Azərbaycan Rusiyanın bəyanatını qəbul etmir

Baxış sayı:
4975

Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Qarabağın erməni icmasının liderinin Moskvaya səfərinin Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik missiyasına zidd olmaması barədə bu gün yaydığı bəyanatı qəbul etmir.
 
Mariya Zaxarova bildirib ki, Bako Saakyanın Moskvaya səfərinə yalnız şəxsi səfər kimi baxmaq olar.
"Səfərin statusu göz önündədir. Və o məhz bu şəkildə, şəxsi səfər qismində nə Rusiya qanunvericiliyinə, nə mövcud beynəlxalq razılaşmalara, nə Rusiyanın Dağlıq Qarabağ nizamlanmasında vasitəçilik missiyasına zidd deyil" - deyə, "İnterfaks" agentliyi Zaxarovaya istinadən bildirib.
"Buna görə Azərbaycan tərəfinin bu yaxınlarda bəyanatda Rusiya tərəfinə bildirdiyi iradlar bizim nöqteyi-nəzərimizdən əsassızdır", o qeyd edib.
Saakyandan Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə mənşə ölkəsinin - Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?
Azərbaycan Xarici İşlər Nazirliyi isə Zaxarovaya cavabında bunları bildirib: "Rusiyanın Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə Bako Saakyan sanki Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə "rəhbəri" qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib. Şərhdə bildirilir ki, bu səfər `Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil`. Yenə də xatırlatmaq istərdik ki, 1997-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır".


Mariya Zaxarova Bakıda "Jara" festivalında, iyul, 2018.

"Həmçinin sual əmələ gəlir - əgər bu həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) "şəxsi" səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə mənşə ölkəsinin - Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?", Azərbaycan Xarici İşlər Nazirliyinin təmsilçisi Leyla Abdullayeva Rusiya tərəfindən sual edir.
Dağlıq Qarabağın erməni icmasının lideri Bako Saakyanın noyabrın 24-də Moskvaya səfər edib. Saakyan bundan öncə, noyabrın 14-də Fransada, noyabrın 16-da ABŞ-da səfərdə olub. Onun rəsmi şəxslərlə görüşünün olub-olmaması barədə məlumat yayılmayıb.
Dağlıq Qarabağın erməni icmasının liderinin səfər etdiyi hər üç ölkə münaqişənin danışıqlar yolu ilə nizamlanmasında tərəflər arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləridir.
Saakyanın həmsədr ölkələrə səfərləri ATƏT-in Minsk Qrupunun həmsədlərinin okyabrın 29-dan noyabrın 2-dək Azərbaycan və Ermənistana səfərlərindən sonraya təsadüf edir.
Səfərdən sonra Minsk Qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda deyilir ki, səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub.
Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabrında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşün təşkili istiqamətində müvafiq iş aparır.
"Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir", Azərbaycan
Xarici İşlər Nazirliyi qeyd edib.


Bako Saakyan

Bununla parallel olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın Fransaya, ABŞ-a və Rusiyaya səfərlərinə etiraz ifadə olunan bəyanatlarla çıxış edib. ABŞ və Fransa isə Azərbaycanın ərazi bütövlüyünü tanıdğını və münaqişənin dinc yolla nizamlanmasını dəstəklədiyini bildirib.
Bako Saakyanın Rusiyaya səfərinə gəlincə Azərbaycan xarici İşlər Nazirliyi bildirir: “Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiyanın ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir”.
Nazirliyin açıqlamasında deyilir ki, Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən Rusiya və Azərbaycan arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.
“Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, nazirlik xəbərdarlıq edib.