​Azərbaycan Ordusunun İTLƏRİNƏ ERMƏNİ DİLİ DƏ ÖYRƏDİLƏCƏK

Azərbaycan Ordusunda Kinologiya mərkəzi 1992-ci ildən fəaliyyətə başlayıb. Hazırda mərkəzdə xüsusi itlər yetişdirilir və seçilərək təyinatı üzrə bölmələrə verilir. Burada ümumilikdə 30 baş xidməti itə təlim keçilir. Onlardan 13 başı erkək, 17 başı isə dişi itlərdir.
Bunu yerli KİV-ə Silahlı Qüvvələrin Kinologiya Mərkəzinin rəisi, polkovnik-leytenant Ariz Xasıyev deyib.
Qurumun baş kinoloq-təlimatçısı kapitan Mövcud Əsgərov isə bildirib ki, hazırda mərkəzdə 6 növdə it var: Alman qurdbasanı, labrador, rotveyler, doberman, pitbull… Bu itlərin əksəriyyəti damazlıq bölməsində yetişdirilir. Daha sonra digər bölmələrə paylanılır. İtlər 4 aylığından xidmət göstərəcəyi sahə üzrə seçilir. Sakit itlər minaaxtaran bölümünə, nisbətən bəd itlərsə qarovul xidmətinə verilir. Bunun da səbəbi var. Baş təlimçi deyib ki, qarovul itləri posta kənar şəxslərin yaxınlaşdığını dərhal hiss edir və buna reaksiya verirlər. Minaaxtaran itlərsə nisbətən sakit olduğu üçün onlar qaravula çıxarılmır.
Peşəkar təlimatçı çox maraqlı bir məsələyə də toxunub. Onun sözlərinə görə, hazırda itlərə təlimlər ancaq Azərbaycan dilində keçilir. İtlər bütün tapşırıqları Azərbaycan dilində səsləndirilən sözlər əsasında edir. Yaxın zamanda itlərə erməni dilində sözlərin öyrədilməsi nəzərdə tutulur. Bu, daha çox qaravul itləri üçün nəzərdə tutulub. Çünki onlar düşmən yaxınlaşdığı zaman erməni dilində danışıq eşitdikdə əsgərləri xəbərdar edə biləcəklər. (virtualaz)