Azərbaycan jurnalisti Rusiyadan deportasiya olunur, KİVDF rəhbərliyi isə Moskvada görüşlər keçirir – SƏFƏRİN ŞOK PƏRDƏARXASI

Baxış sayı:
558

Rusiyada qanunsuz olaraq həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasov iyunun 25-də Azərbaycana deportasiya olundu. Dünən - iyulun 2-də Bakıda mətbuat konfransı keçirən jurnalist sifarişli həbsi və qanunsuz olaraq ölkəyə deportasiya olunması haqda şok faktları açıqladı. “Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır” – deyən jurnalist Rusiyada təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini vurğuladı.
Jurnalist mətbuat konfransında onu da bildirdi ki, müsadirə olunan əşyaları da geri qaytarılmayıb:  O bildirib ki, hətta telefonunun müsadirə olunması qeydiyyata belə alınmayıb: “Bütün əşyalarımı saxlayıblar və geri vermirlər”.

Fuad Abbasovun dünənki mətbuat konfransında verdiyi açıqlamalar və son günlər baş verən bəzi proseslər ortada bir sıra qaranlıq məqamların olduğunu deməyə əsas verir.  Bu məqamlara keçməzdən öncə qeyd edək ki, son vaxtlar Azərbaycan-Rusiya münasibətləri çox yüksək səviyyədədir. Əlbəttə, yaxın və uzaq keçmişdə baş verənlər ayrı bir yazının mövzusudur. Amma bu gün Azərbaycanla Rusiya arasında həm siyasi, həm iqtisadi, həm hərbi, həm mədəni, yəni bütün səviyyələrdə əlaqələrin yüksək səviyyədə olduğunu deyə bilərik. Belə olduğu halda isə ortaya bir sıra suallar çıxır. Məsələn, nə üçün Rusiyada Azərbaycan jurnalistinin başına bu cür oyunlar gətirilir, kobud şəkildə deportasiya olunur və s. Ruslar dövlət maraqlarımızı müdafiə edən F.Abbasova qarşı bu cür təzyiqlər nəticəsində Azərbaycanın bu ölkədən üz döndərməsindən çəkinmirlər? Yəqin ki, çəkinirlər, amma, görünür, Azərbaycan hakimiyyətindəki müəyyən qüvvələrin belə bir addıma imkan verməyəcəklərinə də əmindirlər...
Və yaxud başqa bir məqam. Tutaq ki, Rusiya özünün ənənəvi təzyiq siyasətini davam etdirməklə Azərbaycanı basqı altında saxlamağa çalışır. O halda Prezident Administrasiyasnın İctimai-siyasi şöbəsi başada olmaqla, Azərbaycan yetkili dövlət strukturları nə üçün Fuad Abbasovun qanunsuz olaraq saxlanılmasına və kobud şəkildə ölkəmizə deportasiya olunmasına yetərli reaksiya vermədi? Axı, rəsmi Bakının borcu idi ki, Rusiyanın hüquq mühafizə orqanlarına sorğu ilə müraciət etsin və nə baş verdiyi haqda Azərbaycan ictimaiyyətini məlumatlandırsın. Ən azı ona görə ki, azərbaycanlı jurnalistə qarşı təzyiqlərin arxasında ermənilərin durduğu ilk günlərdən bəlli idi.

Daha bir misal. 2017-ci il yanvarın 23-də “Lider” telekanalının müxbiri Anar Həsənov da Rusiyanın XİN başçısı Sergey Lavrova çətin sual verdiyi üçün işdən qovuldu və Azərbaycana qaytarıldı. Həmin vaxt da Azərbaycanda jurnalistikanın fəaliyyətinə cavabdeh strukturlar azərbaycanlı jurnalisti müdafiə etmədilər.
Görünür, Azərbaycan hakimiyyətində müəyyən qüvvələr hələ də Rusiyaya “böyük qardaş” kimi baxmağa davam edirlər. Bəs Rusiya necə, bizə “qardaşlıq” edirmi? Gəlin bir faktı nəzərdən keçirək. Bəlli olduğu kimi, Rusiyanın dövlət telekanallarında post-sovet məkanı, eləcə də Qafqazla bağlı mütəmadi olaraq tok-şoular, debatlar və digər verilişlər keçirlir. Təəssüf ki, rus dilini müəkkəmməl şəkildə bilən azərbaycanlı jurnalistlər bu verilişlərə dəvət olunmur, iştirak etmək istəyənlərin isə qarşısı müxtəlif yollarla alınır. Bütün bunların əskinə olaraq, erməni jurnalistlərin, politoloqların və siyasətşünasların bu verilişlərdə iştirakına geniş şərait yardılır, onlar burada Ermənistanın mövqeyini müdafiə edir və geniş auditoriyaya yalan məlumatlar da ötürürlər. Azərbaycanın müvafiq dövlət sturkturları isə bir çox hallarda yenə də susqunluq nümayiş etdirirlər. Üstəlik, Rusiyada Azərbaycanın dövlət maraqlarını müdafiə edən iki jurnalistimizin başına gətirilən oyunlara da göz yumuruq.

Bütün baş verənlərin fonunda bir fakt da diqqətimizi cəlb edir. İyul ayının 1-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəsətəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Azərbaycan jurnalistləri böyük tərkibdə Moskvaya yola düşüb, burada Rusiya tərəfdaşları ilə görüşlər keçirib.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, “AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.
Maraqlıdır, Fuad Abbasovun Rusiyadan kobud şəkildə deportasiya olunmasından az sonra Azərbaycanın “aparıcı jurnalistləri”nin Moskvaya səfər etməsinə nə ehtiyac vardı? Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyi üçün Rusiyadan qovulan jurnalistimizin başına gətirilən oyunlar onlar üçün heç bir əhəmiyyət daşımır? Yoxsa, bu səfər Azərbaycanlı jurnalisti deportasiya etdirən Rusiya rəhbərliyinə sədaqətin göstəricisidir ki, biz bütün hallarda sizinləyik?!
Muxalifet.az