Azərbaycan ordusu Qarabağda Ermənistanın 5 “Tor” kompleksini məhv edib - "BU SİLAH PİS NƏTİCƏ GÖSTƏRİB..."

Baxış sayı:
475

Rusiyanın hərbi-sənayesinin istehsalı olan “Tor -M2KM” zenit-raket kompleksləri Qarabağda gedən müharibə zamanı “pis nəticə” göstərib. Bu haqda Çinin hərbi tematika üzrə ixtisaslaşmış “Sina” portalı yazır.

Bildirilir ki, bundan əvvəl Suriyada sınaqdan keçirilmiş “Tor” kompleksləri Qarabağda tamamilə qeyri-effektiv olub. Azərbaycan ordusu Ermənistanın Rusiyadan aldığı beş belə kompleksi məhv edə bilib.

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri vəzifəsindən istefa verən general Movses Akopyan baş nazir Nikol Paşinyanı Rusiyadan daha çox “Tor” kompleksləri almamaqda, nəticədə Qarabağda hava məkanının yetərli müdafiəsini təmin edə bilməməkdə günahlandırmışdı. General Movsesin fikrincə Ermənistan Rusiyadan Su-30SM qırıcılarını döyüş sursatlarsız almaqdansa həmin pula iki diviziyon “Tor” kompleksi almalıydı.

Lakin Movses bunu nəzərə almırdı ki, Azərbaycan ordusu nəinki “Tor” zenit-raket komplekslərini, eləcə də Ermənistanın silahlanmasında yer alan bütün S-300 zenit-raket komplekslərini məhv edib. Həmin komplekslər döyüş mövqeyinə çıxarılan kimi Azərbaycan ordusu onlara ya “Bayraktar” pilotsuz zərbə təyyarələrindən raket zərbəsi endirib, ya da yüksək dəqiqlikli kamikadze-dronları bu komplekslərə yönəldib. Nəticədə işğal altındakı ərazilərimiz üzərində hava məkanını qısa müddətdə açıb./Virtualaz.org