“Azərbaycan” nəşriyyatı, yoxsa Disko Klub? - ŞOK FAKT

Keçmiş deputatın oğlu “Azərbaycan” nəşriyyatının binasında Disko Klub açıb
 
Aprelin 29-da gecə saatlarında “Azərbaycan” nəşriyyatının ətrafında yaşayan insanlar böyük səs-küyə yuxudan oyanıblar. Bu zaman bəlli olub ki, “Azərbaycan” nəşriyyatının inzibati ərazisində yerləşən BMM-in arxasından güclü musiqi səsi gəlir. Sakinlər bunu “Azərbaycan” nəşriyyatının yeni bir Disko Klub layihəsi kimi qiymətləndiriblər. Və bu hal onlar arasında ciddi narazılıqla qarşılanıb.
Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumata əsasən, Xaçmaz rayonundan olan keçmiş deputatın oğlu (adı dəqiqləşdirilir - müəl.) “Azərbaycan” nəşriyyatından icarəyə yer götürüb, oranı kosmetik təmir etdirib və Disko Klub kimi işlətmək qərarına gəlib. Aprelin 29-da da çoxsaylı imkanlı gənclərin iştirakı ilə Disko Klubun açılışı imiş.
Bildirilir ki, bu tədbirdə iştirak etmək üçün əvvəlcədən biletlərin onlayn satışı təşkil edilib. Hətta Avropadan dicey qismində əcnəbi də gətizdirilib.
Mənbə deyir ki, bu qalmaqallı tədbirin sabahısı günü müvafiq dövlət qurumları tərəfindən baş vermiş biabırçılığın aradan qaldırılması ilə bağlı “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova ciddi göstəriş verilib.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan jurnalistlərinin doğma evi olan “Azərbaycan” nəşriyyatında baş verən ciddi nöqsanlar öncə idarəçilikdə cərəyan edən problemlərdən qaynaqlanır. Əlbəttə, bizim qeyd etdiyimiz çoxsaylı faktlardan yalnız biridir. Amma hazırda “Azərbaycan” nəşriyyatının cəmiyyətdə böyük problemə çevrilən “reket” jurnalistlərin yuvasına çevrildiyi və bir çox problemlərin məhz həmin binadan qaynaqlandığı da bəllidir. Bütün bunlar isə onu deməyə əsas verir ki, nə qədər “Azərbaycan” nəşriyyatının idarəetmə problemi olacaq, oradakı “reket” jurnalistlərlə bağlı qüsurların və digər neqativlərin aradan qaldırılması mümkün olmaycaq. Nəticədə bizim jurnalistikada mövcud olan problemlər də davam edəcəkdir.

Muxalifet.az
 
P.S. Əldə etdiyimiz məlumata əsasən, məlum Disko Klubu “Azərbaycan” nəşriyyatının Təsərrüfat Şöbəsinin müdiri, keçmiş polis əməkdaşı olmuş Etibar Hümbətov təşkil edib.
P.P.S. Mövzuya qayıdacağıq.