​AZƏRBAYCAN “SKRİPAL İŞİ”NƏ QOŞULDU

Baxış sayı:
4126

Rusiya KSQT-nin Haaqadakı toplantısında istəyinə nail ola bilmədi; Qərb nəşrləri yazır ki,  ikili agent üçün zəhər Moskva ətrafındakı Yasenevo rayonundakı laboratoriyada hazırlanıb

Rusiya kimyəvi silahların qadağanına nəzarət edən qlobal təşkilatda keçirilən səsverməni uduzub. Kimyəvi Silahların Qadağanı Təşkilatının (Organization for the Prohibition of Chemical Weapons - OPCW) aprelin 4-də keçirilən iclasında keçmiş Rusiya casusu Sergey Skripalın İngiltərədə zəhərlənməsinə dair müzakirə keçirilib. Kimyəvi Silahların Qadağanı Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir.
Rusiya bu insidentin araşdırılmasına öz ekspertinin də cəlb edilməsini tələb edirdi.
“Reuters” agentliyi xəbər verir ki, aprelin 4-də təşkilatın bağlı qapılar arxasında keçirilən bu iclasında Rusiyanın təşəbbüsünü Çin, Azərbaycan, Sudan, Əlcəzair və İran müdafiə ediblər. Təşkilatın 17 üzvü səsvermə zamanı bitərəf qalıb.
Səsvermədə 41 ölkənin nümayəndələri iştirak edib. Beləliklə, bu səsvermədə Rusiyanın təklifi keçməyib. Bu arada Rusiyanın BMT-dəki səfiri Skripalın zəhərlənməsi ilə bağlı aprelin 5-də BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsinə çağırıb.
Bundan əvvəl aprelin 4-də Britaniyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı nümayəndə heyəıti Moskvanın insidentə dair müştərək Brianiya-Rusiya təhqiqatının keçirilməsi təklifini rədd edib.( amerikaninsesi.org)
London bildirib ki, hər hansı belə təşəbbüsdə bulunmazdan əvvəl Moskva Londonun legitim suallarına cavab verməlidir.
 “Britaniya təhlükəsizlik xidməti  Solsberqdə istifadə edilmiş zəhərli  qazın Rusiyadakı hansı laboratoriyada istehsal  istehsal edilməsini müəyyən edib”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Time” qəzeti məlumat yayıb.
 “Time” etibarlı mənbəyə istinadən yazıb ki, laboratoriyanın yerini  “elmi təhlil və kəşfiyyat məlumatları əsasında ” üzə çıxarıblar.
“The Sun” nəşri isə yazıb ki, Skripal üçün zəhər hazırlanan laboratoriya Moskva ətrafındakı Yasenevo rayonunda yerləşir.
Bu arada Almaniya hökumətinin sözçüsü deyib ki, Berlin Skripala kimyəvi hücumda Rusiyanın əsas şübhəli olmasına dair Londonun mövqeyini bölüşməkdə davam edir.
Rusiya prezidenti Vladimir Putin aprelin 3-də ümid etdiyini bildirmişdi ki, Kimyəvi Silahların Qadağanı Təşkilatındakı müzakirə Skripal insidenti ilə bağlı yaranmış diplomatik qarşıdurmaya son verəcək.
Yada salaq  ki, Skripalın zəhərlənməsi ilə bağlı 20-dək Qərb ölkəsi 150-dən çox Rusiya diplomatını qovub.
Ekspertlər hələ bu qalmaqal yeni başlayanda  Azərbaycanın hansı mövqe tutmasını təhlil edirdilər. Məsələn, politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında demişdi ki, Azərbaycan bu məsələdə birmənalı şəkildə neytral qalmalıdır: “Yaddan çıxarmayaq ki, Britaniya uzaqda, Rusiya isə yanımızdadır. Bu agent skandalının Azərbaycana heç bir aidiyyəti yoxdur. Bu məsələyə Azərbaycan qətiyyən müdaxilə etməməlidir. Zatən Azərbaycandan tərəf tutmağı heç kəs gözləmir. Fakt yoxdur deyəndə ki, məsələ araşdırılır. Bu qətldə bütün yollar Kremlə gedir çıxır. İngilislər əmin olmasaydı, bu cür açıq şəkildə Rusiyanı ittiham etməzdilər. Bu məsələdə haqlı tərəf Britaniyadır. Lakin bu davanın Azərbaycana heç bir aidiyyəti yoxdur. Azərbaycan Rusiya ilə həmsərhəd olan balaca və kifayət qədər problemli ölkədir. Kiçiklər böyüklərin davasında eyni məsafə tutub kənarda qalmalıdır. Kənarda qalsaq, heç kəsin hədəfinə tuş gəlməyəcəyik və hər iki tərəflə yaxşı münasibətləri qoruyub saxlaya biləcəyik”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev  “hazırkı  həssas vəziyyətdə və  Azərbaycanın indiki durumunda bizim üçün tərəflər arasında seçim etmək doğru deyil. Yəni ortada ciddi faktlar olmayacağı təqdirdə bitərəf qalarıqsa,  buna  görə də bizim üstümüzə heç bir tərəf gəlməyəcək”-deyə, bildirmişdi.
Qeyd edək ki, Kimyəvi Silahlar Konvensiyasını 1992-ci ildə BMT-nin  47-ci Baş Assambleyasında imzalamaq təklifi edilib. İmzalanma mərasimi Fransa prezidentinin təşəbbüsü ilə Parisdə  1993-cü ilin 13 yanvarında həyata keçirilib. Ötən dövr ərzində Azərbaycan da da daxil olmaqla, 160 dövlət konvensiyanı imzalayıb. konvensiya 165-ci ölkə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra 29 aprel 1997-ci ildə qüvvəyə minib.
Bir çox Avropa dövlətləri, ABŞ, Rusiya, Ermənistan (27.01.95) və Gürcüstan da (27.11.95) daxil olmaqla, bəzi MDB dövlətləri konvensiyanı ratifikasiya edən ölkələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir.
Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürüb. Konvensiya çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlarla birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi konvensiyada nəzərdə tutulub. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilən zəhərli kimyəvi maddələrə aiddir. Buna görə də bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır.
Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar həyata keçirilir.