“AZƏRBAYCAN MƏDƏNİYYƏTİ REANİMASİYADADIR” – Ənvər Börüsoy: “Əbülfəs Qarayev çoxdan ictimai səhnədən uzaqlaşmalı idi”

Baxış sayı:
2209

“Hürriyyət” qəzetində uzun müddətdir ki, Mədəniyyət Nazirliyinin neqativ fəaliyyəti barədə araşdırma yazıları ilə çıxış edən taınmış yazar, sənətşünas Ənvər Börüsoyla söhbətimizdə son günlər bu qurumda baş verən hadisələrlə bağlı söhbətləşdik.

– Ənvər bəy, Mədəniyyət Nazirliyində nə baş verir? DTX-nın bu qurumdakı əməliyyatlarının arxasında nələr dayanır?

– İlk öncə bilmək gərəkdir ki, Almaniya, Yaponiya, Kanada, Fransa və İngiltərə kimi dünyanın inkişaf etmiş ölkələrində iki strateji nazirlik mövcuddur. Bu, mədəniyyət və təhsil nazirlikləridir. Onların ardınca iqtisadiyyat, maliyyə, vergi, ordu, təhlükəsizlik və digər nazirliklər gəlir. Biz uzun müddətdir Mədəniyyət Nazirliyinin yarıtmaz işini və orada keçmiş sovetlər birliyi dönəmindən miras qalmış “formalizm”in və inzibati amirlik metodunun tüğyan etməsi hallarını sərt şəkildə tənqid etdik. Sənət elə sahədir ki, orada istedadın yoxdursa, lazımsız əşya kimisən. Ona görə də sənətin sirlərini incəliyinə qədər bilən, istedadı ilə qəbul olunmuş bir şəxs kimi özünütəsdiq konsepti vacib şərtdir.
2006-cı ildən bu günə kimi nazirliyə rəhbərlik edən və ixtisasca ingilis dili müəllimi Əbülfəs Qarayev sənətdən uzaq kadrlarla işləməyi strateji hədəf olaraq görürdü. Ona görə də, çağdaş Azərbaycan mədəniyyəti reanimasiya çağını yaşayır.
 
– Bu, çox ciddi ittihamdır. Bu sözlərinizə görə, nazirlik sizi məhkəməyə verə bilər...

– Qoy versinlər. Biz görülən işlərə baxıb qiymət veririk. Nazirin müavinləri, şöbə və sektor müdirlərinin kimliyi dediyimiz faktları sübut edir. Əbülfəs Qarayev keçmişdəki sovet komsomol-partiya nomenklaturasının mirası olaraq çoxdan ictimai səhnədən uzaqlaşmalı idi. Onun mədəniyyət sahəsindən ümumiyyətlə başı çıxmır. 74 yaşlı müavini Sevda Məmmədəliyeva ixtisasca sosial fəlsəfə üzrə alimdir. Çox sanballı elmi araşdırmaları var. Ancaq, bunun incəsənətin inkişafı üçün heç bir önəmi yoxdur. Digər müavini, fizika-riyaziyyat sahəsi üzrə görkəmli alim Vaqif Əliyevdir. O, son 20 illik tariximizdə dövlətə xidmət edən ən saf məmurlardan biri kimi tanınır. Ancaq mədəniyyət siyasətimizin inkişafı ilə bağlı heç bir bağlılığı yoxdur. Digər müavini Rafiq Bayramov tarixçidir və mədəniyyət sahəsi üzrə anlayışı yoxdur. Əbülfəs Qarayev Gənclər və İdman naziri olduğu zaman birgə çalışıblar. Ona görə də mədəniyyət naziri təyin olunan kimi bəzi kadrları da idmandakı kimi “transfer” edib. “Transfer kadrlar”dan biri də incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynovdur. İxtisasca tarixçi olan bu adamın teatr, kino, musiqi və rəssamlıq sahəsindən anlayışı yoxdur. Əbülfəs Qarayev başda olmaqla nazirliyin kadrları inzibati amirlik metodu ilə mədəniyyət siyasəti yürütməkdən savayı heç nə bilmirlər.

– Nəyə əsasən bu fikirdəsiniz, əlinizdə əsaslarınız var?
 
– Əlbəttə var. Özü də yetərincə. Misal üçün teatrlarımızı örnək göstərə bilərəm. Ölkə prezidenti İlham Əliyevin Milli Teatrımzla bağlı xüsusi sərəncamı ilə 2006-cı ildən hər il 10 mart “Milli Teatr Günü” kimi qeyd edilir. Prezidentin imzası ilə 2006-cı ildə 222 saylı IIIQ “Teatr və teatr haqqında dövlət qanun təsdiq olunub. Bütün bunlar azmış kimi, prezident 18 may 2009-cu ildə “Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 277 saylı sərəncam imzalayıb. Bu iki mühüm qanuna və dövlət proqramına indiyə kimi əməl olunmayıb. Tiflis və Dərbənd Azərbaycan Dövlət Teatrları öz binasına sahib deyillər. Yeni nəsil dramaturqların, rejissorların, aktyorların və s. yetişməsi üçün şərait yaradılmayıb. Teatrların nəzdində bunu həyata keçirmək üçün “Teatr Studiyaları” yaradılmayıb. Füzuli, Qazax, Ağdam, İrəvan və digər teatrlar “dram dərnəyi” səviyyəsinə endirilib. Bu sahəyə rəhbərlik edən İsmayıl Hüseynov tarixçi olduğu üçün, teatr aləmində hər hansı bir uğurdan söz ola bilməz. O, eynilə Əbülfəs Qarayevin siyasi baxımdan ənənəsinin davamçısıdır. Belə ki, teatr haqqında qanunlara tüpürərək əndrabadi “direktor teatrı” siyasətini yürüdür. Halbuki, teatrlara nazirlik tərəfindən təyin olunan direktorlar vaxtilə istedadı olmayan aktyorlardan təşkiil olunub. Ona görə də bu kadrlar özlərini təsdiq etmək və gözə soxmaq üçün yaradıcılıqla deyil, inzibati amirlik metodu ilə fəaliyyət göstərirlər. Beləliklə istənilən teatrda neqaitv hallara yol açılır. Elə teatr tapmaq olmaz ki, orada onlarca sayda “ölü canlar” olmasın. Dövlət büdcəsindən ayrılan vəsait direktorların sayəsində “ölü canlar”ın adı altında mənimsənilir. İsmayıl Hüseynovun inamıram ki, bunlardan xəbəri olmasın. Halbuki, biz neçə illədir yazırıq ki, teatrlarda direktorun vəzifəsi bilet satmaq və digər təsərrüfat işlərinə nəzarət etməkdir. Ancaq nazirlikdə bu sahəyə sorumlu olan İsmayıl Hüseynovun apardığı siyasətin nəticəsində rejissor, dramaturq və aktyorların hüquqları əllərindən alınaraq, istedadsız direktorlara həvalə edilib. Ona görə də teatrlarda sənət uğurları yaranmır, istedadlar parlamır.  
  
– Problemlər bütün bunlarla bitirmir?...

– Mədəniyyət Nazirliyinin balansında olan çoxsaylı kino-teatrlar, mədəniyyət evləri və sarayları, klublar, kitabxanalar və digər sahələr demək olar ki, iflic durumundadırlar. Hətta milli mədəniyyətimizin inkişafı üçün yerlərdə lazım olan bu ocaqların çoxu ləğv edilərək işabazlara verilib. Bakının tən mərkəzindəki “Azərbaycan” və “Vətən” kino-teatrlarının aqibəti hamının gözü qarşısındadır. Hər iki mədəniyyət ocağı alverxana mərkəzinə çevrilib. Dünyanın hansı şəhərində “Şəkil Qalereyası” varsa, ora mədəni dəyər baxımından hörmətli məkan sayılır. Bakıda, mədəniyyət nazirliyinin yerləşdiyi binanın arxasında “Səttar Bəhlulzadə adına Dövlət Rəsm Qalereyası” var idi. İki qatlı bu mədəniyyət ocağı hansısa işbaza satılıb və orada maşın alveri mərkəzi açılıbdır.
“Azırbaycan Prospekti”ndəki Rəsm Qalereyası “Türk Hava Yolları” şirkətinə aylıq 10 min manata icarəyə verilib. Əldə olunan paranın kimin cibinə axdığı da bəlli deyil. Belə siyahıların sayı yüzlərcədir. Rəssamlarımız faktiki olarzaq fəlakətli durumla üz-üzədirlər. Onlar fərdi sərgilərini açmaqda acizdirlər. Çünki onlardan tələb olunan icarə haqqının məbləğinə heç Paris, Berlin, London, Roma və Nyu-Yorkda belə rast gəlməzsiniz. 

– Belə çıxır ki, nazirliyin bütün sahələri iflic durumdadır…
 
– Əlbəttə. “Cəfər Cabbarlı adına Dövlət Kinostudiyası”na hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Nazirlikdə bu sahəyə sorumlu olan Cahangir Məmmədovun kəraməti ucbatından illərdir heç bir uğurlu film ərsəyə gləməyib. Hətta 10 dəqiqəlik sənədli və animasiya filmləri arasında normal bir əsərə rast gəlməzsiniz. Onun atası Azərbaycan monumental tətbiqi sənətinin və heykəltaraşlıq sahəsinin əvəzedilməz dahi sənətkarlarından biri olan Tokay Məmmədovdur. Ancaq, bu o demək deyil ki, Cahangir Məmmədov atası kimi dahidir. Məhz buna görə kino sahəsində qeyri-professional kadr kimi tanınan və xeyli müddət Müşfiq Hətəmov bu sahəyə rəhbərlik edib. Onun rəhbərliyi dönəmdə dövlət büdcəsi hesabına çəkilən filmlər lazımsız əşya, “maklatura” kimi arxivə atılıb. O zaman sual yaranır ki, bəs dövlət büdcəsindən milli kinomuzun inkişafı üçün ayrılan milyonlarla vəsait niyə mənasız bir şey kimi göyə sovrulub? Cavab birdir. Kinostudiya nazirliyin qeyri peşəkar və istedadı olmayan kadrların sayəsində belə bir duruma düşüb.
Nazirliyin balansındakı musiqi ocaqları da tamamilə bərbad durumdadır. Azərbaycan bəstəkarlıq məktəbinin bu gün çox böyük istedada malik olan, hətta dünya musiqi sənətini heyran qoya biləcək sənətkarları var. Aydın Əzimov, Cəmil Əmirov, Fərəc Qarayev, İsmayıl Hacıbəyov, Sərdar Fərəcov, Türkər Qasımzadə, Elnarə Dadaşova, İsmayıl Hacıyev, Rüstəm Rüstəmzadə, Səid Qəni, Elmir Mirzəyev, Ayaz Qəmbərli, Sevinc Kazımova, Vüqar Məmmədzadə, Röya Hüseynova, Nigar Əliyeva, Toğrul Salmanov, Natiq Muradxanlı və başqa istedadlı sənət xadimlərinin adlarını çəkmək olar. Min dəfələrlə təəssüflər olsun ki, onların yazdıqları simfonik əsərlərin adicə partiturası nazirlik tərəfindən çap olunmur. Ölkəmizdəki rəsmi orkestrlərin konsert proqramlarına daxil edilmir. Orta ixtisas musiqi məktəbləri demək olar ki, bərbad durumdadır. Nazirliyin xalq yaradıcılığı şöbəsi heç bir standarta cavab vermir. Halbuki, bu şöbənin hazırlayacağı proqramlar və proyektlər əsasında ildə ölkəmizə milyonlarla vəsait gəlir gətirmək olar. Ölkəmizdə son illərdə turizm sektoru sürətlə inkişaf edir. Belə bir məqamda turizm sənayesinin canlanması üçün nazirlik tərəfindən hazırlanacaq layihələr bu prosesə böyük təkan verə bilər. Əgər paytaxt Bakıda mədəniyyət sahəsi bu qədər bərbad durumdadırsa, bölgələr tamamilə fəlakətli şəraitdədir. Ölkəmizin mədəniyyət sahəsinin kompleks şəkildə inkişafının düsturu mövcud qanunvericlikdə öz əksini tapıbdır. Mədəniyyət nazirliyi isə bütün bunları görməzlikdən gəlir.
 
– Bayaq söhbət zamanı qeyd etdiniz ki, Mədəniyyət Nazirliyin adı dəyişdirilərək, “İncəsənət Nazirliyi” qoyulmalıdır. Bunu nə ilə əsaslandırırsınız?
 
– İncəsənət mədəniyyətin bir sahəsidir. İqtisadi mədəniyyət, sosial mədəniyyət və sair adları da sadalamaq olar. İncəsənət nazirliyi dedikdə, konkretlik ortaya çıxır. O zaman hər yoldan ötən burada çalışa bilməz. İlk öncə sənət və istedadın uzlaşdığı, onların harmoniyasından yaranan anlayış önə çıxır. Bu gün Avropanın inkişaf etmiş dövlətləri etnofolk konsepsiyasına köklənən incəsənət sahəsinin inkişafını önə çıxarır. Qlobalizm dəyərləri altında əksər xalqlar milli kimliyini itirmək və ulusal   özümlülüyündən uzaq düşmək kimi təhlükəli qurumla üz-üzə qalıblar. Ünlü alman türkoloqu Mariya fon Gaben deyir ki: “Belə getsə, yaxın 50 ildə alman xalqı yer üzündən tamamilə silinə bilər. Çünki, qlobalizm bu bəlanın başında yer alır”. Azərbaycan milli özümlülüyünü inkişaf etdirmək istəyirsə, İncəsənətin inkişafına təkan verməli və bu sahəyə peşəkarlar cəlb olunmalıdır.

Ayxan İLDIRIMTÜRK,
“Hürriyyət”