Schennach) və Sezar Florin Preda (Cezar FlorinPreda) .Azərbaycanda olublar.
 
Üçgünlük səfər zamanı onlar prezident İlham Əliyevlə, digər dövlət xadimləri və ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. AŞPA nümayəndələrinin səfərləri artıq ənənə halını alıb və praktik olaraq, formal xarakter daşıyır. Bunu siyasi məhbusların ildən-ilə artan siyahısı aydın göstərir. Hazırda onların sayı 160 nəfərdən çoxdur.
Son illər ərzində Avropa Parlamenti və AŞPA Azərbaycanda siyasi məhbuslar ilə bağlı çoxsaylı qətnamələr qəbul edib. Bir neçə gün əvvəl belə bir qətnamə Tiflisidə oğurlanaraq Bakıya gətirilmiş jurnalist Əfqan Muxtarlı ilə əlaqədar qəbul edilib. Bütün bu qətnamələrdə iqtidara təkidlə siyasi məhbus və insan haqları məsələsini həll etmək tövsiyə edilir. Lakin indiyə qədər bu sahədə vəziyyət dəyişməyib. Hüquq müdafiəçilərinin Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul etməyin lazım olduğu barədə çağırışlarına baxmayaraq, beynəlxalq qurumlar bu radikal tədbirlərdən çəkinirlər.
Bir neçə il bundan əvvəl Avropa Birliyi Belarus prezidenti Lukaşenko və onun məmurları barəsində sanksiyalar qəbul etmişdi, bundan sonra o, bütün siyasi məhbusları azadlığa buraxmağa məcbur oldu. Hüquq-müdafiə təşkilatlarının fikrincə, Azərbaycanda insan haqları sahəsində vəziyyət adı çıxmış Belarusda olduğundan pisdir, bəs onda niyə Qərb sanksiyalar tətbiq etməkdən qaçınır? AŞPA-dakı korrupsiya qalmaqalının bunda bir rolu olubmu və xarici məmurların səfərindən bir şey gözləməyə dəyərmi?
"AŞPA-nın xüsusi məruzəçilərinin səfərindən siyasi məhbuslar məsələsində hansısa irəliləyişin əldə olunacağını gözləmirəm", - deyə hüquq müdafiəçisi Bəşir Süleymanlı "Turan"a bildirib.
"Mən özüm onlarla görüşməmişəm və hansı məsələlərin müzakirə olunduğunu bilmirəm, lakin ciddi irəliləyiş gözləmirəm. Çünki bu məsələdə beynəlxalq təşkilatların mövqeyi bir o qədər də nəzərə alınmır, Azərbaycan hakimiyyəti onlarla hesablaşmaq niyyətində deyil. Əgər İlqar Məmmədova dair AŞPA-nın baş katibinin bəyanatı, həmçinin Nazirlər Kabinetinin qətnaməsi nəzərə alınmırsa, düşünmürəm ki, həmməruzəçilərin tövsiyələri nəzərə alına. Bu, sadəcə, növbəti səfərlərdən biridir. Onlar bütün tərəflərlə görüşməli idilər, görüşdülər, söhbət etdillər. Azərbaycan hakimiyyəti onları dinlədi və öz bildiyi kimi davranmağa davam edəcək. Bu cür "itaətsizlikdə" AŞPA ətrafındakı korrupsiya qalmaqalının da müəyyən rolu ola bilər.
Amma məsələ ondadır ki, hakimiyyət korrupsiyada ifşa olunmamış digər beynəlxalq təşkilatların bəyanatları ilə də hesablaşmır. Həm seçki, həm də siyasi məhbuslar məsələsində ATƏT müəyyən tövsiyələr irəli sürüb, Avropa Parlamenti bir neçə qətnamə qəbul edib. Lakin onların heç biri Azərbaycan hakimiyyətinə təsir etmir. Sadəcə, beynəlxalq səviyyədə Azərbaycanın adı pislənir. Bizi daha çox narahat edən də budur. Əlbəttə, respublika hakimiyyəti üçün Azərbaycanın beynəlxalq aləmdə insan hüquqlarını pozan, öz vətəndaşları ilə hesablaşmayan ölkə sayılıb-sayılmadığının fərqi yoxdur .
Sanksiyalara gəldikdə isə, güman edirəm ki, onların Azərbaycana tətbiq edilməməsinin səbəbi ölkəniin coğrafi-siyasi mövqeyidir. Qərb də bu mövqe ilə yanaşı, həm də özünün enerji mənafeyini də nəzərə alır. Belə olduğu halda, sanksiyalar məsələsi gündəmə çıxarılmır. Əlbəttə, mən müəyyən mərhələdə sanksiyaların tətbiqini istisna etmirəm. Heç bir ölkə deyə bilməz ki, ona qarşı sanksiyalar heç bir zaman tətbiq olunmayacaq. Məsələn, indi ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir. Azərbaycana qarşı da sanksiyalar hər an tətbiq oluna bilər", - deyə B. Süleymanlı vurğulayıb.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev də AŞPA-nın Monitorinq Komitəsi həmməruzəçilərinin ölkəyə gəlişinə münasibətini "Turan"a bildirib: "Belə səfərlər əvvəllər də olub. Bundan başqa, keçən illər ərzində Azərbaycan iqtidarının AŞPA rəhbərliyi ilə səmimi münasibətləri olub". O qeyd edib ki: "Təşkilat hətta Volonte ilə bağlı korrupsiya qalmaqalında bədnam olub. Ona görə də siyasi məhbuslar məsələsində inkişafdan birmənalı şəkildə danışmaq hələ tezdir. Lakin beynəlxalq ictimaiyyətin azərbaycanlı siyasi məhbuslara marağı artıb. Bunu bir neçə gün öncə Avropa Parlamentinin qətnamə qəbul etməsi göstərir. Mən ümid edirəm ki, bu, birbaşa siyasi məhbusların azad olunmasına gətirib çıxarmasa da, həmin istiqamətdə atılan növbəti addım olacaq".
O. Gülalıyev həm də vurğulayıb ki: "Azərbaycanda son vaxtlar repressiyalar güclənib: Əfqan Muxtarlının oğurlanması və Bakıya gətirilməsi, Gözəl Bayramlının, jurnalistlərin, dindarların həbsi, məhkəmələrin absurd qərarları bunu təsdiq edir. Hesab edirəm ki, bütün bu qanunsuzluqların fonunda səfirliklərin, beynəlxalq təşkilatların reaksiyası qeyri-adekvatdır. Azərbaycan barəsində sərt tədbirlər görülməli, müxtəlif sanksiyalar tətbiq olunmalıdır. Tarix və təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti yalnız ciddi təzyiqlərin təsiri altında geri çəkilir. Məncə, əgər təsirli tədbirlər görülməsə, yalnız səfərlər və danışıqlarla ciddi nəticələrə nail olmaq mümkün deyil. Bu gün Azərbaycan siyasi məhbusların adambaşına düşən sayına görə Avropada liderdir. Ona görə də, hesab edirəm ki, sərt tədbirlər və sanksiyaların vaxtı çoxdan çatıb".