“Azərbaycan regionda əməkdaşlığın yeni fəlsəfəsini yaradacaq”

Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində noyabrın 1-də daha bir görüş baş tutdu. Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirildi.
 
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Publika.az-a bildirib ki, Tehran sammiti 2016-cı ilin avqustunda Bakıda keçirilən üçtərəfli sammitdə başlanan prosesi davam etdirən və sürətləndirilməsinə təkan verən zirvə kimi qiymətləndirilməlidir.
Politoloq qeyd edib ki, sammit iqtisadi mahiyyət daşıdığı üçün burada qəbul edilən qərarlar hər dövlətin iqtisadi yüksəlişinə xidmət edəcək. Bu istiqamətdə konkret anlaşmaların olduğunu deyən N.Miri neft sahələrinin işlənməsindən, birgə investisiya fondunun yaradılmasına qədər çox ciddi qərarların qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bunlar hər üç ölkədə inkişafa gətirib çıxaracaq strateji qərarlardı.
Müsahibimiz hesab edir ki, yeni kommunikasiya xəttinin yaradılmasında Azərbaycanın birləşdirici geosiyasi amil olaraq iştirak etməsi regiona sülh gətirməklə bərabər, həm də regional ölkələrlə əməkdaşlığı sürətləndirəcək. Politoloq iki kommunikasiya xəttinin – şimal-cənub və şərq-qərb xətlərinin Azərbaycandan keçməsinin də strateji əhəmiyyət daşıdığını söyləyib:

“İkinci, şimal-cənub xəttinin dövriyyəyə buraxılması Finlandiyadan başlayaraq, Hindistana qədər yeni bir iqtisadi yüksəlişin təzahürü olacaq. Azərbaycan kommunikasiya sistemlərini birləşdirərək regionda bütövlükdə əməkdaşlığın yeni fəlsəfəsini yaradacaq. Tehran sammiti geosiyasi hadisə kimi çox dəyərlidi. Bunun müsbət nəticələrini yaxın vaxtlarda təkcə Azərbaycan deyil, bütün regional ölkələr görəcək. Bu, Azərbaycanın həm qonşu, həm də qonşu olmayan Qərb dünyasının inkişaf etmiş ölkələri ilə əməkdaşlığını yüksəldəcək. Bu da yekunda Azərbaycanın qlobal miqyasda nüfuzunu artıracaq”.
Qərb dünyası ilə müəyyən problemləri olan Rusiya və İranla münasibətlərin inkişafı fonunda Azərbaycan üçün mümkün risklərə gəlincə, N.Mirinin fikrincə, hər hansı risklərdən söhbət gedə bilməz: “Yeni kommunikasiya xətlərinin yaradılması yalnız regional deyil, həm də qlobal xarakter daşıyır. Azərbaycan bu kommunikasiya xətlərinin birləşdirici nöqtəsidir. Bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, həm də regional və Qərb dünyasının maraqlarına cavab verən hadisədir. Buna görə də Qərb bu formata qarşı ola bilməz. Qərbin özü də maraqlıdır ki, şimal-cənub kommunikasiya xətti şərq-qərb xəttinə birləşsin. Bu xətlərin birləşməsi üçün isə bütün keçidlər Azərbaycandan keçir. Ona görə də bu məsələdə Azərbaycan üçün ciddi risk faktorlarının olduğunu düşünmürəm”.
Ömər Dağlı