Azərbaycana deportasiya olunan “Pokrovka Məhərrəm” Şəmkirdəki evindədir

Baxış sayı:
2122

Azərbaycanlı biznesmen, “Pokrovka Məhərrəm” adı ilə məşhur olan Məhərrəm Quliyev Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məhkəmə qərarına əsasən, M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə Rusiya ərazisindən çıxarılaraq Azərbaycana deportasiya olunub.
“Yeni Müsavat”a daxil olan xəbərə görə onun Azərbaycanda hər hansı bir cinayəti olmadığına görə barəsində hər hansı bir hüquqi tədbir görülməyib. Hazırda Şəmkirdəki evində yaşadığı bildirilir.
Vaxtilə “Rövşən Lənkəranski”nin qruplaşmasına daxil olduğu iddia edilən Məhərrəm Quliyev Moskvanın Şeremetyevo aeroportundan Azərbaycana deportasiya edilib. Bildirilir ki, Məhərrəm Quliyev bundan əvvəl Moskvada polis tərəfindən immiqrasiya qanunlarını pozduğuna görə tutulub. O, Rusiyada qeyri-qanuni yaşayıb. Məhkəmə kriminal avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib. O, Lənkəranskinin adamı kimi paytaxtın ən böyük meyvə-tərəvəz bazasına “nəzarətçi” (“smotryaşi”) olub. Kriminal aləmdə “Pokrovka” kimi tanınan Məhərrəm ilk dəfə 2018-ci ilin yazında tutulmuşdu. O, ticarətçilərdən 1 milyon rublu hədə-qorxu yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Onu Moskvada dəyəri 500 milyon rubldan çox dəyəri evdə tutmuşdular. Həmin vaxt M.Quliyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, lakin azərbaycanlı öz növbəsində qaydaları pozaraq gününü eyş-işrətlə keçirmişdi, restoranda dostlarına böyük ziyafət vermişdi. Ziyafətdən sonra Məhərrəm Quliyev yoxa çıxmışdı və federal axtarışa verilmişdi.
M.Quliyev dəbdəbəli həyat tərzi sürüb, gizli kazinolarda böyük məbləğdə pullar uduzub. Sonuncu dəfə həbs olunduqda isə 3 milyon rubl girov müqabilində azad edilib. Nəticədə müəyyən müddət hüquq mühafizə orqanlarının gözündən yanına bilib. Sonradan M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə göndərilmişdi. Onun Rusiyadan çıxarılması ilə bağlı qərarı Volqoqrad vilayəti Novonikolayevski rayon məhkəməsi verib.
Qeyd edək ki, "Pokrovka" ləqəbini M.Quliyev Pokrovski tərəvəz bazası sayəsində alıb. O, Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib olub. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb.