“Azərbaycan yaxın 1-2 ildə ÜTT-yə üzv olmayacaq” – Nazir müavini

Baxış sayı:
4064

Azərbaycan artıq 20 ildir ÜTT-yə qəbulla bağlı danışıqlar aparır
 
“İnanmıram ki, qarşıdakı 1-2 ildə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunsun. Bu təşkilata üzvlük prosesi bir neçə il uzana bilər”.
Bu barədə ÜTT-yə üzvlüklə bağlı danışıqları aparan Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Onun fikrincə, Azərbaycanın ÜTT-yə üzvlüyü məsələsi hələ də aktualdır.
Azərbaycan ÜTT-yə üzvlüklə bağlı artıq 20 ildir müzakirələr aparır. Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan dövlət kimi qəbul olunmaq istəyir. İnkişaf etməkdə olan ölkələrdə gömrük tarifləri malın 3-5 faizini təşkil edir, subsidiyalar isə kənd təsərrüfatı məhsullarının 10 faizindən çox olmamalıdır.
Ölkənin ÜTT-yə daxil olması üçün çoxsaylı qanunvericilik normaları Avropa standartlarına uyğunlaşdırılmalıdır.
Ekspertlər ölkədə gömrük tariflərinin yüksək, subsidiyaların isə 27 faizdən çox olduğunu bildirir.
Ekspertlər hesab edir ki, danışıqlar sürətləndirilməli və ölkənin üzvlüyə qəbulu ilə bağlı siyasi qərar verilməlidir.
Belə ki, qanunvericilik islahatları bütün ölkələr üçün eynidir. Bu səbəbdən də ölkə qanunvericiliyi üzv ölkələrin qanunvericilik standartları ilə eyniləşdirilməlidir.