“Azərbaycan üçüncü Qarabağ müharibəsinə hazırlaşmalıdır” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
1226

Sərdar Cəlaloğlu: “Görünür, hökumət Nəcməddin Sadıqovu bağışlayıb və onun əməllərinə görə heç bir cinayət işi qaldırılmayacaq”
 

“Əgər Azərbaycan Dağlıq Qarabağa sahib çıxmırsa, onda Rusiya və Ermənistanın sahib çıxması qaçılmazdır”
 
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Ermənistanda revanşist qüvvələrin aktivləşməsi və yeni müharibəyə dair çağırışlar, “altılıq formatı” kimi xarakterizə edilən əməkdaşlıq platformasının perspektivləri, o cümlədən Ukrayna Xarici Kəşfiyyat Xidmətinin Vladimir Putinin səhhəti ilə bağlı yaydığı məlumat, Nəcməddin Sadıqovun ordu sıralarından ehtiyata buraxılması, Vladimir Zelenskinin rusiyalı hüquqi və fiziki şəxslərə qarşı sanksiya barədə qərarı təsdiqləməsi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
 
“Bu gün Rusiyanın Dağlıq Qarabağla bağlı apardığı siyasət ermənilərin uduzduğu mövqelərə yenidən geri qaytarılmasına xidmət edir”

 
– Sərdar bəy, son günlər Ermənistanda revanşist qüvvələr yenidən fəallaşmağa başlayıb. Belə ki, onlar Qarabağ münaqişəsinin hələ tam həll olunmadığını və yeni müharibənin qaçılmaz olduğunu, bu səbəbdən də savaşa hazırlaşmağın vacibliyini vurğulayırlar. Həmin qüvvələrin üçüncü Qarabağ savaşını başlatmaq ehtimalı varmı?
 
– Əvvəla, onu deyim ki, ermənilərin bu mövqeyində təəccüblü bir şey yoxdur. Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında yalnız atəşkəs razılığı əldə edilib. Bu isə o deməkdir ki, müharibə vəziyyəti davam edir. Bundan başqa, Ermənistan rəsmən Azərbaycanla sülh müqaviləsi bağlamadığına görə, istənilən vaxt müharibənin yenidən alovlanması mümkündür. Əslində, bu gün Rusiyanın Dağlıq Qarabağla bağlı apardığı siyasət də ermənilərin uduzduğu mövqelərə yenidən geri qaytarılmasına xidmət edir. Odur ki, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Yəni buna ermənilər ucuz təbliğatı kimi yox, həqiqətən də onların Azərbaycana qarşı böyük bir intervensiya hazırlığı kimi baxmaq lazımdır. Bundan əvvəl də onlar deyirdilər ki, Gəncəni və digər şəhərlərimizi tutacaqlar. Daha sonra isə çox ciddi müharibə başlatdılar. Bu baxımdan, düşünürəm ki, qeyd olunan mövzuya ciddi yanaşılmalı və Azərbaycan da öz növbəsində, ciddi şəkildə üçüncü Qarabağ müharibəsinə hazırlaşmalıdır!
 
“Əgər Azərbaycan Dağlıq Qarabağda özünün suveren hüquqlarını bərpa etməsə, müharibə variantı qalacaq və Ermənistan güclənib yenidən bu ərazilərdə problemlər yaradacaq”
 
– Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin artıq fəaliyyətə başladığını nəzərə alsaq, belə hesab etmək olarmı ki, üçüncü Qarabağ müharibəsi başlayarsa, Rusiya ilə Türkiyə də savaşa qoşula bilər?

 
– Əgər Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi pozularsa və bu zaman Rusiya tərəf tutarsa, onda təbii ki, bu, üçüncü qüvvələrin də müharibəyə qarışması deməkdir. Amma üçtərəfli sazişə görə, müharibə başlayacağı təqdirdə, Rusiya bitərəf qalacaq. Əgər həqiqətən də Rusiya bitərəf qalarsa, o zaman Türkiyə də prosesə qarışmayacaq. Odur ki, bu məsələlər Rusiyanın nə dərəcədə Türkiyə və Azərbaycanla müharibə etmək həvəsiylə bağlıdır. Mənə elə gəlir ki, bu problemi birdəfəlik həll etmək üçün təcili Dağlıq Qarabağın Azərbaycanın suverenliyi çərçivəsinə qaytarılmasına çalışmaq lazımdır. İndiki halda hökumətin apardığı siyasət bu məsələyə bir o qədər də uyğun deyil və potensial olaraq bu təhlükənin uzun müddət qalmasına gətirib çıxaracaq. Əgər Azərbaycan təcili olaraq sülh müqaviləsi imzalayıb Dağlıq Qarabağda özünün suveren hüquqlarını bərpa etməsə, müharibə variantı qalacaq və Ermənistan müəyyən mənada güclənib yenidən bu ərazilərdə problemlər yaradacaq.
 
“Azərbaycan təcili olaraq Dağlıq Qarabağ ermənilərinin sosial hüquqlarının həll edilməsi istiqamətində bütün məsuliyyəti öz üzərinə götürməlidir”

 
– Sizcə, Azərbaycan Dağlıq Qarabağda suverenliyini bərpa etməsi üçün konkret hansı addımlar atmalıdır? Bu istiqamətdə təklifləriniz nədir?
 
– Bildiyiniz kimi, üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin konkret vəzifələri var. Lakin bu gün rus sülhməramlıları öz missiyasını aşan hərəkətlərə yol verir. Buna görə də Azərbaycan mütləq şəkildə özünün suveren hüquqlarını Dağlıq Qarabağa yaymağa başlamalıdır. Belə ki, Dağlıq Qarabağda Azərbaycan bayrağı olmalıdır, ora rəhbər işçilər təyin edilməlidir. Eyni zamanda, Dağlıq Qarabağa gələn ermənilərin pasportlaşdırılmasına başlanılmalı, əgər Azərbaycan vətəndaşlarıdırsa, onların sosial-iqtisadi hüquqları ilə məşğul olmaz lazımdır. Bu gün Azərbaycan müşahidə missiyası rolu oynayır və Rusiya isə Dağlıq Qarabağdakı ermənilərin sosial-iqtisadi problemlərini həll edir. Bu səbəbdən də sabah Azərbaycanın həmin adamlar üzərində söz haqqı olmayacaq. Ona görə də Azərbaycan təcili olaraq Dağlıq Qarabağ ermənilərinin sosial hüquqlarının həll edilməsi istiqamətində bütün məsuliyyəti öz üzərinə götürməlidir.
 
“Ərdoğanın təklif etdiyi platforma o zaman həyata keçəcək ki, burdakı dövlətlər bir-birinə qarşı əsassız ərazi iddiasında bulunmasınlar”

 
– Xatırlayırsınızsa, ötən il dekabrın 10-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistanın da iştirakıyla “altılıq formatı” kimi xarakterizə edilən əməkdaşlıq platformasından söz açmışdı. Belə bir əməkdaşlıq formatının yaradılması Azərbaycana və ümumilikdə regiona nə vəd edir?
 
– Sözsüz ki, bu platforma adıçəkilən dövlətlərin bölgənin təhlükəsizliyində və əməkdaşlığında aktiv şəkildə iştirakını nəzərdə tutur. Çünki qeyd olunan ölkələrin hamısının bu bölgədə həm əraziləri, həm də müəyyən siyasi maraqları var. Təbii ki, belə bir platforma yaranacağı təqdirdə, Ermənistanın Azərbaycana qarşı yersiz ərazi iddiaları aradan qalxacaq, ermənilər Türkiyə-Azərbaycan əlaqələrindən istifadə edib inkişaf edəcək, Ermənistanın Rusiyanın nəzarətindən çıxma prosesi güclənəcək. Bununla da bölgədə həqiqi qarşılıqlı əməkdaşlıq olacaq. Zatən, bu gün Ermənistan İran və Rusiya ilə əlaqələr yaratmaq üçün mütləq Azərbaycan ərazilərindən istifadə etməlidir. Eləcə də Azərbaycan Türkiyə ilə əlaqələr yaratmaq üçün müvəqqəti işğal altında olan Zəngəzur ərazisindən istifadə etməlidir. Bu baxımdan, Ərdoğanın təklif etdiyi platforma o zaman həyata keçəcək ki, burdakı dövlətlər bir-birinə qarşı əsassız ərazi iddiasında bulunmasınlar.
 
“Nəcməddin Sadıqov Rusiya ilə bağlı olduğuna görə, Azərbaycan Kremllə münasibətlərini açıq şəkildə korlamaq istəməyib və bu səbəbdən də onun işdən çıxarılması haqda publik şəkildə məlumat verilmir”
 
– Bu gün ölkə gündəmini zəbt edən mövzulardan biri də 1993-cü ildən Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini vəzifəsində çalışan general-polkovnik Nəcməddin Sadıqovun tutduğu postdan uzaqlaşdırılması barədə hər hansı qərarın açıqlanmamasıyla bağlıdır. Sadəcə olaraq, bugünlərdə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Nəcməddin Sadıqovun hazırda Azərbaycan Ordusunda xidmətdə olmadığı bildirilib. Necə düşünürsünüz, hansı səbəbdən bu məsələnin üzərindən mümkün qədər sükutla keçilməyə çalışılır?
 
– Mənə elə gəlir ki, Nəcməddin Sadıqovun məsələsi elə müharibə başlayan ilk gündən həll olunmuşdu. Çünki Azərbaycanda Silahlı Qüvvələrin Baş Qərargah rəisi funksiyasını tamamilə başqa adamlar həyata keçirdirdi. Nəcməddin Sadıqovun Rusiyanın emissarı olduğu məlumdur. Bildiyiniz kimi, biz Nəcməddin Sadıqovun xəyanəti, orduda ölkənin əleyhinə işlər aparmasıyla bağlı mütəmadi çıxışlar edirdik. Çox güman, hökumət o mülahizələri əsas götürüb ki, Rusiya qıcıqlanmasın və ya belə çıxmasın ki, Nəcməddin Sadıqov ona qarşı irəli sürülən ittihamlar əsasında işdən çıxarılıb. Çünki bu halda ona qarşı cinayət işi qaldırılmalı, barəsində hüquqi tədbirlər görülməlidir. Görünür, hökumət Nəcməddin Sadıqovu bağışlayıb və onun əməllərinə görə heç bir cinayət işi qaldırılmayacaq. Bu səbəbdən də onu səssiz yola salıblar. Fikrimcə, bu, əlahiddə məsələ olduğuna görə, hökumət bunu qabartmağı məqsədəuyğun hesab etmir. Mən də belə düşünürəm ki, bizi maraqlandıran əsas məsələ xainlərin, başqa dövlətlərin emissarlarının hakimiyyətdən uzaqlaşdırılmasıdır. Onların necə, hansı formada uzaqlaşdırılması bir o qədər də önəm daşımır. Məsələn, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyətdən uzaqlaşdırılarkən ona “Heydər Əliyev” ordeni verildi. Yəni bunun özü müəyyən mənada, əks tərəfi qıcıqlandırmamaq, onların da ambisiyalarını oxşamaq məqsədi güdür. Bəzi hallarda dövlətlər bu cür məsələləri digərləri kimi hay-küylə etmir. Odur ki, Nəcməddin Sadıqov Rusiya ilə bağlı olduğuna görə, Azərbaycan Rusiya ilə münasibətlərini açıq şəkildə korlamaq, bunun Kremlin burdakı təsir dairələrinə zərbə vurulması kimi qiymətləndirilməsini istəməyib. Ona görə də onun işdən çıxarılması haqda publik şəkildə məlumat verilmir.
 
“Həm fiziki sağlamlığı, həm ölkədəki vəziyyət, həm də beynəlxalq siyasətdəki uğursuzluqları Putinin hakimiyyətdən getməsini şərtləndirir”
 
– Bir müddətdir ki, dünyanın nüfuzlu media qurumlarında Rusiya prezidenti Vladimir Putinin səhhətində yaranan problemlə əlaqədar yaxın vaxtlarda hakimiyyətdən gedəcəyi, postunu isə komandasında təmsil olunan şəxslərdən birinə həvalə edəcəyinə dair informasiyalar yer alır. Bugünlərdə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda da Putinin səhhətində ciddi problemlər olduğu və buna görə də Kremldə hakimiyyətin “transferi”nə start verildiyi deyilir. Sizcə, bu məlumatlar nə dərəcədə doğrudur?
 
– Son vaxtlar Rusiyada baş verən xalq narazılığı Putinin siyasi lider kimi ölməsini göstərir. Yəni onminlərlə insanın küçəyə çıxması, etiraz aksiyaları Putin haqqında yaradılmış mifi tamamilə dağıtdı. Bundan sonra Putin dünya tərəfində əvvəlki kimi legitim şəxsiyyət kimi qəbul olunmayacaq. Onsuz da o, siyasi cəhətdən olduqca ciddi məğlubiyyətə uğrayıb. Onun sağlamlığı ilə bağlı məsələyə gəlincə, uzun müddətdir ki, bu barədə həm Rusiya, həm də xarici mətbuat orqanlarında kifayət qədər məlumatlar yayılır. Hətta aradabir onun ölməsiylə bağlı informasiyalar verilir. Axırıncı dəfə İlham Əliyevlə görüşərkən ayaqlarını saxlaya bilməməsi, oturduqda bir əlini arxada gizlətməsi onu göstərdi ki, Putinin çox ciddi problemi var. Verilən məlumatlarda gah deyirlər ki, parkinson xəstəsidir, gah da onurğasından ciddi zədə aldığı bildirilir. Yəni səhhətində konkret hansı problemin olduğu dəqiq bilinmir, lakin sağlamlığında ciddi problemin olduğu qeyd olunur. Hətta iddia edilir ki, Putinin yerinə ölkəni oxşarları idarə edir. Digər tərəfdən, Putin uzun müddətdir Rusiyaya rəhbərlik edir və çox müvəffəqiyyətsiz dövlət başçısı kimi yadda qalacaq. Xüsusən də bir çox intervensiya siyasəti uğursuzluğa düçar olan lider kimi xatırlanacaq. Putinin iddiaları ilə imkanları qəti bir araya sığmır. O, rus xalqına həddən artıq acınacaqlı vəziyyətə salıb. Çox güman ki, həm fiziki sağlamlığı, həm ölkədəki vəziyyət, həm də beynəlxalq siyasətdəki uğursuzluqları Putinin hakimiyyətdən getməsini şərtləndirir.
 
“Xalq etirazlarını, seçkilərdə daha ciddi namizədlərin də iştirak edə biləcəyi ehtimalını, dünyanın Rusiyanın demokratikləşməsində marağının olduğunu nəzərə alsaq, hakim elitanın iqtidarı daha bir neçə ildə əldə saxlama şansı o qədər də böyük deyil”
 
– Bəs, Putinin varisi qismində kimi görürsünüz?

 
– Rusiyada da Azərbaycandakı kimi uzun illərdir sekçilər saxtalaşdırılır, xalqın iradəsi nəzərə alınmır. Təbii, hakim elita çalışacaq ki, uzun müddət hakimiyyətdə qalsın. Çünki nəhəng korrupsiya ilə məşğuldurlar, hamısı xalqa və dövlətə qarşı cinayət törədib. Ona görə də çalışacaqlar ki, hakimiyyəti əldə verməsinlər. Dmitri Medvedyev, Sergey Şoyqu, Sergey Lavrov, Vladimir Jirinovski və digərləri də bu prosesdə iştirak edir. Amma Rusiyadakı mövcud durumu, xalq etirazlarını, sosial narazılıqları, seçkilərdə daha ciddi namizədlərin də iştirak edə biləcəyi ehtimalını, dünyanın Rusiyanın demokratikləşməsində marağının olduğunu nəzərə alsaq, hakim elitanın iqtidarı daha bir neçə ildə əldə saxlama şansı o qədər də böyük deyil. Ola bilsin ki, heç də bizim gözləmədiyimiz insanlar meydana çıxsın. Məsələn, heç kimim ağlına gəlməzdi ki, adi bir qadın seçkilərdə Lukaşenkoya qalib gəlsin. Vladimir Zelenskinin özünün Ukraynada hakimiyyətə gəlməsi heç kimin ağlına gəlməzdi. Yəni proqnozlaşdırılmırdı ki, adi aktyor prezident olacaq. Bütün bunlar hamısı Rusiya üçün də xarakterikdir. Ola bilsin ki, Rusiyada da heç kimin gözləmədiyi şəxs iqtidara gəlsin.
 
“Putinin Dağlıq Qarabağın sahibi kimi belə bir bəyanat verməsi beynəlxalq siyasi etikaya uyğun deyil”
 
 – Rusiya prezidenti Vladimir Putin Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, dünya birliyi Dağlıq Qarabağa humanitar yardım etməlidir. Onun sözlərinə görə, dünya birliyi və münaqişənin həllində iştirak edən ölkələr qarşısında zərərdəyən rayonlara yardım etmək, qaçqınların qayıdışı ilə bağlı humanitar problemlərin həlli, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası ilə bağlı vəzifə durur. Putinin bu fikirlərinin arxasında hansı məqsədlər dayanır? O, nədən Dağlıq Qarabağı işğaldan azad edilən digər bölgələrdən ayırmağa çalışır?
 
– Əvvəla, onu deyim ki, Putinin bu bəyanatı Azərbaycanın suverenliyinə qəsddir. Azərbaycan hökuməti məhz Davosda buna cavab verməliydi. Yalnız Azərbaycan prezidenti Dağlıq Qarabağla bağlı hər hansı bir siyasi bəyanat verə bilər. Rusiya guya orda sülhməramlı missiya yerinə yetirir, ona görə də Putinin Dağlıq Qarabağın sahibi kimi belə bir bəyanat verməsi beynəlxalq siyasi etikaya uyğun deyil. Azərbaycan hökuməti bununla bağlı öz mövqeyini ortaya qoymalıdır. Çünki Rusiya gücündən, ambissiyasından istifadə edib Dağlıq Qarabağı özünün ərazisi kimi görür və onunla bağlı qərarlar qəbul edir, beynəlxalq ictimaiyyətə bu cür müraciətlər edir. Bu, çox ciddi siyasi məsələdir. Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi bununla bağlı lazım gələrsə, nota verməli, beynəlxalq ictimaiyyətə özü müraciət etməlidir. Açığı deyim, Azərbaycan Dağlıq Qarabağla bağlı o qədər passiv mövqedədir ki, Ermənistan və Rusiya Dağlıq Qarabağla bağlı daha çox fəallıq edirlər. Əgər Azərbaycan özü Qarabağla bağlı eyni bəyanatı versəydi, Dağlıq Qarabağda məskunlaşma ilə əlaqədar təşəbbüsü ələ alsaydı, oradakı proseslərə müdaxilə etməyə cəhd etsəydi, o zaman bəlkə də bu cür yanaşmalar meydana çıxmazdı. Təəssüf ki, Azərbaycanın buraxdığı boşloğo Rusiya və Ermənistan böyük sürətlə doldurur. Bir sözlə, əgər Azərbaycan Dağlıq Qarabağa sahib çıxmırsa, onda Rusiya və Ermənistanın sahib çıxması qaçılmazdır.
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org