“Azərbaycan əleyhinə siyasətin qarşısını almaq çox asandır”

Səhər Urmulu: “Hər bir soydaşmız gündə iki saatıını milli hədəflərimizə ayırsa, daha ciddi nəticələr əldə edə bilərik”

“Bizim xalq dünyanın ən mədəni xalqlarından biridir. Dövlət qurmaqda çoxlarından güclüyük. Bu gücə inanmaqla işğal altında inləyən torpaqlarımızı azad edə bilərik..”

Əslən Güney Azərbaycandan olan şairə Səhər Urmulu Türkiyənin Əskişəhər Universitetində təhsil almış və indi Kanadanın Vankuver şəhərində yaşayır. Onun Azərbaycan milli diasporu ilə bağlı təsəvvürləri demək olar ki, tamamilə fərqli bir biçimdədir. Səhər xanım bildirir ki, çağdaş informasiya texnologiyaları sayəsində milli diaspor məsələsinə daha yeni mərhələlərə üz tutulmalıdır. Bununla da internet texnologiyası əsasında aktiv və fəal şəkildə proseslərə təkan verə bilər.
–Səhər xanım, sizin diaspor haqqında fikirlərinizlə tanış oldu və bu düşüncələriniz çox maraqlıdır. Bunu bir qədər açıqlaya bilərsinizmi?
–Əlbətdə. Bildiyiniz kimi, indi facebook.com, twvitter və instagram kimi sosial şəbəkələr mövcuddur. Anındaca hər hansı informasiyanı paylaşmaqla çox geniş anlamda istənilən əlaqələri yaratmaq mümkündür. Türkiyədə təhsil aldığım dönəmdə bu yöndə həmin texnologiyaları öyrəndim. Bilirsiniz ki, İran adlı bir dövlət qapalı bir rejim siyasəti ilə idarə olunur. Ancaq, demokratiyaya üz tutan ölkələrdə isə bu belə deyil. Quzey Azərbaycanda iki dəfə olmuşam. Demək olar ki, Bakıda gördüklərim bizdən fərqli olaraq demokratik prinsiplərə cavab verir. Kim istəyirsə, öz internet səhifəsini, blogunu yarada bilir. Buna görə nə hökumət, nə də fərqli düzəndə təqiblərə məruz qalmır. Türkiyədə öyrəndiklərimi indi Kanadada çox asanlıqla həyata keçirirəm. Bizim Azərbaycan Türkü olmağımız hələ başlıca şərt deyil. Qürbətdə yaşayan soydaşlarımızı bir araya gətirmək və yeni texnoloji standartlarla uzlaşdırmağın hədəflərini ortaya qoymağa çalışıram. İndi bu yöndə təkcə Kanada deyil, başqa ölkələrdəki soydaşlarımızla onu tamamlamaqdayıq. Mən demək olar ki, yazdığım şeirlərimi internetdəki sosial şəbəkələrin vasitəsilə bütün soydaşlarımız arasında çox asanlıqla yayıram. Eləcə başqalarının fikir və düşüncələrini, Azərbaycan adlı mənəvi dünyamızın bir araya gəlməsində sınırları çox asanlıqla aşa bilirik.
–Sizicə, bu yöndə nə kimi addımlar atılmalıdır?
–Məncə modern texnologiyaları öyrənməklə yanaşı, dünyada Azərbaycan Türklərinə məxsus olan mədəni, ədəbi və ictimai dəyərlərin ənənlərini aşılamaqla daha geniş mənada işlər görə bilərik. Misal üçün, Almaniyada yaşayan bir soydaşımız, yəni Bədiə Parlaq “Azərbaycan milli mətbəxi” adlı bir sosial şəbəkə yaratmışdır. O, internetin sayəsində Güney və Quzey Azərbaycanın milli mətbəxini hamı ilə paylaşır, həm də onların reseptini belə qeyd edir. Bununla da hər kəs milli mətbəximizin haqqında geniş bilgilər əldə edir. Başqa bir soydaşımız İsveçdən “Güney Azərbaycanın Milli Hərəkat Tarixi” adlı sosial şəbəkə yaratmışdır. İndiki İran adlı ərazidə tarixin son min ili ərzində bölgənin hakim xalqı olmuş, bütün xalqların indiki demokratik təsisatlar tərəfindən qeyd olunduğu kimi, hüquq və azadlıqlarının pozulmadan, milli ayrıseçkilik fərqi qoymadan, hətta dini və irqi fərqliliklərə kölgə salmadan birlik və bərabərlik içində yaşamanın standartlarını məhz biz Türklər dövlət siyasəti olaraq həyata keçirmişik. İndi isə durum tamamilə fərqlidir. İrandakı rejim bütün xalqları inkar etməklə, onların milli hüquq və azadlıqlarına yasaqlar qoymaqla bəşəri mənada antihumanist yolu tutmuşdur. Bax beləcə hər kəs Güney Azərbaycanın və İran tarixinin yalnış olaraq, onun əsirinə çevrilir. Biz bununla yanaşı, artıq 25 ildir özünün dövlət bağımsızlığını böyük iradə sayəsində yaşadan Azərbaycan dövlətini, onun uğurlarını tanıdan bloglar da yaratmışıq. Qürbətdə beləcə hamı Azərbaycan dünyasının gerçəklərini anındaca öyrənə bilir.
–Bəs Azərbaycan dövlətinə qarşı aparılan siyasi və digər təbliğatların qarşısını necə, almaq mümkündürmü?
–Bu çox sadə və asan bir vasitədir. Yetər ki, hər bir soydaşımız gündə ən azından vaxtının iki saatını bu məsələlərə ayırsın. Mən demək olar ki, günün 4-5 saatını internetdəki sosial şəbəkələrdə paylaşımlarla keçirirəm. Qalan vaxtımı mütaliə və öz yazılarıma həsr edirəm. Beləliklə gündəlik Avstriya, ABŞ, Fransa, Almaniya, İsveç, Finlandiya, Norveç, Hollandiya, Avstraliya, Türkiyə, Danimarka, Belçika, İtaliya, Polşa, İsveçrə, Kuzey Kıbrıs, Macarıstan, Ukrayna, İspaniya, Portuqaliya və başqa dövlətlərdə yaşayan soydaşlarımızla paylaşımlarda bulunuram. Bizi birləşdirən virtual aləmdə o qədər sosial şəbəkələr var ki, onların vasitəsilə Azərbaycan məsələsini daim gündəmdə saxlayırıq. Təbii olaraq, yurd dışında fəaliyyət göstərən Türkiyə, Doğu Türküstan, Krım Türkləri, İraq və Suriya Türkmanlarına məxsus sosial şəbəkələrlə də əlaqələrimiz xeyli dərcədə güclənmişdir.
–Bəs nədən qürbətdə Türk Birliyi düzəninə bunca önəm verilir? Biz də uzun zamandır Bakıdan müşahidə edirik ki, yurd dışında yaşayan soydaş toplumlar bir araya gəlməyə daha çox üstünlük verirlər. Bunun sirri nədədir?
–Bir gerçəyi bilmək lazımdır ki, yurd dışında yaşayan Türk kökənli toplumlar bir araya gəldikdə bizim mücadiləmiz daha da böyüyür. Ötənlərdə ABŞ dövlət başçısının binası qarşısında “Tarixdə erməni soyqırımı olmayıb”, “Ermənilərin Türklərə qarşı apardıqları soyqırım siyasəti tanınmalıdır” və başqa tələblərlə keçirilən mintiqlərdə Azərbaycan Türkü olanlar daha fəal idilər. Hətta Türkiyənin dövlət bayrağını ermənilər bizimkilərin əlindən almaq istəyəndə daha böyük həyəcanlar yaşanıldı. Bu möhtəşəm xəbərlər  Türkiyədə yayıldıqda, hamı bir ağızdan “Afərin olsun Azərbaycan Türklərinə” dedi. Bu bilirsənmi nə qədər qürurverici bir olay olaya çevrildi? Sabah da Azərbaycan bayrağına qarşı hansısa bir həqarət olarsa, o zaman Anadolu, Doğu Türküstan və başqa Türk toplumları da ayağa qalxacaqlar. Öz içimizə qapılmaqla heç bir uğura imza ata bilmərik. Buna görə də informasiya texnologiyalarının yaratdığı imkanlardan maksimum dərəcədə faydalanmalıyıq. İndi əsas hədəflərimdən biri də yurd dışında yaşayan soydaşlarımız arasındakı alimləri, ziyalıları və müxtəlif peşə sahiblərini professional şəkildə bir araya gətirməklə apardığımız mücadilənin səviyyəsini qaldırmaqdır. Bununla yanaşı, Güney və Quzey Azərbaycan məsələlərini paralel şəkildə uzlaşdırmaq lazımdır.
–Bunun nə kimi faydası ola bilər? Gözləntiləriniz nədən ibarətdir?

–Çox haqlı sualdır. Hələ uşaq idim. Heç yadımdan çıxmaz. Bizim məhəlləmizdə bir kişi var idi. Atam onu heç zaman bəyənməzdi. Evdə bacı və qardaşlarıma da deyərdi ki, ondan mümkün qədər uzaq durun. Mən atamın bununla da nə demək istədiyini demək olar ki, heç anlamazdım. Orta məktəbin yuxarı siniflərində oxuyan zaman atamın nə qədər haqlı olduğunu başa düşdüm. 1991-1994-cü illərdə Ermənistan Azərbaycan dövlətinin ərazilərinə qarşı apardığı qanlı savaşlar, Qarabağın işğalı siyasəti dönəmində həmin adam Ermənistanla İran vətəndaşı kimi ticarət edir və bundan xeyli qazancı olurdu. Atam kasıb olmasa da, yağı ilə ticarət edərək var-dövlət sahibinə çevrilməyin əleyhdarı idi. Atamın belə bir addımı mənim üçün böyük bir qürur mənbəyidir. İndi çox şükrlər olsun ki, atamın bu ideyaları Güney Azərbaycanın hər yerində təqdir olunur. Bu dəyərlər sosial şəbəkələrdə daim təbliğ edilməlidir. Başqa bir örnək. Bizim qohumlardan biri Ukraynada çox dəhşətli bir hadisə ilə qarşılaşıb. Bakıdan Kiyevə yaşamağa gələn bir soydaşımız ermənilərlə şəxsi marağına görə ticarət əlaqələrinə görə çox yaxşı gəlir əldə edirmiş. O, həm də bizim soydaşlarımızın biznes sirlərini ermənilərə ötürürmüş. Bizim qohumumuz bunu Bakıdan gəlmiş digər soydaşlarımıza izah edəndən sonra, həmin adamı hər kəs ictimai qınaqla qarşıladı. Hətta bu məsələdə xəbərlər Bakıya kimi gedib çatdı. Sonra isə Bakıdakı qohumları ondan üz döndərdilər. Sosial şəbəkələrin bu mənada çox böyük önəmi vardır.
–Deməli, xaricdə yaşamaqla da öz doğma məmləkətinə xeyir vermək mümkündür.  
–Yetər ki, ruhunu, duyğularını və könlünü hər zaman vətən sevgisi ilə yaşatmağı bacara biləsən. Onu həyat normasına çevirəsən. Urmu gölünün qurudulması ilə bağlı bizim keçirdiyimiz aksiyaların çox böyük təsiri oldu. Sonucda Tehran rejimi, yəni hökumət bir sıra məcburi addımları atmağa məcbur oldu. Ötənlərdən fərqli olaraq, ermənilər artıq dünya çapında o qədər də fəal deyillər. Ermənilərin 1914-1918-ci illərdə Azərbaycanda, və Türkiyədə etdikləri dəhşətli cinayətlər sən demə Güney Azərbaycan, Orta Asiya, Quzey İraq və Suriyada da baş vermişdir. Bu tarixi gerçəkliklər indi-indi üzə çıxır. Biz də onları Türk Dünyasına yayırıq. Həmin toplumlar elə məhz buna görə də bizə dəstək verirlər. Tarixi taleyimiz bizləri birləşdirən ən böyük dəyərlərdən biridir. Ermənilər bu gün fərqli taktika ilə hərəkət etməyə başlayıblar. Onların zənginləri, ziyalıları və din xadimləri yaşadıqları ölkələrdə yerli hökumətləri, siyasi təşkilatları və vətəndaş cəmiyyətlərini irəli verməklə hədəflərini sərgiləyirlər. Bu çox qorxulu bir tendensiyadır. Ermənipərəstlik də məhz bu faktora bağlıdır. İndi ermənipərəst siyasət yürüdən qurumlara qarşı ayağa qalxmaqla onların fəaliyyətlərinin neytrallaşdırılması hərəkatını gündəmə gətirməyə çalışırıq. Sosial şəbəkələrdə məhz bu amilə xüsusi diqqət ayırırıq.
–Bakıya gəlməyi nə vaxta planlaşdırırsınız?
–Mən yaz mövsümünü çox sevirəm. Düşünürəm ki, gələn ilin yazında Bakıya gələcəm. İnsan ona ana qədər əziz olan yurduna gələndə elə bil ki, daha möhtəşəm bir güc yığır və onu qürbətə aparanda sanki gücünə güc qatılır. Bir də hər bir soydaşımıza tövsiyə edirik ki, heç olmazsa, ildə bir dəfə də olsun, tətillərinizi Azərbaycanda keçirin. Bunun fərqi yoxdur, Güneydə və ya Quzeydə. Əsas odur ki, Azərbaycanımızın havasını, onun lətafətli özəlliyi ruhunuzla bütünləşdirin. Bakı, Gəncə, Sumqayıt, Qazax, Bərdə, Şəki  və başqa bölgələrdə üzlərini görmədiyim, sadəcə sosial şəbəkələrdə tanıdığım, mənə çox doğma olan insanları canlı şəkildə görmək istəyirəm. Bizim nəslin uzantıları Qazaxa qədər gedib çıxır. Könlümdən əcdadlarımın uyuduqları torpaqları ziyarət etmək keçir.
–Bayaq çox haqlı olaraq qeyd etdiniz ki, internet vasitəsilə sosial şəbəkələrdə fəallıq göstərməklə də vətənə xidmət etmək olar. Bu təcrübədən çıxış edərək nələri tövsiyə etmək istərdiniz?

–Mən özüm də gənc olduğum üçün, gəncliyə üz tuturam. Özgə millətlərə sayğı göstərin, ancaq heç bir zaman öz milli kimliyinizdən uzaq düşməyin. Qürbətdə belə yaşamalı olsanız, Azərbaycan hər birimizin müqəddəs məkanıdır. O məkan hər birimizin inamının mayasıdır. Dünyada hər xalqın öz dövlətini qurmaq fürsəti olmur. Süni şəkildə yaradılan dövlətlərin də aqibəti uzun çəkmir. Azərbaycanı sevin. Bizim xalq dünyanın ən mədəni xalqlarından biridir. Dövlət qurmaqda çoxlarından güclüyük. Bu gücə inanmaqla işğal altında inləyən torpaqlarımızı azad edə bilərik.

Söhbətləşdi: Ə. Yusifoğlu, "Hürriyyət"