Azərbaycan üçün Belarus nümunəsi...

Və yaxud Qərbi sevməyən iqtidar Belorus prezidentinin siyasi addımından nəticə çıxaracaq?

Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan siyasi məhbusları əfv etdi. Həmin siyasi məhbsular arasında prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç və daha 5 müxalifətçi - Yevgeni Vaskoviç, Nikolay Dedka, İqor Olineviç, Artyom Prokopenko və Yuri Rubtsov da var.
Xatırladaq ki, bu şəxslər 2010-cu ildə Minskdə prezident seçkilərinin nəticəsinə etiraz əlaməti olaraq keçirilən aksiyalarda saxlanılmışdı. Həmin vaxt etirazçılar Belarus MSK-nın yerləşdiyi hökumət evinə hücuma təşəbbüs göstərmiş və 700-dək adam həbs edilmişdi. Bunların içərisində Lukaşenkonun 9 rəqibindən 5-i, o cümlədən ana müxalifət lideri N.Statkeviç də var idi. 6 il həbs cəzası verilən N.Statkeviçə ciddi rejimli həbsxanada saxlanılırdı.
Mövzuya keçməzdən öncə qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ və Avropa Birliyi tərəfindən diktatorlar siyahısında adı çəkilən dövlət başçılarından biridir. Çünki bu ölkədə Qərbyönümlü siyasi təşkilatların fəailyyəti hər zaman məhdudlaşdırılıb. Prezidentin siyasətinə qarşı çıxanlar bu və ya digər itthamlarla azadlıqdan məhrum edilib. Ölkədə hüquq sistemi birbaşa prezidentin iradəsindən asılıdır və s.
Bəzi siyasi ekspertlər hesab edir ki, bir çox faktorlara, ən əsası da Rusiyadan asılılığına görə Belarusla Azərbaycan hakimiyyətləri arasında kifayət qədər oxşarlıqlar mövcuddur. Görünür, elə bu səbəbdəndir ki, prezidentlər arasındakı münasibətlər də olduqca yüksək səviyyədədir. Lakin onu da deməliyik ki, Azərbaycandan fərqli olaraq bu ölkə yeri gəldikdə Rusiyaya qarşı çıxmağı, hətta Putinə əzələ nümayiş etdirməyi də bacarır. O cümlədən zaman-zaman biz Belarus prezidentinin beynəlxalq əhəmiyyətli bir çox görüşlərə vasitəçilik etdiyinin də şahidi olmuşuq. Hansı ki, məhz bu keyfiyyətinə görə, Qərbin diktator Lukaşenkoya münasibəti Azərbaycan prezidenti İlham Əliyevə münasibətindən dəfələrlə yüksək olduğu şübhə doğurmur. O da sirr deyil ki, A.Lukaşenkonun heç bir əfv ərizəsi tələb etmədən siyasi məhbusları azad etməsi ona olan münasibəti bir qədər də yaxşılaşdıracaq.
Belə olduğu halda, cəmiyyətdə çoxlarını düşündürən bir sual var: Azərbaycan prezidenti nə üçün ən azı öz imicini düzəltmək xatirinə bu cür siyasi gedişlər etmək istəmir?
Bəlli olduğu kimi, Azərbaycanda siyasi məhbusların sayı onlarladır. ABŞ Dövlət Departamentinin sonuncu hesabatı da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında siyasi məhbusların azadlığa buraxılması tələb olunsa da, hakimiyyət bu çıxışlara qarşı radikal mövqe nümayiş etdirir. Üstəlik, bu hesabatlardan sonra Qərbə qarşı ardıcıl hücumlar təşkil edilir, Avropa dəyərləri kəskin pislənilir, ABŞ irqi ayrı-seçkilikdə ittiham olunur və s.
Bu gün isə ortada tamamilə fərqli bir mənzərə var. Azərbaycandan fərqli olaraq Belarus hakimiyyəti siyasi məhbusları azad etdi. Maraqlıdır, hər zaman Avropa ölkələrinin nümunə gətirilməsini süngi ilə qarşılayan Azərbaycan hakimiyyəti bu dəfə Belarus prezidentindən örnək alacaqmı? Hər halda, Azərbaycan prezidentinin də oxşar siyasi gedişlə siyasi məhbusları əfv etməsi arzuolunandır. Bu qərar həm cəmiyyətdə, həm də Qərbdə müsbət qarşılanar və İ.Əliyevin siyasi imicinə də müsbət təsir göstərər...
RƏŞAD   
P.S. Azərbaycan prezidenti İlham Əliyevlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında daha bir fərqli cəhət odur ki, birinci seçkilərdə 84,5 faiz, ikinci isə 45,1 faiz səs toplayaraq hakimiyyətə gəlib...