“Azərbaycan kişisi bu qədər biqeyrətdir ki, sən...” – Floranın yalanını ifşa etdi

Baxış sayı:
10624

“Əgər mən məhkəməni uduzmuşamsa, hanı qərar? Adam nə qədər yalançıdır. Belə yalanlar uydura-uydura, özü  haqqında yüksək fikirlər deyə-deyə efirdə  insanlara hipnoz sistemi ilə özünü sevdirdi. Özünün eyiblərini dedikdə tez məhkəməyə verir. Özü haqqında deyilənləri qəbul edə bilmir. Halbuki özü Afəti də, Röyanı da, Faiqi də, hamını söyür. Hamını əxlaqsız, tərbiyəsiz adlandırır”.  

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı məhkəməyə verdiyi jurnalist Ülviyyə Alovlu (Muradova Ülviyyə Niyaz qızı) deyib. Ü. Alovlu müğənninin qaldırdığı iddiaya məhkəmədə ümumiyyətlə baxılmadığını bildirib:

“Sənin özünü məhkəmələrə versələr, əmlakından heç nə qalmayacaq, ay adam. Sənə təhqirsiz sözümü dedim ki, bəsdir, qaça-qaça gedib məhkəməyə verdin, məhkəməni uduzmusan. Mən uduzmuşamsa, hanı kağızlar, sənədlər? Mən vəsadət qaldırdım ki, iddia yanlış iddiadır. Çünki Flora Kərimova mənə qarşı 2-3 maddə ilə xüsusi ittiham qaydasında cinayət işi açılmasını tələb etmişdi. Cinayət işi. Guya, mən onu adam öldürməkdə ittiham etmişəm. Elə gülünc ittihamlar idi ki... 

İnsan haqqında danışanda bir fikrinə baxarlar ki, doğurdan da burada belə bir iddia var, ya yox. Verdilər məhkəməyə, mən də vəsadət qaldırdım ki, burada nəinki ağır cinayət, ümumiyyətlə, cinayətdən söhbət gedə bilməz, məsələyə baxılmasın. Elə də oldu, məsələyə baxılmadı. Flora Kərimova özü də gördü ki, iddiasının əsası sıfırdır. Ondan sonra göndərdi ekspertiziyaya. Yəqin ki, ekspertiza cavabı da heç olub deyə, məsələ elə də qalıb havada. Əgər ekspertizadan cavab gəlsə idi ki, "Hörmətli Xalq artisti" sözündə təhqir var, o bizim gözümüzü çıxarardı. O cümlələrin heç birində nə təhqir, nə də ittiham var idi. Orada sadəcə polemika və ritorik suallar var. Bəlkə də, ritorik deyil, hər halda, jurnalistin sual vermək haqqı var və mən də orada sual verirəm, sual cümlələri ilə müraciət edirəm. Vannada şəkil çəkdirməyi özü bilir ki, şər deyil. Özünün PR üçün etdiyi işdir. Mətndə qeyri nədən danışmışamsa, hamısı öz dedikləri idi. Ona görə də onlara ilişə bilmədi. Əsassız iddia etdi ki, guya, mən onu insan öldürməkdə ittiham etmişəm. O da mətnin içərisində yox idi. Hakim də baxdı və dedi ki, bu məsələ açıla bilməz. 

Ondan sonra ekspertiziyaya göndərtdi. Əgər linqvistik espertiza rəy versə ki, bu cümlələrdə söyüş və ya ağır ittiham qaydasında nə isə var, ondan sonra işə bəlkə, baxılacaqdı. O da olsa idi, bizi yəqin ki, öldürərdi. Demək ki, yoxdur. Əgər doğurdan da ekspertizadan  belə bir  rəy gəlsə idi, 100 min kopya edib ətrafa səpələyərdi. O adamda problem var. O elə bilir ki, yalnız haqlı ola bilər, haqsız ola bilməz.

Ülviyyə Alovlu məhkəməyə gəlməməsi ilə bağlı da danışıb. “Ülviyyə qorxdu gəlmədi. Bir gün ondan qabaq “Xəzər TV”də mənəm-mənəm deyirdi. Alovla danışırdı ki, guya mən yalan danışıram, ona böhtan atıram. Deyirdi ki, “müğənnilər kimdir ki, öz fikirlərini deyirlər?” Çox tərbiyəsiz sözlər işlədirdi. Dünən isə gəlmədi, qorxdu. məhkəmə də məndən sənədləri aldı, təxirə düşdü. Bu cinayət işidir deyə, hazırlıq iclasına gəlməyəndə təxirə düşür. Çünki qarşı tərəf mütləq orada olmalıdır. Məhkəmə bildirdi ki, onun gəlişi mütləq təmin olunmalıdır. Yəni, artıq onu harda gördülərsə, qulağından tutub gətirmək lazımdır. Buna görə də məhkəmə təxirə salındı. Yenidən məhkəməmiz olacaq”, - deyə açıqlama verən Flora Kərimovaya tanınmış jurnalist cavab verib və onun yalan danışdığını iddia edib. Ü. Alovlu məhkəməyə qorxduğu üçün yox, ona bildirişlərin gəlmədiyi üçün getmədiyini deyib:

“Əslində, mən əks iddia ilə məhkəməyə müraciət edib, ona qarşı iddia qaldıra bilərdim. Çünki mənə bildirişlər gəlmədiyi halda, açıqlama verib deyib ki, "Yalan deyir gözünün içinə qədər". Mənə bildiriş gəlibsə, necə hörmətsizlik edib məhkəməyə gəlməyə bilərəm? Mən əgər səhvəmsə, məhkəməyə gec-tez gəlib çıxacam. Səhvəmsə, niyə gizlənirəm? Gülməli bir iddia idi. Mən onu məhkəməyə versəm ki, mediada mənim haqqımda "gözünün içinə kimi yalan deyir"  sözünü  deyib, təhqirə görə mən özüm onu incidə bilərdim. Amma yazığım gəlir. Adamın sənətindən əsər-əlamət qalmayıb, oxuduğu mahnıları da məlum oldu ki, özü oxumayıb. Ən azından Könül Arifqızı İTV- də  sübut etdi ki, "Tıq-tıq xanım" mahnısını o oxumayıb, başqa bir xanım oxuyub. Və bir neçə mahnı var ki, özünün adına çıxarır. Hansı ki, sadəcə kastinqə gedib, görünür, seçilməyib, seçilməməyinə baxmayaraq, qəbul edə bilmir. "Tıq-tıq xanım"ı o oxumayıb, amma  indiyə qədər iddia edir ki, o oxuyub. İndi sənəti yoxdur,  boş-boş dava ilə gündəmdə qalmaq istəyir. 

Deyir, məni Ajda Pekkanla, Bülent Ersoyla bir tutma.  "Diva" sözünü qəbul etmir. Mən məhkəmədə susdum. Mən qayıdıb orada deyə bilərdim ki, sən özünü onlarla bir tutursan? Onların türk dünyası boyda adları var. Sən diva sözünü qəbul etmirsən, bəs sən kimsən? Harada, haçan Azərbaycanı təmsil etmisən bizim xəbərimiz yoxdur?  

Məhkəmədə deyir, mən tək tankların qabağına çıxmışam. Hakimə hörmətsizlik olmasın deyə susdum. Durub deyərdim ki, tank qabağına çıxanların hamısı şəhidlər xiyabanında yatır, sən hardasan? Elə mənasız şeylər danışır...

Hamı bilir ki, sən o dövrdə hakimiyyətə gəlmək istəyənlərin yanında idin, ona görə ki, sənə Mədəniyyət Nazirliyi postu vəd edilmişdi. Bunu bütün Azərbaycan bilir. Hətta o səbəbdən Akif İslamzadə ilə küsülü idin, müharibə edirdin. Çünki ona da  haradasa söz vermişdilər. Və sən istəyirdin ki, o rejim yenidən qayıtsın, çünki o rejim qayıdar-qayıtmaz nazir olacaqdın, o postu sənə söz vermişdilər. Davan bu idi. Sən guya millət dərdi çəkənsən? 

Məhkəmədə çox gülünc şeylər danışırdı. Deyir, mən tək başına çıxmışam. Şəhidlər xiyabanında o cür oğullar yatır. Necə yəni sən tək çıxmısan? Azərbaycan kişisi bu qədər biqeyrətdir ki, sən qadın olaraq tək çıxmısan, heç kəs çıxmayıb?  Şəhidlər xiyabanı gənc oğlanların meyitləri ilə doludur. Hanı, sən hardasan? Sənə niyə bir dənə güllə yox, bir külək belə dəyməyib? 

Sənin başın mitinqlərdə döyülə-döyülə xarab olub, çünki müxalifətin mitinqlərində çıxış edirdin. O da ona görə ki, rejimə qarşı çıxırdın. Röya keçən dəfə dedi ki, bizi bütün günü indiki hakimiyyətə, rejimə qarşı qoyurdu. Ona görə İlhamə Quliyeva Heydər Əliyev haqqında xoş söz deyəndə, ona nifrət edirdin. Niyə? Çünki sənə sərf etmirdi. Sənə lazım idi ki, müxalifət hakimiyyətə gəlsin. Ona görə ki, sənə mədəniyyət naziri postu vəd edilmişdi. Sən nə vaxt millətin yanında oldun? Haçan, hansı kasıbın yanında oldun? Hansı şəhid ailəsinin yanına getdin, biz görmədik? Kimsən sən, niyə özünü qaldırırsan belə göylərə? Mənə görə bunlar çox gülüncdür, müğənni kimdir ki, çıxa əxlaq dərsi deyə? Necə ki, özü hay-küylə gedib məhkəməyə verdiyini yaymışdı, indi də çıxsın məhkəmənin sonu haqda  açıqlama versin”.

Qeyd edək ki, tərəflər arasında qalmaqala Flora Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!”, - deyə fikir bildirməsi və jurnalist Ülviyyə Alovlunun bu sözlərə sərt reaksiyası verməsi səbəb olub.