Azərbaycan məhkəməni uduzdu - Fransız jurnalistlərə

Baxış sayı:
5584

Apellyasiya məhkəməsi Azərbaycanın fransız jurnalistlərə qarşı defamasiya ittihamı üzrə işə baxılmamasına dair aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.
 
Azərbaycan hökuməti jurnalistləri ölkəni “diktatura” adlandırmaqla böhtana yol verməkdə günahlandırır.
AFP agentliyi yazır ki, beləliklə Versal Apellyasiya Məhkəməsinin sentyabrın 19-da çıxardığı hökm jurnalist Elise Lucet və France-2 telekanalının o vaxtkı xəbər direktoruna qarşı 2015-ci ildə hazırlanmış reportaja görə açılmış işə xitam verib.
Bu təhqiqat reportajında Azərbaycan “dünyanın ən amansız diktatorluqlarından biri…” adlandırılmışdı.
Apellyasiya Məhkəməsinin hökmündə deyilir ki, heç bir ölkə, o cümlədən də Azərbaycan difamasiya ittihamı ilə çıxış edə bilməz.
Elise Lucet bu məhkəmə qərarı barədə özünün Facebook səhifəsində yazıb:
"Azərbaycan bu gün Laurent Riçardın çox gözəl təhqiqatına qarşı apellyasiyanı uduzub. Sizi məlumatlandırmaq azadlığı qalib gəldi. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm".
​İfadə azadlığı fəalları Azərbaycanın fransız jurnalistlərə qarşı məhkəmə ittihamını senzuranın ixracı cəhdi adlandırmışdılar.
Bir il əvvəl keçirilmiş məhkəmə dinləməsində Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatı jurnalistlərin müdafiəçisi qismində çıxış edirdi.
Azərbaycandan olan bir jurnalist və insan haqları fəalları da müdafiəyə dəstək vermişdilər.