“Azərbaycan” Nəşriyyatının ərazisinin bir hissəsi satıldı –5 SOT TORPAQ SAHƏSİNİ İMİŞLİDƏN OLAN MÜŞTƏRİ ALIB

Bir neçə gün əvvəl Muxalifet.az saytında “Azərbaycan” Nəşriyyatının balansında olan obyektlərin və torpaq səhələrinin təcili olaraq satışa çıxarıldığı haqda məlumat vermişdik. Mötəbər mənbələrə istinadən qeyd etmişdik ki, “Azərbaycan” Nəşriyyatının balansındakı Abşeron rayon Xırdalan şəhərində yerləşən və böyük ərazisi olan kağız anbarı, həmçinin Xəzər rayonu Nardaran qəsəbəsində yerləşən 12 hektar topaq sahəsi, eləcə də nəşriyyatın inzibati ərazisinin bir hissəsi satışa çıxarılıb.
Onu da vurğulamışdıq ki, satış işləri ilə Ağabəy Əsgərovun ən yaxın adamları kimi tanınan “Azərbaycan” Nəşriyyatının mətbuat katibi Yeganə Qasımova və baş mühəndis Ləbib Ləbibov məşğuldur. “Mənbə deyir ki, son günlər deyilən ərazilərə bu şəxslərin iştirakı ilə müştərilər gəlib-getməkdədir. Hətta bu ərazilərin təcili satılması üçün qiymətdə kifayət qədər güzəştlər edildiyi də vurğulanır” – deyə yazıda qeyd olunurdu.
Xatırladaq ki, bundan öncə “Azərbaycan” Nəşriyyatının balansında olan və vaxtilə qısa müddətə Disko Klub kimi fəaliyyət göstərən “obyektin” satışa çıxarıldığı da bildirilirdi. Deyilənə görə, nəşriyyatda “iN” adlı Disko Klubun fəaliyyətinin qarşısı alındıqdan sonra bir neçə ay bu “obyekt” boş qalsa da, son vaxtlar “Azərbaycan” Nəşriyyatının rəhbərliyi buranı birdəfəlik satışa çıxarmaq qərarına gəlib.
Qeyd etdiyimiz kimi, hazırda sözügedən obyekt və torpaq sahələrinə xeyli sayda adam müştəri gözü ilə baxış keçirsə də, alqı-satqı ilə bağlı hər hansı razılaşma əldə olunduğu haqda bilgimiz yoxdur. Lakin əldə etdiyimiz başqa bir məlumat görə, Ağabəy Sultanovun alqı-satqı işini həvalə etdiyi şəxslər “Azərbaycan” Nəşriyyatının balansında olan başqa bir ərazinin behini alıblar.
Bu haqda redaksiyamıza etibarlı mənbələrdən informasiya daxil olub. Məlumata görə, “Azərbaycan” Nəşriyyatının arxasında yerləşən və qurumun balansında olan yataqxananın ərazisi artıq satılıb. Qeyd edək ki, söhbət 5 sotdan çox torpaq sahəsindən gedir. Mənbə deyir ki, sözügedən ərazi sotu 25 min manata İmişlidən olan müştəriyə satılıb.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Hurriyyet.org saytı "Azərbaycan" Nəşriyyatı ilə bağlı sensasion informasiya dərc etmişdi. Saytın yazdığına görə, yaxın günlərdə "Azərbaycan" Nəşriyyatının rəhbərliyində dəyişiklik gözlənilir. Hətta Hurriyyet.org mötəbər mənbələrə istinadən "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun tezliklə “Azərmətbuatyayım” firmasının rəhbəri Süleyman Salmanovla əvəzləyəcəyini bildirir.
Bütün bunlardan sonra “Azərbaycan” Nəşriyyatının balansında olan obyektlərin və torpaq səhələrinin təcili olaraq satışa çıxarılması bir sıra suallar yaradır. Maraqlıdır, vəzifəsini tərk etmək üzrə olan Ağabəy Əsgərov nəşriyyatın balansında olan obyekt və torpaq sahələrini tələm-tələsik sataraq, aradan çıxmaq fikrində deyil?!

Muxalifet.az

P.S. Qeyd edək ki, məsələ ilə bağlı "Azərbaycan" Nəşriyyatının rəsmi şəxsləri ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.