Azərbaycan XİN Türkiyənin hansı əməliyyatını dəstəkləyib: "Barış pınarı"nı, yoxsa “Sülhün mənbəyi”ni?

Baxış sayı:
426

Azərbaycan MM-nin deputatı Araz Əlizadənin iki qardaş dövlət arasında münasibətləri korlayan məlum bəyanatından sonra ikinci sərsəm bəyanat XİN tərəfindən yayılıb.

Ovqat.com xəbər verir ki, Azərbaycan XİN-nin Türkiyənin Şimali Suriyada keçirdiyi Barış pınarı əməliyyatını dəstəkləyən bəyanatı ancaq gülüş doğura bilər.

Nədən ki, o boyda XİN əməliyyatının yaydığı rəsmi açıqlamasında əməliyyatın adını belə düzgün ifadə etməyibmiş. Bəyanatda “Barış pınarı” “Sülhün mənbəyi” kimi göstərilib. Halbuki, pınar Azərbaycan dilində bulaq deməkdir. Görünür, sözün mənasını anlamayan nazirlik özünü çox yormadan internetdəki qeyri-peşəkar hazırlanmış lüğətlərə müraciət edib. Lüğətdə isə bulaq mənbə kimi göstərilib. Əslində isə buna ehtiyac belə yoxdu. Çünki əməliyyatın adı xüsusi addır və adətən xüsusi adlar tərcümə olunmur.

Məsələ bununla da bitmir. XİN-nin ütülü bəyanatında açıq dəstək ifadələri də yoxdur. Nazirlik sadəcə bu əməliyyatın “Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəyinə” əminliyini vurğulayır. Diplomatik protokolda isə bu tərzdə bəyanatlar əminlikdən çox, şübhəni ifadə edir.

Bəyanatda deyilir:

 “Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəkdir”.

http://mfa.gov.az/news/909/6393

Azərbaycan dilində nə dediyini özündən başqa heç kimin anlamadığı Elmar Məmmədyarovun idarəsinin bəyanatı ancaq belə olar. Atalar demişkən: “Mal yiyəsinə oxşamasa, haramdır”.