“Azərbaycan” Nəşriyyatının prezidentdən mənzil alan və idarənin ərazisini satışa çıxaran rəhbərləri

Bir neçə mənzili olmasına rəğmən Yeganə Qasımova və Ləbib Ləbibova ev verildiyi, Etibar Hümbətovun isə nəşriyyatın ərazisini İran vətəndaşına satmağa hazırlaşdığı bildirilir
 
Xəbər verildiyi kimi, iyulun 22-də - Milli Mətbuat günündə Azərbaycan prezidenti İlham Əliyev jurnalistləri və bu sahədə çalışan digər şəxsləri mənzillə təmin etdi. Prezidentin ev hədiyyə etdiyi 255 nəfərin içərisində “Azərbaycan” Nəşriyyatının rəhbər işçiləri da var. Bunlar Qasımova Yeganə Ağazəki qızı, Ləbibov Ləbib Rasim oğlu və Cəfərov Rauf Hüseynqulu oğludur.
Xatırladaq ki, dəyərli oxucularımız “Azərbaycan” Nəşriyyatı baş direktorunun 1-ci müavini Ləbib Ləbibovun fəaliyyəti ilə tanışdırlar. Belə ki, bir neçə həftə əvvəl “Azərbaycan” Nəşriyyatındakı obyektlərin icarəyə verilməsi və aylıq pullarının yığılması səlahiyyətinin Ağabəy Əsgərovun müavini Etibar Hümbətovdan alınıb, L.Ləbibovun oğluna həvalə edildiyi haqda yazmışdıq. Onu da qeyd etmişdik ki, bu pulların bir hissəsi nəşriyyat rəhbərliyindən gizlədilərək, mənimsənilir. Bu və digər səbəblərdən, kifayət qədər maddi imkanlara sahib olan Ləbib Ləbibovun “işdə olan nailiyyətləri” əsas gətirilərək mənzillə təmin edilməsi heç də ədalətli hesab olunmur.
O cümlədən, “Azərbaycan” Nəşriyyatının “uzaqvuran toplarından” olan Yeganə Qasımovanın da mənzilə ehtiyacı olmadığı çalışdığı kollektivdə çoxlarına bəllidir. Görünür, məhz bu səbəbdən də onun adının təqdim olunması nəşriyyatda narazılıq doğurubmuş.
Bu haqda bizə məlumat verən mənbə deyir ki, Y.Qasımova nəşriyyatda mənzilə ehtiyacı olan ən sonuncu işçilərdən olsa da, prezidentin ev hədiyyə etdiyi şəxslər sırasında onun adının olması yanlış bir seçim olub. Mənbənin sözlərinə görə, Yeganə Qasımovanın kifayət qədər maddi imkanı olduğu “Azərbaycan” Nəşriyyatında çoxlarına bəlli olduğu kimi, yaxın ətrafı onun hər həftə Mərkəzi Univermaqda (“ÇUM”) qızıl satışı ilə məşğul olan Rəşad adlı şəxsdən bahalı zinət əşyaları aldığından da xəbərdardır. İddia olunur ki, Y.Qasımova öz pullarını qızıla yatırmağa üstünlük verir.   
Odur ki, bu gün “Azərbaycan” Nəşriyyatının həqiqətən də mənzilə ehtiyacı olan əməkdaşlarını bir sual düşündürür: Yeganə Qasımova hansı xidmətlərinə görə, eləcə də Ləbib Ləbibov ona xidmət edərək hansı nailiyyətlərinə görə evlə təmin ediliblər?
Ən maraqlısı isə odur ki, “Azərbaycan” Nəşriyyatının rəhbər şəxsləri evlə təmin olunduğu bir ərəfədə, digər rəhbər şəxslər nəşriyyatın ərazisini satışa çıxarıb. Bu haqda əməkdaşımızı bilgiləndirən mənbənin dediyinə görə, söhbət Ağabəy Əsgərovun müavini Etibar Hümbətovdan gedir. Məlumata əsasən, E.Hümbətov bu yaxınlarda “Azərbaycan” Nəşriyyatının balansında olan 40 sot torpaq sahəsini İran vətəndaşı olan iş adamına satacağına söz verib. Hansı ki, həmin torpaq sahəsinin 1 sotunun qiyməti 50 min manata razılaşıdırılıb. Məlumata görə, Etibar Hümbətov hazırda bu alqı-satqı işini reallaşdırmaq istiqamətində çalışır və yaxında “Azərbaycan” Nəşriyyatının ərazisinin İran vətəndaşına satılacağı gözləniləndir.
Bütün bunlardan göründüyü kimi, “Azərbaycan” Nəşriyyatının rəhbər şəxslərinin işləri heç də pis getmir. Onlardan bəzilərinə prezident tərəfindən mənzil hədiyyə olunur, E.Hümbətov isə nəşriyyatın ərazisini qarış-qarış satmaqla məşğuldur.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.