AZƏRBAYCAN və TÜRKİYƏ “QAZ SAVAŞI”NIN TƏN ORTASINDA –Rusiyadan yaxa qurtarmaq mümkün olacaqmı? - TƏHLİL

Baxış sayı:
7450

Qərb sevinc  içindədir: Avropa Birliyi Azərbaycandan tezliklə “mavi yanacaq alacaq” – Rusiyanınkının yerinə. Lakin Türkmənistan borunu doldurmaqda Bakıya yardım etməsə, nə olacaq? İlham Əliyev Avropaya artıq 2020-ci ilə qaz vəd edib.
Azərbaycan təbii qazının Avropaya ixracatı üzrə TANAP layihəsinin gerçəkləşdirilməsi praktik olaraq bitib. Prezident İlham Əliyev bu haqda “Cənub qaz dəhlizi” layihəsi (CDQ) Məsləht Şurasının Bakıda baş tutan toplantısında bildirib. Bu foruma çox adam gəlib – 14 ölkə, yeddi beynəlxalq maliyyə-kredit qurumu, böyük neft-qaz şirkətləri, AB, ABŞ, Dövlət Departamentindən və s. Toplantıya habelə Türkmənistandan da gəliblər – əvvəllər belə şey olmamışdı.
Qeyd edək ki, toplaşanlar CQD-nin imkanlarının genişləndirilməsini müzakirə ediblər və hər şeydən görünür ki, avropalılar və amerikalılar diləgəlməz dərəcədə şaddırlar ki, Azərbaycan Rusiyanın “siyasi qaz” tədarükünə tezliklə rəqabət təşkil edəcək.
Xatırladaq ki, Azərbaycan qazı artıq CDQ üzrə Gürcüstan ərazisindən Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Transanadolu qaz kəmərinin (TAP) ehtiyacları üçün genişlənən Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Türkiyəyə daxil olur. Azərbaycan qazının TANAP üzrə altı milyard kubmetr həcmində ilk tədarükləri, gözlənildiyi kimi, artıq bu il başlanacaq, TAP isə sırf Avropanın ehtiyacları üçün 2020-nin başlanğıcında işə düşəcək. Onunla tədarük həcmi ildə 10 milyard kubmetr qaz təşkil edəcək. CQD layihəsinin dəyəri 42 milyard dollar, Bakıdan İtaliyaya məsafə 3,5 min km-dir.
ABŞ Dövlət Departamenti beynəlxalq energetika məsələləri üzrə özəl elçi və əlaqələndiricisi vəzifələrini icra edən Syu Saarnio Bakıda mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar CQD layihəsinin gerçəkləşdirilmə tərəqqisindən məmnundur və energetik güvənliyin təminatında Avropanın səylərini həmişə dəstəkləyib. O, hesab edir ki, enerji təchizatı qaynaqlarının şaxələndirilməsi “güclü Avropanın varlığı üçün həlledici önəmə” malikdir. Yüksəkçinli xanım qeyd edib ki, məhz bu cür Avropa mövcud çağırışlarla mübarizədə ABŞ üçün yaxşı tərəfdaşdır. Saarnio əmindir ki, şübhəsiz, TANAP və TAP layihələrinin gerçəkləşdirilməsi Avropa güvənliyini gücləndirəcək.
Energetik Birlik üzrə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç isə ümumiyyətlə hesab edir ki, Аvropa Azərbaycan qazının sayəsində həmişəkindən daha güclü olacaq. Amma bu zaman təki Rusiyanın AB-dəki energetik mövqeləri zəifləsin deyə “strateji layihə”nin gerçəkləşməsi uğrunda bu cür can yandıran amerikalıları dilxor etməli olub: Şefçoviç bildirib ki, Avropa Birliyi İranın “Cənub qaz dəhlizi”nə qoşulmaq imkanlarını müzakirə etməyə hazırdır. Hətta aşkarlandığı kimi, “biz bu məsələni İran təmçsilçilərilə bir neçə dəfə müzakirə etmişik”.
İran qazına maraq təbiidir: birincisi, Avropa şirkətləri İİR hətta sanksiyalarla zəiflədilərkən də onun yataqlarına əsəbi reaksiya verirdi. İkincisi, qaz tədarükünün tam şaxələndirilməsi üçün bircə Azərbaycan yanacağı açıqca kifayət deyil və AB buna görə də İran marşrutundan savayı, artıq Türkmənistanın da CQD-ə qoşulması imkanını nəzərdən keçirir. Şefçoviçin sözlərinə görə, Avropa Birliyi Aşqabadla bu məsələ üzrə danışıqlar aparmaq üçün bir neçə il əvvəl “mandat alıb”. Amma qeyd edək ki, Türkmənistan buna maraq göstərir, lakin məsələ hələlik bundan uzağa getmir.
Ola bilsin, problem Xəzər dənizinin dibiylə boru kəmərinin inşasına dirənir – Rusiya və İran “ekoloji təhlükə” üzündən buna qarşı çıxış edir. Lakin Xəzər dövlətləri keçən ilin sonunda onun statusu haqda ilkin razılığa gəlib və Rusiya XİN-in məlumatına görə, uyğun konvensiya layihəsi “əməldə hazırdır”. Onu bu ilin axırına qədər Astanada təsdiqləmək planlaşdırılır. Ayrıntılar hələlik elan olunmur, amma artıq məlumdur ki, su hövzəsi sektor prinsipiylə bölünəcək. Türkmənistanı Azərbaycanla birləşdirən Transxəzər sualtı boru kəmərinin inşası bu layihənin gerçəkləşməsinə yardım olacaqmı, yoxsa yenidən “nifaq alması”na çevriləcək – indi tam aydın deyil. Çox güman ki, Moskva və Tehran öz mövqeyində israrlı olacaq. Bakının hansı gerçək mövqeyi tutacağını demək çətindir: bir yandan, borunu doldurmaqda ona Aşqabadın yardımı gərəkdir, amma o biri yandan, bu, ciddi rəqibdir, axı Türkmənistanın öyrənilmiş ehtiyatları daha çoxdur.
Bakıda forum keçirilən vaxt Avropa Birliyində “bəzi yoldaşlar” Rusiya qazının AB-yə tədarükünə aşkar “dözüm” sərgiləyib. Xüsusən də AFR kansleri Angela Merkel bildirib ki, ölkəsi RF-dən Avropaya qaz ixracatı üzrə “Şimal axını-2” qaz kəmərini güvənliyi təhdid edən layihə saymır. O, Polşa baş naziri Mateuş Moravetski ilə görüşdən sonra mətbuat konfransında bildirib: “Biz də istəyirik ki, qaz tranziti əvvəlkitək Ukrayna üzərindən həyata keçirilsin, amma güman etmirik ki, "Nord Stream 2" tədarüklərin şaxələnməsi üçün təhlükə təşkil edir”.
Marovetski alman kanslerlə razılaşmamağı özünə rəva bilib, çünki “qaz həmin qaynaqdan (yəni Rusiyadan) gəlir”. Amma Avropada bu layihə tərəfdarlarının sayı aşkarca çoxalır.
Polşanın mövqeyi isə eynilə Avropa Birliyinin bəzi başqa “yeni ölkələri” kimi aydındır – Birləşmiş Ştatların və Brüsseldə oxşar siyasəti seçən güclərin “bəli-bəli” məntiqinə sığışır. Xatırladaq ki, Rusiya AB-nin yeni üzvlərinin, xüsusən Bolqarıstanın belə davranış modeli “sayəsində” sonrakı şaxələnmələrilə Anapadan Varnaya qədərki “Cənub axını”nın inşasını yığışdırmalı olub. Lakin Ankaranın indi artıq “Türk axını”nın ikinci xəttinin inşasına razılığı Sofiyanı əngəlli maraqda – tranzit ölkə statusundan kənarda və bu statusdan alacağı pullarsız buraxıb. “Türk axını” gələn ilin axırına qədər istismara veriləcək, Türkiyə ildə 15,75 milyard kub.m qaz, bu  qədər də Avropa alacaq. Bütün uğurlar isə genişlənən CDQ, Rusiyadan gələn “Mavi axın” və “Türk axını”nın hesabına qaz qovşağına çevrilən Türkiyəyə çatacaq.
Oyundankənar qalan Bolqarıstan yaranmış durumdan çıxış yolları arayır. Bu ölkənin energetika naziri Temenujka Petkova Bakı toplantısına qatılıb və “Trend”ə məlumat verib ki, Bolqarıstan və Azərbaycan Xəzər və Qara dənizi arasında coğrafi körpü, qazın Xəzər bölgəsindən Cənubi-şərqi və Mərkəzi Avropaya tədarükü üçün təbii marşrutdur. Onun məlumatına görə, Bolqarıstanın Azərbaycanla “Şahdəniz” yatağında çalışmaların ikinci mərhələsi çərçivəsində ildə bir milyard kub metr qaz tədarükünə sazişi var – bu, 2020-ci ilə doğru başlanmalıdır və ölkədə yanacağın bu növünün istehlakının 25-30%-ni bağlayacaq.
Habelə Azərbaycan qazının Bolqarıstan üzərindən Cənubi-şərqi Avropanın başqa bazarlarına tranziti üçün əlavə marşrutların inşası imkanları araşdırılır. Sofiya hələlik isə əlavə qaz həcminin tədarükü üçün Türkiyə ilə qaz kəmərinin genişlənməsindən qayğılıdır. Belə ki, “Cənub axını” ilə bağlı əhvalat Sofiya üçün ağrısız keçməyib və belə desək, “axtarışlardadır”.
Çernoqoriya da hazırda Azərbaycan qazına ümid bağlayıb – IAP boru kəmərinin TAP-a qoşularaq Xorvatiyanın “qapadığı” bir neçə ölkəyə çıxmasıyla. Lakin hər necə olsa, Azərbaycan qazı hamıya bəs etmir, Xəzərinki azdır, Amerikanın sıxılmış qazı bahadır, Norveçinki də yetərli deyil və bahadır. Belə ki, Rusiya qazı “aktual” olmağı sürdürür. Xatırlatmaq yetər ki, ABŞ soyuqlar düşəndə onu RF-dən alır, Şefçoviç Azərbaycana hansı mədhiyyələr oxuyur-oxusun, Avropanın “Qazprom”la “dondurulmuş” münasibətləri əriməyə başlayır. Nə qədər fırladılsa da, Avropaya  qaz tədarükü çevrəsi indiki mərhələdə çox dardır və Rusiya qazına qarşı yönəlik “Avroatlantik həmrəyliyi” yalnız sözdə və soyuqlar düşənə qədər yaxşıdır.
Lakin bütün bunlar Rusiya ilə müqayisədə Avropaya təbii qaz həcminin tədarükündə Azərbaycanın rolunu kiçiltmir. Əlbəttə, saziş Bakı üçün əlverişlidir, AB üçün dənizdə damla deyil, amma Rusiyadan “yaxa qurtarmaq” probleminin həlli də deyil.
Tərcümə Strateq.az-ındır.