​Azərbaycan vətəndaşları reytinq əsasında kredit alacaqlar

Baxış sayı:
7525

“Azərbaycan Kredit Börosu”nun fəaliyyətə başlaması kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində mühüm addımdır.
“Marja” xəbər verir ki, bunu “Azərbaycan Kredit Bürosu”nun fəaliyyətə başlaması münasibətilə keçirilmiş mətbuat konfransında “Azərbaycan Kredit Bürosu” MMC-nin direktoru Elçin Həbibov deyib.
“Hər bir subyektin (borcalanın) kredit reytinqi olacaqdır. Daha yüksək kredit reytinqinə məxsus subyekt daha asan və ucuz kredit əldə edə biləcəkdir”,- Həbibov deyib.
Elçin Həbibov bildirib ki, kredit börosu borcalanların maliyyə öhdəlikləri (borcları) barədə məlumatları toplayan, risk təhlilini aparan və sorğu əsasında istifadəçilərə təqdim edən kommersiya hüquqi şəxsdir. Büro borcalanlar barədə məlumatları (götürdüyü borclar, borcu qaytarması intizamı və s.) banklardan, sığorta və lizinq şirkətlərindən, bank olmayan kredit təşkilatlarından, mobil operatorlardan, mal alqı-satqısı həyata keçirən şirkətlərdən toplayacaqdır.
Elçin Həbibov əlavə edib ki, büroda Azərbaycan vətəndaşlarının 37%-i və ya 2,7 milyon nəfər haqqında məlumat var.
“Azərbaycan Kredit Bürosu” 8 yerli bankın – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə yaradılıb və ölkənin ilk özəl kredit bürosudur. “Azərbaycan Kredit Bürosu” MMC-nin nizamnamə kapitalı 2 milyon manatdır.