​Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçildi

Baxış sayı:
5905

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu sahədə Avropa Şurası ilə birgə işçi qrupları yaradılaraq məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, hakimlərin Avropada ən mütərəqqi və şəffaf seçim qaydası müəyyən edilib, məhkəmə sisteminin özünüidarə səlahiyyətləri ilbəil genişləndirilib.
Həyata keçirilən islahatlar zamanı Avropa Şurası və onun mühüm hüquq təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə sıx işgüzar əlaqələr qurulub. 2014-cü ildə CEPEJ-in plenar iclası ilk dəfə olaraq Strasburqdan kənarda - Bakıda təşkil olunub.
Hakimlərin seçimində ölkəmizin müsbət təcrübəsi CEPEJ tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə edilib. Həmçinin məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni unikal infrastrukturunun yaradılması sahəsində Azərbaycanın öncül dövlət olduğu vurğulanıb. Təsadüfi deyil ki, ötən il ölkəmiz məhkəmə sistemindəki uğurlarına görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub.
Ölkəmiz, həmçinin Komissiyanın işində fəal iştirak edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov uzun müddət CEPEJ-in Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsi üzrə Komitəsinin eksperti, qurumun Bürosunun üzvü və vitse-prezidenti kimi təmsil olunub. Azərbaycanın nümayəndəsi bir çox Avropa dövlətlərində məhkəmə sistemlərinin qiymətləndirilməsində yaxından iştirak edib, qiymətləndirmə qruplarına rəhbərliyi həyata keçirib, mötəbər beynəlxalq tədbirlərdə, habelə Avropa Şurasının müraciətləri əsasında xarici dövlətlərdə CEPEJ-in fəaliyyətini, xüsusilə ölkəmizin məhkəmə-hüquq sistemindəki müsbət təcrübəsini təbliğ edib, həmkarlarına aşılayıb.
Dekabrın 4-də CEPEJ-in Strasburqda keçirilən növbəti plenar iclasında qurumun prezidentinin, vitse-prezidentinin və Bürosunun iki üzvünün seçkisi keçirilib.
Məhkəmə islahatları sahəsində mütərəqqi nailiyyətlərimiz, habelə ölkəmizin Komissiyanın işində fəal iştirakı, səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, seçkilər nəticəsində Azərbaycanın nümayəndəsi Ramin Qurbanov CEPEJ-in prezidenti seçilib.
Azərbaycan Respublikasının 50-dən çox dövlətin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə köməklik edən və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in prezidenti kimi yüksək səviyyədə təmsil olunması dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir əyani təzahürüdür.