“Azərbaycan” Nəşriyyatında vəhhabilərin növbəti sexi aşkarlandı – “FORMULA -1” ÜÇÜN SİFARİŞLƏR HAZIRLANIR

İyunun 6-da Turaninfo.org saytında “Azərbaycan” Nəşriyyatında qısa müddətə fəaliyyət göstərən “iN” Disko Klubunun, eləcə digər çoxsaylı sexlərin video-görüntüsünü yaymışdıq. Qeyd etmişdik ki, nəşriyyatın baş direktoru Ağabəy Əsgərov rəhbərlik etdiyi qurumun binasında Disko Klubun və mətbuatdan kənar fəaliyyətin olduğu barədə məlumatları təkzib etsə də, bu video-görüntülər həqiqəti ortaya qoyur.
Dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, Turaninfo.org-da ardıcıl olaraq “Azərbaycan” Nəşriyyatındakı ciddi nöqsanlar, idarəetmədə qeyri-peşəkarlıq və işə əsaslı yanaşmamaq barədə məlumatlar dərc olunduqca, redaksiyamıza yeni-yeni informasiyalar daxil olmaqdadır. Hansı ki, bu dəfə saytımıza daxil olan məlumat daha ciddi faktları göz önünə sərir.
Mötəbər mənbənin verdiyi məlumata əsasən, uzun müddət “Azərbaycan” Nəşriyyatında icarəyə verilən obyektlərin aylıq pullarını Ağabəy Əsgərovun müavini Etibar Hümbətov yığırmış. Sonuncu isə uzun illər ərzində yığılan pulların bir hissəsini nəşriyyat rəhbərliyindən gizlədərək, şəxsi mənafeyini kollektivin və dövlətin maraqlarından üstün tutmuşdur.

Mənbə deyir ki, Etibar Hümbətov nəşriyyatın ən gəlirli sahəsi olan kağız işlərinə nəzarət edib və son vaxtlara qədər buradan külli miqdarda qazanc əldə edib. Bundan əlavə, o, icarədarlardan – mətbəələr, kağız sexləri, qapı-pəncərə sexləri, çörək-bulka sexləri, reklam sexləri, dəmir sexləri, dərzi sexi, mebel sexi, seyf-qapılar anbarından külli miqdarda pul toplayıb. Lakin hazırda Ağabəy Əsgərov tərəfindən Etibar Hümbətovun bu səlahiyyətləri götürülərək, nəşriyyatın digər “peşəkar” əməkdaşı Ləbib Ləbibovun oğluna həvalə edilmişdir.
Xatırladaq ki, vaxtilə “Azərbaycan” Nəşriyyatında Texniki İstismar Şöbəsinin rəisi vəzifəsində çalışan Ləbibov Ləbib Rasim oğlu 2015-ci ildə baş direktorun 1-ci müavini vəzifəsinə təyin olunub.
Görünən odur ki, L.Ləbibov indi də öz oğluna “gün ağlayır”...
Turaninfo.org saytının redaksiyasına daxil olan başqa bir məlumata əsasən, “Azərbaycan” Nəşriyyatında vəhhabilərin zərgərlik sexindən əlavə, ikinci bir sexi də fəaliyyət göstərir. Maraqlıdır ki, həmin sexin, ötən il olduğu kimi, bu il də “Formula -1” Bakı Qranprisi üçün oturacaqlar və digər sifarişlər həyata keçirdiyi bildirilir.
Turaninfo.org
P.S. Mövzunu araşdırırıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.