"Azərbaycan üçün vacib məsələ Xəzərin dibinin necə bölünməsidir" - POLİTOLOQ

Baxış sayı:
4780

“Xəzərin statusuna dair imzalanan Konvensiya irəliyə doğru atılmış ciddi addımdır. Yəni, artıq Xəzər və Xəzəryanı dövlətlərin iddiaları hüquqi müstəviyə çıxdı. Konvensiyada da bu hüquqi müstəvinin bir çox cəhətləri sadalanır”.

Bu sözləri politoloq Qabil Hüseynli avqustun 12-də Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyanı şərh edərkən deyib.

Politoloq bildirib ki, 22 ildir ki, Xəzərin statusu ilə bağlı aparılan danışıqlar bəlli bir nöqtəyə gəlib çatıb: “Siyasi-hüquqi sənəd olan Konvensiya imzalansa da, bu hələ son hədd deyil. Hələ ki, Xəzərin sahil sularına aid müəyyən bölgü aparılıb və bu bölgü ilə sahilyanı dövlətlərin səlahiyyətləri müəyyənləşdirilib. Məhəlli sular anlayışına sahil zonası və on kvadrat-kilometrlik iqtisadi zona və yaxud Xəzəryanı dövlətlərin iqtisadi maraqlarının qorunduğu məhəlli sular və təxminən, 15 km-lik ərazi ümumi səlahiyyətə daxil edilib. Xəzərin təkinin bölünməsi ilə bağlı hələ ki, müəyyən fikirlər səsləndilirilir. Amma burada konkretlik yoxdur. Məsələn, Xəzərin orta xətt ilə bölünəcəyi qeyd edilir. Ancaq orta xəttin necə müəyyənləşdiriləcəyi dəqiq deyil. Əvvəllər Xəzərin iki bərabər hissəyə bölünməsi ideyası irəli sürülürdü. İndi sahil çıxıntılarına uyğun olaraq qırıq xətlərlə bölünməsi gündəmdədir.

Bu gün Xəzərin suyunun üzü sahilyanı dövlətlər üçün mühüm rol oynayır. Həm ticarət nəqliyyatı, həm hərbi-dəniz donanmalarının fəaliyyəti üçün Xəzər vazkeçilməzdir. Ancaq Xəzərin dibi üçün müəyyən istiqamətlərdə sənədlər işlənib hazırlanmalıdır. Azərbaycan üçün vacib olan prioritet məsələ Xəzərin dibinin necə bölünməsidir. Çünki Xəzər dənizində ilk neft quyularını qazan, oradakı karbohidrogen yataqlarını mənimsəyən Azərbaycan olub. Ölkəmiz bundan sonra da Xəzərin özünə aid hissəsində bioloji yataqların tədqiqi və onların işlənib hazırlanması ilə məşğul olacaq. Bu məsələdə milli sektorlar mövzusunda müəyyən problemlər var. Bu problemlərdən ən böyüyü isə İranın Azərbaycanın milli sektoruna daxil olmasıdır. Ancaq Konvensiyanın imzalanmasından sonra Azərbaycana aid İranın istismar etdiyi bölgələrin birgə işlədilməsi məsələsi də öz həllini tapa bilər. Hər bir halda, son zamanlar İranın da mövqeyini yumşaldığının və “hərəyə 20 faiz” prinsipindən imtina etməməsi israrının şahidi oluruq.

Bir sözlə, Xəzər həm nəqliyyat vasitələrinin hərəkət etdiyi, həm də Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinin yaradılması baxımından əhəmiyyətə malikdir. O cümələdən, sahilyanı ölkələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən neft infrastrukturunun təməlidir”(publika.az).