Azərbaycan üçün Qazaxıstan nümunəsi

Qubad İbadoğlu
 
Qısa müddət ərzində aparılan islahatlar bu ölkədə böhranı aradan qaldırıb
 
İlk 6 ayda Azərbaycanda ÜDM 1,3 faiz, sənaye istehsalı 5,5 faiz azalıb.
Böhran yenə də davam edir, il yarımdır ki, ÜDM aşağı düşür, ikirəqəmli inflyasiya “at oynadır”, hakimiyyət nümayəndələri hələ də ağ yalanlar danışır.
Hələ ki, Qazaxıstandayam, bu ölkədə böhran əleyhinə aparılan islahatların nəticələri hiss olunur. Milli iqtisadiyyat naziri Timur Süleymanovun verdiyi məlumata görə, 2017-ci ilin birinci yarısında ÜDM 4,2 faiz, sənaye istehsalı 7,8 faiz, tikinti-quraşdırma işlərinin həcmi 5,9 faiz artıb. 6 ay ərzində 7358 sosial ev ehtiyacı olanlara təhvil verilib. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda ÜDM 1,3 faiz, sənaye istehsalı 5,5 faiz, tikinti-quraşdırma işlərinə 3,6 faiz azalıb.
Onu da qeyd edim ki, Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanovun 39 yaşı var, dövlətin xaricdə təhsil üzrə “Bolaşak” proqramı çərçivəsində Merilend Universitetində magistr təhsil alıb, məzun olub.
Yeri gəlmişkən bir məlumatı da sizinlə bölüşmək istərdim. Burda olduğum zaman izlədiyim “24 xabar” kanalında bircə dəfə Azərbaycanla bağlı informasiya verildi. Xəbər Qazaxıstanın Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankında (ABB) olan 250 milyon dollarlıq depozitinin taleyinə həsr olunmuşdu.
ABB-nin restrukturizasiya prosesini və kreditorlarla görüşünü müntəzəm izləyən qazaxlar hələ də ümid edirlər ki, Azərbaycan onlara olan borcunu qaytaracaq. Hesab edirəm ki, ABB ilk fürsətdə Qazaxıstana olan borcun qaytarmalıdır. Çünki, pensiyaçıların vəsaitinin “ABB-də batması” Azərbaycan üçün strateji əhəmiyyəti olan bu ölkədə ölkəmizin əleyhinə rəylərin artmasına gətirib çıxara bilər.