Azərbaycan məhsulları Almaniyada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

Sabahdan Almaniyanın Köln şəhərində “ANUGA” beynəlxalq ərzaq sərgisi öz işinə başlayacaq. Oktyabrın 11-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 7400-dən çox şirkətin məhsulları nümayiş olunacaq.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hər il təqribən 160 min ziyarətçinin qatıldığı “ANUGA” beynəlxalq ərzaq sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavillionlarında “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunacaq. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin içkilərə dair pavillionunda Azərbaycan şirkətlərinin meyvə şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, qida pavillionunda isə meyvə, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş ediləcək. Ümumilikdə, Azərbaycan “ANUGA” Sərgisində 20-dən çox şirkətlə təmsil olunacaq.
Qeyd edək ki, “ANUGA” sərgisinə girişlərdə “Made in Azerbaijan”a dair reklam bannerləri yerləşdirilib. Sərginin ziyarətçilər üçün bələdçisində və kataloqunda isə “Made in Azerbaijan” reklam olunur. Bundan başqa, sərgidə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən videoçarxlar nümayiş olunur.
“ANUGA” beynəlxalq ərzaq sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunduğu sayca 4-cü sərgi olacaq. Bundan əvvəl ölkəmiz Dubayda keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində, Düsseldorfda təşkil edilmiş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində və Moskvada keçirilmiş “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendləri ilə çıxış edib. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına qarşılanır.