Azərbaycan telekanallarında yaşanan RƏZALƏT - Və yaxud Tovuzda 60 gəncin işdən çıxarılmasına nə səbəb olub…

Baxış sayı:
3250

2018-ci ilin dekabrın ortalarında "CVN TV"-də kütləvi istefalar oldu. Səbəb kimi, şirkətin baş prodüseri Ulvira Qarayevanın əməkdaşları təhqir etməsi və qeyri-insani davranışı göstərilib.
Sosial şəbəkələrdə daha bir telekanalın adı oxşar qalmaqallarda hallanıb. İşdəki dözümsüz şəraitə görə bir neçə əməkdaş "ARB 24" televiziyasını tərk edib. Qeyri-rəsmi məlumatlara görə, hər iki kanalın "ARB" Media Qrupun rəhbərliyinə bağlı olduğu üzə çıxıb. Məlum olub ki, son zamanlar bu media qrupda da qalmaqallı hadisələr bir-birini əvəz edir.
2017-ci ilin dekabrında qrupa daxil olan və Tovuzda fəaliyyət göstərən "ARB 24" xəbər kanalı ilk ümümrespublika ixtisaslaşmış xəbər televiziyası yaratmaq hüququnu qazandı. Televiziya əməkdaşlarının bəlası da elə bundan sonra başlandı.
Media qrupun rəhbəri İsmət Səttarov televiziyanın Bakıya köçürülməsi və Tovuzdakı yerli kanalın bağlanması haqqında qərar qəbul etdi. Halbuki region kanalı kimi yaradılmış "Türkel TV" MMC-nin saxlanılması o qədər də böyük məsrəf tələb etmirdi. Həm də bu onlarla yerli gəncin işlə təminat məsələsini həll edə bilərdi. Amma həmin dövrdə 60-a yaxın tovuzlu gənc işdən azad edildi. Daha sonra "ARB 24"-ün direktoru Nadir Şəfiyev və baş redaktoru Allahverdi Nadir oğlu vəzifələrindən uzaqlaşdırıldı. Amma məcaralar bununla da bitmədi. Daha sonra televiziyanın 12-dən çox əməkdaşı ya televiziyadan uzaqlaşdırıldı, ya da mövcud dözülməz şəraitə etiraz olaraq oranı tərk etdi. Həmin şəxslərin sosial şəbəkələrdə paylaşdıqları statuslarında göstərilir ki, şirkətdə yaradılmış ayrı-seçkilik və dözülməz şərait onları bu addımı atmağa vadar edib.
Məsələ ilə bağlı müxtəlif digər saytlarda da yazılar dərc olunub. Amma bizdə olan məlumata görə, "ARB" Media Qrupun rəhbərliyi müxtəlif imkanlardan istifadə edərək, həmin saytlardan materialların çıxarılmasına nail olub. Buna necə nail olduqları isə, artıq başqa yazının mövzusudur.
 


Fərman Osmanov