Azərbaycan nefti: lənət, yoxsa nemət?

Baxış sayı:
484

Leyla Əliyeva,
Oxford 
Universitetinin təhlilçisi

Azərbaycan hökuməti 20 sentyabr 1994-cü ildə altı ölkənin 10 neft şirkəti ilə dənizdə yerləşən Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsi haqqında müqavilə - hasilatın pay bölgüsü sazişi imzaladı. 

"Əsrin müqaviləsi" adlandırılan müqavilə milli sərhədlərdən çox uzaqlarda da hiss edilən təsirə malik olsa da, ölkə üçün faydaları və fəsadları ziddiyyətli idi.

Müqavilə nə barədə idi?

25 il əvvəl imzalanmış müqavilə ilə ilkin olaraq 30 ilə hesablanan, ehtiyatları 4 milyard barel həcmində qiymətləndirilən üç ofşor neft yatağının işlənməsinə 7,4 milyard investisiya qoyuldu. ARDNŞ-in payı və qonorarlar da daxil olmaqla, Azərbaycan hökuməti 80 faiz mənfəət əldə etməli idi.
Səhmlərin bölüşdürülməsi belə idi: 

  • ARDNŞ (Azərbaycan) -20%, 
  • BP (Böyük Britaniya) -17,127%, 
  • AMOCO (ABŞ) -17, 01%, 
  • LUKOIL (Rusiya) -10%, 
  • Pennzoil (ABŞ) -9, 82%, 
  • UNOCAL (ABŞ) -9, 52%,
  • STATOIL (Norveç) - 8, 563%,
  • MacDermott (ABŞ) -2,45%, 
  • RAMCO (Şotlandiya) - 2,08%, 
  • Türkiyə Dövlət Neft Şirkəti -1,75 %, 
  • Delta-Nimir (Səudiyyə Ərəbistanı) - 1,68%.

BP-nin icraçı direktoru John Brown müqavilənin imzalanma mərasimində demişdi ki, "investisiyalar Azərbaycan üçün yeni imkanlar açacaq və insanlar minlərlə iş yeri ilə təmin olunacaq. Bu, Azərbaycan tarixində ən böyük layihələrdən birinə çevriləcək".

Bu müqavilədən sonra dünyanın aparıcı neft şirkətləriylə Xəzərdəki digər yataqlar üzrə 31 beynəlxalq müqavilə bağlanıb.

Neftin nəqli marşrutunun seçimi heç də az əhəmiyyət kəsb etməyən beynəlxalq strateji bir qərar idi. Çünki bu qərar Qərb üçün təchizat marşrutunun diversifikasiyasını təmin edirdi və regionun güclü oyunçuları arasında antaqonizmə səbəb ola bilərdi.

Lakin xarici oyunçuların dəstəklədiyi güclü regional əməkdaşlıq və Azərbaycan və Gürcüstanın siyasi liderlərinin bacarığı sayəsində 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan marşrutunun açılış mərasimi keçirildi.

2017-ci il sentyabrın 14-də AÇG neft yatağının işlənməsində yeni mərhələ, ARDNŞ-ın operator qismində çıxış edən BP ilə 2050-ci ilədək təkmilləşdirilmiş hasilatın pay bölgüsü müqaviləsinin imzalanması ilə qeyd olundu. Həmin müqavələyə görə, ARDNŞ-ın layihədə payı 11% -dən 25% -ə artırıldı. 

Heydər Əliyev neft müqaviləsini imzalayarkən, 1994-cü il.

Geosiyasi şərait və Qərbin enerji təhlükəsizliyi

Soyuq müharibədən sonrakı dövrdə Cənubi Qafqaz etnik-ərazi münaqişələri, zəif dövlətlərin qeyri-sabitliyi və iqtisadi tənəzzül nəticəsində parçalanmış halda idi.

Regional güclərin və ilk növbədə, Rusiyanın ambisiyalarına görə dövlətlərin müstəqilliyinin möhkəmlənməsi üçün geosiyasi şərait əlverişli deyildi.

Məşhur təhlilçilər Fiona Hill və Pamela Jewett-in dediyi kimi, 1994-cü ilə qədər Rusiyada islahatların aparılması gözləntisi və onun yaxın xaric barədə davranışının dəyişəcəyi ilə bağlı ümidlər Qərbdə zəifləməyə başlayırdı və Rusiya getdikcə daha qabarıq şəkildə münaqişələrdə "parçala və hökmranlıq et" siyasətindən istifadə edirdi.

İki hədəfə - müstəqilliyin möhkəmləndirilməsinə və Qərbə inteqrasiyaya nail olmağa çalışan liderlər Rusiyanın bölgədəki hökmranlığına son qoyacaq strategiyalar hazırlamalı idilər.

Digər tərəfdən, xarici neft korporasiyaları 40-cı illərdən bəri Moskvanın nəzarəti altında olan Xəzərin zəngin ehtiyatlarına çıxış əldə etməyə çalışırdılar.

Yenicə müstəqil olan dövlətlər arasında bölüşdürülmüş Xəzərin zəngin ehtiyatlarına çıxış Qərb şirkətlərinə yeni resursları inkişaf etdirməyə, enerji təchizatlarını diversifikasiya etməyə və ambisiyalı postsovet Rusiyası və ABŞ sanksiyaları altında olan İrandan asılılığı azaltmağa imkan verirdi.

Həm də resurslara nəzarət edənin bölgədəki hadisələrin inkişafına əhəmiyyətli təsir imkanına malik olmasına az şübhə var idi.

Sazişin bölgə üçün əhəmiyyəti nə idi?

Azərbaycanın Heydər Əliyevi 1994-cü ilin neft müqaviləsini imzalayaraq, ölkənin enerji resurslarından bölgənin mənzərəsini dəyişmək üçün istifadə etdi, Rusiyanın Xəzərdəki inhisarını qırdı və Qərbin bölgədə mövcudluğuna zəmin yaratdı.

Çoxları bu müqaviləni 1993-cü ildə Elçibəyin bütün Sovet bazalarını Azərbaycandan çıxarmasından sonra əhəmiyyətinə görə ikinci böyük hadisə sayır.

Enerji sahəsində atılan bu cür açıq-aşkar və yüksək riskli addımın rəhbərlik üçün müəyyən fəsadlar verəcəyi şübhəsiz idi. 

Həqiqətən də, Əliyev hakimiyyəti iki dəfə çevriliş cəhdləriylə sınağa çəkildi və o, fəhmli hakimiyyət texnologiyası sayəsində bu sınaqlardan uğurla çıxdı.

Bu, nəinki çoxdan gözlənilən investisiyalara yol açdı, həm də "böyük neftin" nəqli üçün Bakı-Tbilisi-Ceyhan marşrutunu çəkməyə imkan verdi.

Bu marşrutun, nəinki Qərbin enerji qaynaqlarını və marşrutlarını diversifikasiya etmək, həmçinin oxşar təhlükəsizlik riskləri və maraqları olan regionun üç dövləti - Türkiyə, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığı möhkəmləndirməyə imkan verən olduqca böyük iqtisadi və siyasi əhəmiyyəti var idi.

Bu, eləcə də tərəfdaşların qərbpərəst xarici siyasəti zəminini möhkəmləndirmiş oldu. Belə ki, həm Gürcüstan, həm də Azərbaycan NATO və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirdi.

Azərbaycan üçün əhəmiyyət nə idi?

Heydər Əliyev təcrübəli dövlət xadimi kimi, beynəlxalq münasibətlərin praqmatik mahiyyətini və enerji ehtiyatlarının siyasi varlıq kimi dəyərini dərk edirdi.

O, xarici siyasətini, müstəqilliyi bir neçə istiqamətdə möhkəmləndirmək vasitəsi kimi enerji qaynaqlarından istifadə edərək qurmuşdu.

Birincisi, müxtəlif xarici iştirakçıların "Əsrin müqaviləsi"ndəki iştirak paylarının nisbətən balanslı qaydada paylanması sayəsində dövlətlərdən heç birinin əsas resurslara, nəticədə siyasətə nəzarətdə böyük üstünlüyü olmadı, ikincisi, Rusiyaya yalnız 10 faiz pay verməklə Moskvanın resurslar üzərində əvvəlki inhisarına son qoydu və nəhayət, payların əksəriyyətini Qərb şirkətlərinə verməklə ölkənin inteqrasiyasının strateji istiqamətini göstərmiş oldu.

BTC

Balans siyasəti və bütün oyunçuların maraqlarını təmin etmək məqsədiylə layihəyə İranı da daxil etmə cəhdləri oldu, lakin ABŞ sanksiyalarına görə bu, gerçəkləşmədi. Heydər Əliyev müqaviləni imzalamaq üçün həm daxildə, həm də cəbhədə gücünü möhkəmləndirməli və sabitlik yaratmalı idi. O, tez bir zamanada Sürət Hüseynov kimi silahlı opponentlərin öhdəsindən gəldi, güc nazirliklərinə nəzarətini gücləndirdi və 1994-cü ildə Ermənistanla atəşkəs sazişi imzaladı.

Beləliklə, şirkətlər tərəfindən ödənilən 300 milyon dollarlıq bonuslar qonşu respublikalarla müqayisədə o qədər də sərt olmayan inflyasiya kimi keçid dövrünə xas olan iqtisadi problemləri həll etmək üçün istifadə edildi.

O dövrdə Qərb və payçılar Azərbaycanla "resurs lənəti"ndən yayınmağın yollarını - zəif institutları olan və yenicə müstəqil olmuş ölkələrdə neft ticarətinin bəzən bolluq əvəzinə yoxsulluğa aparması kimi təsirinin mümkün fəsadlarını, eləcə də Azərbaycanın Nigeriya yoxsa Norveç yoluyla gedəcəyini müzakirə edirdilər.

Bəs nə baş verdi?

Çoxmilyardlıq neft gəlirlərinə söykənən hakimiyyət tədricən fərdiləşdirildi və nəticədə rəhbərin ailə üzvləri aparıcı icra vəzifələr tutdular. Hazırda Azərbaycanı "Əsrin müqaviləsi"ni imzalamış Heydər Əliyevin oğlu İlham Əliyev idarə edir, onun həyat yoldaşı, Mehriban Əliyeva isə birinci vitse-prezidentdir.

1990-2000-ci illərdə güc inhisarı və neft ehtiyatlarının özəlləşdirilməsinə müqavimət siyasi plüralizmə ciddi nəzarət, əsas azadlıqların məhdudlaşdırılması və resurslardan asılı iqtisadiyyata söykənən "sabitliyə" gətirib çıxardı.

Beləliklə, Azərbaycan qeyri-sabit Nigeriya modelindən qaçsa da, Norveç modelindən də xeyli uzaqlaşmış oldu.

Neft zənginliyinə baxmayaraq, Azərbaycanın sosial göstəriciləri təbii resursları kasad olan qonşu ölkələr ilə müqayisədə aşağı enməkdə davam edir: Azərbaycanda aylıq nominal orta maaş 338, Ermənistanda 364 və Gürcüstanda 398 dollar təşkil edir.

Demokratiya göstəriciləri və azadlıqları sahəsində dünya reytinqində Azərbaycan siyahıların sonundadır.

Ölkə mətbuat azadlığı reytinqində 180 dövlət arasında 166-cı yeri tutub; bu ilki əfv fərmanlarına baxmayaraq, Şərq tərəfdaşlığı ölkələri arasında ən çox "siyasi məhbus" Azərbaycandadır və Freedom House təşkilatının qiymətləndirilməsində "azad olmayan ölkə" kimi qeyd olunub.

Neft gəlirləri hara gedib? İnfrastruktur, korrupsiya və nazir-oliqarxlar

Neft gəlirləri 1999-cu ilin dekabrında prezident Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanıb. ARDNF beynəlxalq tərəfdaşların tövsiyəsi ilə gələcək nəsilləri neft gəlirləri ilə təmin etmək və şəffaflıq üçün yaradılıb. 

Beynəlxalq ictimaiyyət bu təşəbbüsü, eləcə də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulmağı alqışlasa da, parlament, güclü media və vətəndaş cəmiyyətinin nəzarəti olmadığına görə, tezliklə onun məqsədləri yerinə yetirmədiyi aydın oldu.

İqtisadi ekspertlərin müşahidələrinə görə, xərclər istehsalı üstələyirdi, büdcə getdikcə daha çox ARDNF-in pul köçürmələrindən asılı vəziyyətə düşürdü. 2019-cu ilədək büdcənin yarısından çoxu (57-60%) neft gəlirlərinin hesabına maliyyələşdirilir.

Mərkəzi Bankın məlumatları göstərir ki, neft və neft məhsulları Azərbaycan ixracatının 91 faizini təşkil edir.

Renta iqtisadiyyatına malik digər neftlə zəngin dövlətlərdə olduğu kimi, Azərbaycanda da neft pulları xərc-mənfəət təhlili aparılmadan böyük infrastruktur layihələrə və ya nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə yönəldilib.

Bu sırada hər il keçirilən Formula 1 yarışını, 2012-ci ilin Eurovision mahnı müsabiqəsini, 2015-ci ildə Avropa Oyunları və bu kimi digər tədbirləri qeyd etmək olar.

Müxtəlif nazirliklərə paylanmış və əsasən tikinti layihələrində istifadə edilən gəlirlər məmurların zənginləşməsinə səbəb olan müxtəlif sxemlər vasitəsilə mənimsənilib. Bu, patronajlıq sisteminə söykənən hazırkı rejimin güc bazasını formalaşdıran məmurların zənginləşməsinə gətirib.

2018-ci ildə ölkə Transparency İnternational təşkilatının Korrupsiyanı Qavrama İndeksi üzrə 180 dövlət arasında 152-ci yeri tutub.

Nəticədə, ölkə misli görünməmiş iqtisadi artımı əhalinin rifahına çevirə bilməyib, onun təsiri bir dəstə zəngin nazir, sərt patronajlıq və repressiv aparatlara söykənən sabitliklə məhdudlaşıb. 

"Azərbaycan Camaşırxanası" iddiaları və Avropa Şurasındakı qalmaqalın göstərdiyi kimi, neft gəlirlərinin bir hissəsi Qərb elitasının və siyasətçilərin dəstəyini almaq üçün xaricdəki şirkətlər vasitəsi ilə yuyulub.

Qarabağ məsələsi

Təəccüblü deyil ki, ölkədə hakimiyyətə gələn hər bir lider resurslardan istifadə edərək öz strategiyasında milli təhlükəsizliyin ən mühüm məsələsini - qonşu Ermənistanın işğalı nəticəsində itirilmiş ərazi məsələsini həll etməyə çalışır.

Rəsmi hesablamalara görə, Azərbaycan ərazisinin təxminən 20 faizini itirib - Dağlıq Qarabağ muxtar bölgəsini və onun ətrafında yerləşən 7 rayonu.

Müharibə və işğal nəticəsində 1 milyonadək əhali qaçqın və məcburi köçkünə çevrilib.

Çıraq yatağıFotonun müəllifiBP-AZƏRBAYCAN

Hakimiyyətə gəldikdən sonra ərazi bütövlüyünü bərpa edə bilməyən Heydər Əliyev "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra fərqli strategiya seçdi.

Münaqişənin həlli üçün bölgədəki strateji tərəfdaşlarla birlikdə əsas enerji və infrastruktur layihələrinin hazırlanması, Ermənistanın onlardan kənarda qalması yolu seçildi ki, nəticədə, Ermənistan qonşusu ilə münasibətləri normallaşdırmağa sövq edilsin.

1997-ci ildə ATƏT-in Lissabon sammitində bu strategiya az qala uğur qazanmışdı, Dağlıq Qarabağ məsələsi üzrə səsvermədə Ermənistan təcrid olunmuş vəziyyətə düşdü, lakin o zamankı prezident Ter-Petrosyanın güzəştə getmək barədə xalqa çağırışı ona hakimiyyəti itirmək bahasına başa gəldi. Bunun əvəzində Ermənistan Rusiya və İranla ticarəti və əlaqələrini gücləndirdi, eyni zamanda da ABŞ və Avropadan ən çox yardım alanlardan biri oldu.

İqtisadi təcrid strategiyasının işləmədiyi aydın olduqdan sonra, neft gəlirlərinin axını hərbi büdcəni artırmağa imkan verdi, 2016-cı ilin aprel hadisələri isə təkmilləşdirilmiş hərbi texnika və ordunun səviyyəsini nümayiş etdirdi. Lakin bu hadisələr rəhbərliyin status-kvonu dəyişdirmək üçün siyasi imkanlarının məhdud olduğunu da nümayiş etdirdi.

Atəşkəs sazişinin imzalanmasının 25 ili tamam olan 2019-cu ildə ölkənin əsas təhlükəsizlik məsələsi həll olunmayıb və köçkünlərin hüquqları bərpa edilməmiş qalır. Bu, siyasi rəhbərliyin Qərblə inteqrasiya kursundan tədricən uzaqlaşmasının qismən nəticəsidir.

Azərbaycanın Qərblə enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik sahəsində fəal əməkdaşlığının qarşı tərəfdən oxşar öhdəlik və töhfə ilə qarşılanmadığı müşahidə olunub.

Qərblə təhlükəsizlik sahəsində əməkdaşlıq beynəlxalq sülhməramlı əməliyyatlar və enerji infrastrukturunun qorunmasından kənara çıxmayıb.

Bu günə qədər Qərbin enerji təhlükəsizliyində bir sıçrayış etmiş "Əsrin müqaviləsi"nin ölkənin əsas təhlükəsizlik məsələsinə birbaşa təsiri məhdud olub.

Nəticə

"Əsrin müqaviləsi" bölgə və Qərbin enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olsa da, onun ölkə üçün əhəmiyyəti ziddiyyətlidir.

İqtisadiyyatın sabitləşdirilməsi, infrastruktur və sənaye sektoruna qoyulan sərmayələrlə yanaşı, bu müqavilə xarici şirkətlərlə müqavilə bağlamış hakim elitanı gücləndirib və "resurs lənətinin" obyektiv təsirləri ilə yanaşı, o, güclü Sovet mirasının izlərini daşıyan hakim elitanın xarakterinin və baxışından da təsirlənib.

… Bu gün Azərbaycan ölkəyə gələn qonaqları görkəmli şəhər memarlığı, geniş magistral yollar, Zaha Hadid kimi memarların layihələşdirdiyi müasir binalar, incəsənət mərkəzləri və restoranları ilə heyrətləndirir.

Yerli sakinlərin əksəriyyəti üçün isə şəhər mərkəzinin parlaq təsiri qanunun aliliyinin olmaması, sosial ziddiyyətlər və yoxsulluq, azadlıqların olmaması və idarəçilərin özbaşınalığı ilə kölgələnir.

Sovet dövründən əvvəlki neft bumundan fərqli olaraq, bu dəfə binalar və körpülər qurulub tikildi, ölkənin liberallaşmasına və çiçəklənməsinə töhfə verəcək Tağıyev və digərləri kimi şəxslər ortaya çıxmadı.