​Azərbaycan-Rusiya gömrüyü arasında mühüm razılaşma...

Baxış sayı:
4999

Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, oktyabrın 4-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilib. İclasa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri qatılıb.
Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev təmsil ediblər.
Əvvəlcə toplantıda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsi barədə məlumat verilib. Məlumatı MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Katibliyi təqdim edib.
Sonra Özbəkistan Gömrük Xidmətinin təqdimatında "Dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları (gömrük rəsmiləşdirilməsi) və gömrük nəzarəti həyata keçirilərkən MDB üzv dövlətlərinin gömrük orqanları ilə dəmir yolu daşıyıcıları arasında qarşılıqlı əlaqəli nümunəvi texnologiyalar layihəsi" və "MDB üzv dövlətlərin gömrük orqanlarının məlumat sistemlərinin və resurslarının informasiya təhlükəsizliyinə dair nümunəvi tələblər" barədə məlumat verilib.
Daha sonra iclasda Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.
Bundan başqa, toplantıda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2019-cu il üçün iş planları təsdiqlənib.
İclasda Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən "MDB üzv dövlətləri gömrük xidmətlərinin Ümumdünya Gömrük Təşkilatının işində rus dilindən istifadə təcrübəsinin genişləndirilməsi üzrə ÜGT-nin pilot layihəsində iştirak haqqında", "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem Konvensiyasının rusdilli versiyasının 6-cı nəşrinə dəyişikliklər edilməsi, onun əsasında Müstəqil Dövlətlər Birliyi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və onların şərhi haqqında" təqdimatlar da keçirilib.
İclas çərçivəsində 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında Protokol" çərçivəsində məlumat mübadiləsinin texniki şərtləri imzalanıb.
Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin imzalayıblar.
Eyni zamanda, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev MDB üzv dövlətləri arasında gömrük işi sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının yaradılmasının 25 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
Sonda MDB üzv dövlətləri Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri təsdiq edilib və bununla da iclas öz işini yekunlaşdırıb.