Azərbaycan Qərb təhsilindən imtina edir? - RUSİYA İLƏ ANLAŞMANIN PƏRDƏARXASI

Baxış sayı:
6451

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində Bakıda daha üç Rusiya universitetinin filialı açılacaq.

 

Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin filialları açılacağı xəbər verilir.

Rusiya universitetlərinin filiallarının Azərbaycanda nə vaxt açılması, onların maddi-texniki bazası və maliyyələşdirilməsi hansı mənbə hesabına həyata keçiriləcəyi ilə bağlı suallara Təhsil Nazirliyi cavab verməyib.

Hazırda isə Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsaitlər barədə məlumatda göstərilir ki, ADA universitetinə rekord miqdarda 17 milyon 556 min manat vəsait ayrılması nəzərdə tutulub.

Bundan sonra isə Azərbaycanda fəaliyyət göstərən iki Rusiya universitetlərinin filiallarına birlikdə 16 milyon 928 min manatdan çox vəsait nəzərdə tutulur.

Göstərilən məbləğə müəllim maaşlarının əsas hissəsi və dövlət sifarişi ilə təhsil alan tələbələrin ödənişləri daxil deyil.

Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsait
Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsait

Moskva Dövlət Universitetinin filialı 2009-cu ildə Bakıda açılıb və öz binası və universitet şəhərciyinin şəhərdən kənarda yerləşməsi ilə fərqlənir.

Filialın rektoru akademik Nərgiz Paşayeva həm də, birinci vitse-prezident Mehriban Əliyevanın bacısıdır.

Tibb Universiteti, Seçenovun Bakı filialıM.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında dərs

Birinci Moskva Dövlət Tibb Universitetinin filialı isə 2015-ci ilin sentyabrında açılıb və rektoru professor Əziz Əliyevdir.

O isə prezident İlham Əliyevin dayısı Milli Onkologiya mərkəzinin rəhbəri Cəmil Əliyevin oğludur.

Niyə rus ali məktəbləri?

Azərbaycanda yalnız bir layihəni Azərbaycan-Fransız Universitetini saymasaq heç bir dövlət, özəl Qərb universiteti fəaliyyət göstərmir, amma Rusiya dövlət universitetlərinin filiallarının sayı artır.

Regionda olan Gürcüstan və Ermənistanda isə bir neçə Qərb universitetləri və onların filialları fəaliyyət göstərir.

Siyasi şərhçi və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, bu siyasi, strateji və hərbi məsələdir.

"Əslində bunlar hamısı Qarabağ məsələsinə bağlıdır. Rusiyanın bu məsələdə xeyir-duasını almaq üçün Azərbaycan tərəfi cürbəcür belə addımlar atır. Mən deyə bilmərəm ki, bu addımlar rusları aldada bilər. Rusiya universitet yox öz ordusunu Azərbaycana qaytarmağın marağındadır",- Hikmət Hacızadə belə deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti belə qərara gəlib ki, cürbəcür belə dostluq əlaqələri, əməkdaşlıq nümunələri olsun və Rusiya başa düşsün ki, "biz onun dostuyuq, Türkiyə tərəfə getməyəcəyik".

Cənab Hacıyevin fikrincə Rusiyanın Azərbaycanda məlumat agentlikləri yaratmaq, Sputnik agentliyi açamaq kimi addımları bu qəbildəndir.

"Ümumilikdə ordudan başqa Rusiya nə deyirsə onu edirik. Ordunun yerləşdirilməsindən başqa, Rusiyanın humanitar və iqtisadi sferada istədiklərini Azərbaycan edir", Hikmət Hacıyev deyir.

"Yaxşı olardı ki, Bakıda New York universitetinin, Bristol universitetinin, Sorosun Mərkəzi Avropa universitetinin filialı açılsın. Amma Sorosun Qarabağ məsələsinə aidiyyatı olmadığı üçün onun universiteti gözləyə bilər",- Hikmət Hacıyev bildirib.

Azərbaycanda dövlət büdcəsindən universitetlərə birbaşa ayrılan vəsaitAzərbaycanda dövlət büdcəsindən universitetlərə birbaşa ayrılan vəsait

Qərb universitetləri niyə yoxdur?

Milli Məclisin Təhsil və elm komissiyasının üzvü Asim Mollazadə hesab edir ki, Rusiya universitetlərinin bir sıra üstünlükləri var, öz təcrübəsinə görə Azərbaycan universitetlərindən üstündür.

"Bəlkə də, Rusiyanın bir universitetinin böyük filialın yaratmaq olardı, nəinki onlarla xırda universitetlərin filialları. Əslində Amerika Birləşmiş Ştatları, Avropa universitetləri ilə sıx munasibətlərin, eyni kurikkulum ilə ənənələr əsasında güclənib inkişaf etməsini istəyərdim. Çünki dünyanın Tomson Reuter-in cədvəlinə baxanda 100 universitet siyahısında Rusiya universitetləri yoxdur.

Deputat deyib ki, buna baxmayaraq, Rusiya və Azərbaycan universitetlərinin əməkdaşlığını normal hesab edir.

"Mən Azərbaycanda əli təhsil sahəsində islahatlar üçün çox ciddi proqrama ehtiyac olduğunu qeyd etmişdim. Burada beynəlxalq təcrübəyə də ehtiyac var",- Asim Mollazadə deyib.

Təhsil üzrə şərhçi və Milli Məclisin keçmiş Elm və təhsil məsələləri komissiyasının sədri Şahlar Əsgərovun fikirncə Azərbaycanda fəaliyyət göstərən Rusiyanın iki universitetinin fialialarında təhsil mühiti yüksək səviyyədədir.

"Azərbaycan universitetlərinin bütün kollektivi keçmiş sovet düşüncəsindən bu günə gəlib. Bu günkü düşüncə isə sovet düşüncəsindən çox yaxşı deyil. O vaxtı qanun və normalar var idi. İndi isə normaya əməl edən yoxdur. Bu baxımdan bizim universitetlərdən yeni universitet düzəltmək çətindir. Ondansa hansısa universitetin filialını yaratmaq, normaları müəyyən edib yeni düşüncəli insanları cəlb edib universiteti inkişaf etdirmək olar",- Şahlar Əsgərov belə deyib.

Onun sözlərinə görə, "bir neçə il öncə Rusiya milli tədqiqat universitetləri yaratmaq qərarını qəbul etdi. Rusiyanın 600-dən çox universitetindən 32-i bu statusu aldı. Bundan sonra onların təminatı Avropanın orta səviyyəli universitetlərinin səviyyəsinə qaldırıldı".

Rusiya universitetlərini filiallarının Azərbaycan dövləti tərəfindən maliyyələşdirməsi məsələsinə gəlincə isə, Şahlar Əsgərov deyir ki, təhsil məsələsi "geosiyasətdir".

"Rusiyanın burada təhsil müəssisəsi açması onların marağına uyğundur. Bu ölkələrarası razılaşmadan ibarətdir, onlar xərcin bir hissəsini özləri çəkə bilər, yaxud da ölkənin boynuna qoya bilər",- Şahlar Əsgərov deyib.

Məlumata görə, Azərbaycan Təhsil Nazirliyinə Rusiya Federasiyasının yalnız bir ali təhsil müəssisəsi - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) filialın açılması ilə bağlı rəsmi şəkildə müraciət edib.

Hazırda MDBMİ və yerli ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq formaları ilə bağlı müzakirələr gedir, rəsmi məlumatda deyilir.

BBC