Azərbaycan əsgərini vuran erməni hərbçilər mükafatlandırıldı

Baxış sayı:
20254

İşğalçı Ermənistan danışıqları pozmağa yönəlik daha bir addım atıb. Belə ki, 22 sentyabr, saat 16.15 radələrində təmas xəttini azaraq neytral əraziyə keçən Azərbaycan əsgərini öldürən erməni hərbçilər mükafatlandırılıb. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 1 oktyabrda bununla bağlı Qarabağdakı qondarma qurumun “prezidenti” Bako Saakyan “fərman imzalayıb”. Azərbaycan əsgərinə atəş açan Paruyr Amirxanyan və Rafik Ordonyan təltif edilib. Qeyd edək ki, hətta Ermənistanın müdafiə naziri David Tonoyan özü də Azərbaycan əsgərinin azaraq neytral zonaya keçdiyini dolayısı ilə etiraf etmişdi. Lakin insanlıqdan kənar davranışları ilə bəşəriyyətə pis nümunə olan düşmən ölkənin işğalçı əsgərləri bu dəfə də öz ənənələrinə sadiq qaldılar. Üstəlik, düşmən şərəfsizcəsinə bu qətlə imza atan əsgərlərinə mükafat verdi. Qaldı Azərbaycan əsgərlərinin erməni hərbçilərini “mükafatlandırması”, inşallah tezliklə əsgərimizin qisası alınar.