Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bratislavada görüşdü - Nəticə necə oldu?

Baxış sayı:
16507

Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş olub. Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb. Muxalifet.az bu barədə "Amerikanın səsi"-nə istinadla xəbər verir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb. Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəlib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib. İki ölkənin xarici işlər nazirləri bundan öncə sentyabrın 24-də Nyu-York şəhərində görüşüb. ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır. Dağlıq Qarabağ münaqişəsinin xəritəsi “Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi”. Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir. “Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir. Muxalifet.az