AZƏRBAYCAN NARKOBARONLARIN HƏDƏFİNDƏ

Baxış sayı:
685

“Qara kabus”un müəllifi gizli tranzit marşrutlarından danışdı: “Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur...”

Son bir neçə gündə narkotiklərlə bağlı iki xəbər gündəmi zəbt edib. İrandan Azərbaycan ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən yoxlanılıb və 515 kq narkotik vasitə - heroin aşkar edilib.
Balakəndə isə Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçirilib. Evinin 1-ci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan 57 kiloqram 345 qram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu,1 ədəd soyuq silah hesab edilən beşbarmaq tipli bıçaq tapılıb. Əməliyyat tədbirlərinin davamı olaraq evin həyətyanı sahəsinə əlavə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə əkilərək aqrotexniki qaydada qulluq edilən 40 ədəd, laboratoriyadan isə 95 ədəd çətənə bitkisinin kolları müəyyən edilərək götürülüb.

Bu məlumatlar belə təsəvvür formalışdırır ki, ölkədə narkotiklərə böyük tələbat var. Və artıq narkotik istehsalı ilə məşğul olan mobil laboratoriyalar da peyda olmaqdadır.
Sabiq təhlükəsizlik zabiti, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən ekspert Arzu Nağıyev deyir ki, xəbərlərin ardıcıllığı çaşqınlıq yaratmamalıdır: “Heroin ağır narkotik sayılır və istehsalı əsasən Əfqanıstandadır. Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri yolu da illərdir ki, məlum yoldur. Bu axın Azərbaycanda  istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. Arada olur ki, Balkanlarda müharibə ilə əlaqədar narkotik marşrutları tez-tez dəyişir. Böyük narkotik partiyalarının tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub”.

Arzu Nağıyev hesab edir ki, Balakəndə narkolaboratoriya tutulması xəbəri bir qədər şişirdilib: “Əslində ortada kiminsə evində bir qaz plitəsinin üstündə marixuanadan, çətənədən istifadə edərək qaynatma yolu ilə daha yüngül narkotik hazırlayıb. Bu gün bazarda olan ucuz bir narkotik, yüngül bir narkotik istehsal edib. Ağır narkotiklərin istehsalı üçün lazım olan komponentləri əldə etmək bir qədər çətindir. Həmin komponentləri əldə etmək, onlardan istifadə edilərək narkotik istehsal etmək çətindir. İnandırıcı görünmür ki, kimsə kustar şəkildə buna nail ola bilər. Yəni Balakəndəki adı laboratoriya qoyulan kiçik otaqda alimlər, professorlar işləməyib ki, oranı laboratoriya adlandırsınlar. Ən primitiv yollarla narkotik istehsalından söhbət gedir”.
Arzu Nağıyev Balakəndəki kiçik otaqda narkotiklərin qaynadılması yolu ilə daha yüngül narkotik vasitə əldə edilməsi prosesinin tələbdən irəli gəldiyini düşünür: “Yəni realizə etmək imkanlarını öyrənib bazara uyğun mal çıxarıb. Amma çox da uzağa gedə bilməyib. Tələbat olmasa həmin şəxs o qədər narkotiki qaynadıb daha yüngül narkotik vasitələr əldə etməzdi. Yəni deyə bilər ki, bunu öz istifadəm üçün etmişəm, amma ona inanmaq çətindir”.
Ekspert deyir ki, son zamanlar Azərbaycan hüquq mühafizə orqanları narkotiklərə qarşı mübarizədə mühüm işlər görür: “Azərbaycan müstəqillik qazanandan sonra mənfur qonşularla müharibəyə cəlb edildi. Narkomafiyalar da əsasən gərginlik ocaqları olan ərazilərdəki separatçılarla əlbir işləyirlər. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal marşrutlarına dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilir. Ukrayna əraziləri də narkoticarətçilərin tranzit yollarına daxildir. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - ”Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçir: Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınır. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir".
Hər il dünya üzrə 10 tonlarla narkotik vasitələr məhz marşrutlar üzrə hərəkətdə olarkən tutulur. Bəs necə olur ki, belə vasitələr istehsal edilərkən, becərilərkən hüquq-mühafizə orqanlarının diqqətindən kənar qalır?
Arzu Nağıyev deyir ki, söhbət ikili standartlardan gedir: “Əfqanıstanı taliblər idarə edəndə orada ən az narkotik istehsal olunmuşdu. Sonradan Rusiya qoşunları orada olanda narkotik istehsalı az da olsa artdı. ABŞ və digərləri ora girəndən sonra isə narkotrafik həddən artıq çoxaldı. Əfqanıstanda narkotiklərin yetişdirilməsi geniş vüsət alıb. İnandırıcı görünmür ki, bu nəzarətsizlikdən irəli gəlir. Söhbət ikili standartlardan gedir. Bu gün Əfqanıstanda kənd təsərrüfatını dirçəldə, iqtisadiyyatı bir tərəfə yönləndirə bilsələr, ola bilər ki, narkotik becərilməsinin qarşısını ala bilərlər. Bunu etmirlər. Əfqanıstanlı, hansı ki, narkotik becərilməsi ilə məşğuldur, o, bu işdən imtina edən deyil. Çünki onun başqa qazanc yeri yoxdur”.
Onun sözlərinə görə, Əfqanıstanda narkotik becərilməsinin qarşısını almaq üçün yollar axtarılmır: “Bu gün Əfqanıstanda həmin qoşun kontingentinin yerləşdirilməsinin özəl səbəbləri var. Əfqanıstanda böyük litium yataqları var. Həmin yataqları ələ keçirmək üçün məqsədyönlü iş aparılır. Litium elektromobillərin yaradılması üçün əvəzsiz komponentdir. Dünya postneft dövrünə qədəm qoyandan sonra litium neftin yerinə keçəcək. İndidən həmin yataqların olduğu ərazilər ələ keçirilir və buna görə də Əfqanıstanda narkotik becərilməsinə göz yumulur. Düşünürəm ki, onların arasında razılıq, danışıq var. Başqa cür ola bilməz. Əfqanıstanda müharibə getdiyi dövrdə narkotik plantasiyalarının birinə də bir bomba düşməyib, dron-kamikadzelərlə hücum olmayıb. Bu təsadüfdür?”
Arzu Nağıyevə görə, dondurulmuş münaqişə zonaları da narkobaronların narkotranzit xəritələrində marşrutların keçdiyi ərazilər kimi qeyd olunur: “Dağlıq Qarabağ zonasında relyef də, dondurulmuş münaqişə də oradakı terrorçular, qanunsuz dəstələr də narkoticarət üçün münbit şərait yaradır. Düşünürəm ki, həmin ərazilərdə müəyyən laboratoriyalar da mövcuddur. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçib”.
Arzu Nağıyev düşmən ölkə rəhbərliyinin narkotranzitdən gəlir əldə etdiyini də vurğulayıb. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı “Dünya Narkotiklər hesabatında” bildirilir ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır.
Ekspert sonda bildirdi ki, Azərbaycanda narkotiklərlə mübarizə  bir qədər də kəskinləşdirilməlidir: “Narkotik böyük bəladır və ölkəmizi bu bəladan qurtarmaq üçün bütün səylər birləşdiriməlidir”.