Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Baxış sayı:
6436

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il yanvarın 16-da Parisdə görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Bundan öncə iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.
Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq verib.
2018-ci ilin dekabrın 6-da isə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.
2018-ci il sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüşdə danışıqlara yeni impuls verib.
Belə ki, bundan sonra iki ölkə arasında danışılar prosesi bərpa edilib.