“Azərbaycan” Nəşriyyatının balansında olan obyektlər və torpaq səhələri TƏCİLİ SATIŞA ÇIXARILIB

“Azərbaycan” Nəşriyyatının balansında olan, vaxtilə qısa müddətə Disko Klub kimi fəaliyyət göstərən “obyektin” satışa çıxarıldığı haqda bu ayın əvvəlində oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, nəşriyyatda “iN” adlı Disko Klubun fəaliyyətinin qarşısı alındıqdan sonra bir neçə ay bu “obyekt” boş qalsa da, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi buranı birdəfəlik satışa çıxarmaq qərarına gəlib. “Nəşriyyat daxilindəki etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata əsasən, son günlər satış məqsədilə Əmlak Komitəsi, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi və  real müştərilərin iştirakı ilə həmin yerə bir neçə dəfə baxış keçirilib. Buranın konkret olaraq neçəyə satıldığı haqda hər hansı bilgi əldə edə bilməsək də, yüksək məbləğdən söhbət getdiyi istisna olunmur” – deyə yazıda qeyd etmişdik.
Bu gün əldə etdiyimiz məlumat isə “Azərbaycan” Nəşriyyatının balansında olan obyektlərin və torpaq səhələrinin təcili olaraq satışa çıxarıldığını deməyə əsas verir. Belə ki, mötəbər mənbələrdən redaksiyamıza daxil olan bilgiyə əsasən, “Azərbaycan” Nəşriyyatının balansındakı Abşeron rayon Xırdalan şəhərində yerləşən və böyük ərazisi olan kağız anbarı, həmçinin Xəzər rayonu Nardaran qəsəbəsində yerləşən 12 hektar topaq sahəsi, eləcə də nəşriyyatın inzibati ərazisinin bir hissəsi satışa çıxarılıb. Məlumata əsasən, satış işləri ilə Ağabəy Əsgərovun ən yaxın adamları kimi tanınan “Azərbaycan” Nəşriyyatının mətbuat katibi Yeganə Qasımova və baş mühəndis Ləbib Ləbibov məşğuldur. Mənbə deyir ki, son günlər deyilən ərazilərə bu şəxslərin iştirakı ilə müştərilər gəlib-getməkdədir. Hətta bu ərazilərin təcili satılması üçün qiymətdə kifayət qədər güzəştlər edildiyi də vurğulanır.
Yeri gəlmişkən, bu gün Hurriyyet.org saytı da "Azərbaycan" Nəşriyyatı ilə bağlı sensasion informasiya dərc edib. Saytın yazdığına görə, yaxın günlərdə "Azərbaycan" Nəşriyyatının rəhbərliyində dəyişiklik gözlənilir. Hətta Hurriyyet.org mötəbər mənbələrə istinadən "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun tezliklə “Azərmətbuatyayım” firmasının rəhbəri Süleyman Salmanovla əvəzləyəcəyini bildirir.
Bütün bunlardan sonra “Azərbaycan” Nəşriyyatının balansında olan obyektlərin və torpaq səhələrinin təcili olaraq satışa çıxarılması çoxsaylı suallar doğurur. Maraqlıdır, hörmətli Ağabəy Əsgərov bu alqı-satqı işləri ilə sözügedən prosesin sürətləndirlməsinə çalışır, yoxsa neqativ halların qarşısına almaq niyyətindədir?
Bu və digər suallara yaxın günlərdə aydınlıq gətirməyə çalışacağıq.

Muxalifet.az

P.S. Qeyd edək ki, məsələ ilə bağlı "Azərbaycan" Nəşriyyatının rəsmi şəxsləri ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.