​Azərbaycan millisi FİFA reytinqində 2 pillə gerilədi

Bu gün FİFA-nın milli komandalar reytinqi açıqlanıb.
Muxalifet.az-ın apasport-a istinadən məlumatına görə, ötən cədvəllə müqayisədə siyahıda bəzi dəyişikliklər qeydə alınıb.
 
Bu dəyişikliklərə səbəb DÇ-2018-in pley-off matçları, həmçinin yığmaların iştirakı ilə baş tutan digər qarşılaşmalardı. Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Yığmamız oktyabrdakı mövqeyini itirib.
 
Düzdü, hesabat dövründə heç bir matça çıxmayan komandamız 9 xal qazanmağa müvəffəq olub. Ötən ay açıqlanan cədvəldə hesabında 272 xalı olan yığmamız indi 281 xala malikdi.
 
Amma bu artım irəliləmək deyil, geriləməklə nəticələnib. Son siyahıda dünyanın 115-cisi olan millimiz bu dəfə 117-cidi. Üç komanda - KXDR, Qırğızıstan,  Bəhreyn milliləri xal hesablarını artırmaqla yığmamızı arxada qoyub. Əvəzində komandamız da Yəməni keçib.
 
Millimiz və “qonşular”ı
112 (114). Türkmənistan – 292
113 (108). Sent-Kitts və Nevis – 291
114 (132). KXDR – 283
115 (125). Bəhreyn – 282
115 (120). Qırğızıstan - 282
117 (115). Azərbaycan – 281
118 (116). Filippin – 280
119 (129). Namibiya - 274
120 (118). Ruanda – 269
121 (112). Yəmən – 268
122 (122). Yeni Zelandiya – 267
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də dəyişikliklər baş verib. Peru “onluğ”u tərk edibsə, İsveçrə ən yaxşılar sırasına yüksəlib. Sonuncular kimi İspaniya da irəliləyibsə, Polşa, Fransa və Çili isə geriləyib.
 
İlk “onluq”
1 (1). Almaniya – 1602
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1358
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (8). İspaniya - 1231
7 (6). Polşa - 1209
8 (11). İsveçrə - 1190
9 (7). Fransa – 1183
10 (9). Çili – 1162
 
Qonşu Türkiyə yığması siyahıda 9 pillə geriləyib. 42-ci yerə yuvarlanan “ay-ulduzlular”ın 735 xalı var.
 
Qeyd edək ki, FİFA növbəti cədvəli dekabrın 21-də açıqlayacaq.