Azərbaycan səfirinin Türkiyəyə buraxılmamasının ŞOK GİZLİNLƏRİ – Sensasion planın bəzi detalları ortaya çıxdı...

Baxış sayı:
11452

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla  əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub.
Türkiyənin “Ensonhaber” portalının məlumatına əsasən, Elşad İsgəndərov Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə düşürməkdə” günahlandırılır. “İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında yanvarın 15-də keçirilən və 56 üzv ölkənin səfirlərinin  iştirak etdiyi toplantıda  Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürən azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulub”-xəbərdə belə deyilir.
Qeyd olunur ki, həmin toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək “Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.
Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmi məqamları “XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini və həmin çıxışın geri alındığını bildiriblər.
Məlum olub ki, Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxs hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərovdur. Nəticədə məsələnin üzə çıxmasından sonra İsgəndərovun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub, o “persona non qrata” elan edilib.

Bu arada, Muxalifet.az Türkiyədəki mənbələrdən Elşad İsgəndərovun Türkiyəyə buraxılmaması ilə bağlı daha ətraflı informasiyalar əldə edib. İddia olunur ki, E.İgəndərov və vaxtilə Azərbaycanda yüksək vəzifələrdə çalışan bəzi məmurların son vaxtlar Türkiyəyə qarşı ortaq layihə üzərində işlədiyi bəlli olub. Azərbaycan səfirinin məhz bu baxımdan qardaşı ölkəyə buraxılmadığı vurğulanır.
Mənbə deyir ki, Elşad İsgəndərovun 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri, 2014-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışan və hazırda Dubayda yaşayan Elnur Aslanovla son vaxtlar çox tez-tez təmaslar qurduğu ortaya çıxıb. Hətta bu işbirliyində keçmiş deputat Ceyhun Osmanlının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (ləğv olunmuş) keçmiş rəhbəri Fərhad Məmmədovun da adı hallanır.

Məlumata əsasən, ötən il dekabr ayının sonunda Ceyhun Osmanlı öz ailəsi ilə birlikdə Dubaya səfər edib. O, öz yaxınlarına bu səfərin Yeni il ərəfəsində ailəsini Dubaya gəzintiyə aparmaq məqsədi daşıdığını bildirsə də, onun həmin vaxt E.Aslanovla hansısa iri layihə üzərində geniş müzakirə apardığı haqda bilgilər var. Belə güman olunur ki, tərəflər vaxtilə Azərbaycanda qazandıqları yüksək mövqeni yenidən bərpa etməyə çalışmaqla yanaşı, Türkiyədəki FƏTÖ tərəfdarlarına da Azərbaycan üzərindən dəstək verməyə çalışırlar.

Mənbə deyir ki, Strateji Araşdırmalar Mərkəzi ləğv olunduqdan sonra işsiz qalan Fərhad Məmmədov da həmin planın içində yer alır. Tərəflər arasında müntəzəm əlaqələrin qurulduğu və yeni proje üzərində gərgin iş aparıldığı bildirilir.
Məlumata görə, səfir Elşad İsgəndərovun Türkiyəyə buraxılmaması da hələlik detalları açıqlanmayan məlum qaranlıq fəaliyyətlə bağlıdır.
Xatırladaq ki, Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında  uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib.

İstər Elşad İsgəndərovun, istər də digər şəxslərin – Elnur Aslanov, Ceyhun Osmanlı və Fərhad Məmmədovun  adı Fətullah Gülənin təriqəti ilə bağlı dəfələrlə hallanıb. Hazıda Fətullah Gülənin təriqəti Türkiyədə FETÖ, yaxud silahlı terror təşkilatı kimi tanınır.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.